Təbriz səhnəsində Azərbaycan dilində tamaşa

 

Rumın dramaturq Ejen İoneskonun 1959-cu ildə fransız dilində yazdığı "Kərgədan" pyesi Təbrizdə ilk dəfə Azərbaycan dilində səhnəyə qoyulub. “Ayna” teatr qrupunun fevralın 12-də təqdim etdiyi əsər 10 gün teatrın səhnəsində nümayiş etdiriləcək.

Güneyli yazar və tərcüməçi Ülkər Ucqar (Münirə Əkbərpuran) tərəfindən azərbaycancaya çevrilən pyes rejissor Kamran Qurbaninin quruluşunda səhnələşdirilib.

Rejissorun sözlərinə görə, tamaşa Təbriz əhalisinin diqqətini dünyanın möhtəşəm teatr əsərlərinə cəlb etmək məqsədilə hazırlanıb: “Əsəri Azərbaycan dilində səhnəyə çıxarmaqla tamaşaçıların diqqətini cəlb edib, teatrdan uzaqlaşmış Təbriz əhalisini təkrar teatrla barışdırmağa çalışırıq”.

Məşhur əsərin Azərbaycan dilində səhnəyə qoyulması güneyli ədəbiyyatçı və sənətçilər tərəfindən sevinclə qarşılanıb. “Gözümüz yolda, qulağımız səsdə idi. Şükür, biz də kərgədanların azərbaycanca nəriltisini eşitdik,” - deyə azərbaycanlı yazar Ruqəyyə Kəbiri sevincini ifadə edib.

 

Nizamiqızı Həmidə

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 6.