Mahir aradüzəldənlər”

 

Fevralın 14-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında ispan dramaturqu Xose Eçeqarayın “Mahir aradüzəldənlər” əsəri əsasında hazırlanan tamaşanın premyerası olub.

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi səhnə əsərində “mərdi qova-qova namərd edərlər” kimi dramatik bir həll özünə hakim mövqe seçib.

Hadisələr XIX əsrin axırlarında Madrid şəhərində, Don Xulian adlı kübar bir insanın evində cərəyan etsə də, bu gün üçün reallıq payı daha çoxdur. Əsərin qəhrəmanlarının yaşadıqları cəmiyyətdə qeybət, iftiraböhtan insan həyatını məhv edir. Nəticədə qısqanc ər Don Xulian gənc arvadı Teodoranı ailənin yaxın dostu Ernesto ilə gizlin məhəbbətdə günahlandırır. Qohumlar da bu hadisələrdən öz maraqları üçün yararlanırlar. Pyes dramatik sonluqla tamamlanır, Don Xulian həlak olur.

Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı Söhrab Ərəbov, geyim üzrə rəssamı Elman Rəşidov, rəqslərin quruluşçusu Çingiz Novruzəliyevdir.

Rolları Əməkdar incəsənət xadimi Qəmər Məmmədova, Əməkdar artist İlqar Salamov, aktyorlar Xanlar Həşimzadə, Rəhim Qocayev, Sima Şabanova, Pərviz İsmayılov, Lalə Məmmədova, Akif Yusifov, Orxan Həmidli və Hüseyn Hüseynli ifa ediblər.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 6.