Səndə tarixlərin çox nişanı var...

 

Naxçıvan Muxtar Respublikası - 90

 

Azərbaycanın bu qədim eli tarixlərin min illərdən bəri nişan verdiyi bir oğuz yurdudur. Şərqə açılan qapı, karvan yollarının kəsişdiyi məkan kimi ən qədim zamanlardan regionda hökmranlıq iddiasında olan dövlətlərin hədəfində olub.

 

Tarixin çətin sınaqları

 

Havadarlarının dəstəyi sayəsində Cənubi Qafqazda məskunlaşan ermənilər də, Azərbaycanın digər bölgələri kimi, bu torpağa da zaman-zaman göz dikiblər. Bu baxımdan 1918-ci il Naxçıvanın tarixində ağır sınaq dövrü oldu. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakını və digər bölgələri bolşevik-daşnak birləşmələrindən təmizləyib paytaxtda möhkəmlənməyə çalışdığı vaxtda erməni qüvvələrinin hədəf aldığı Naxçıvana lazımi kömək göstərə bilmirdi. Bu şəraitdə Kazım Qarabəkir paşanın başçılığı ilə Osmanlı ordusu Naxçıvana gələrək erməni quldurlarının törətdiyi qırğınların qarşısını almağa yardım etdi. Lakin Osmanlı dövləti I Dünya müharibəsində məğlub olduğuna görə bir neçə ay sonra türk ordusu Azərbaycan ərazisini, eləcə də Naxçıvanı tərk etmək məcburiyyətində qaldı. O zaman Kazım Qarabəkir paşa naxçıvanlılar qarşısında çıxış edərkən demişdi: “Naxçıvanın gələcək müqəddəratını təmin etmək üçün burada bir hökumət qurulması vacibdir. Şərqin qapısında, Naxçıvanda bir cümhuriyyət qurulmalıdır”.

Beləliklə, 1918-ci il noyabrın 3-də Naxçıvan qəzası, Ordubad dairəsi, Sürməli qəzası, Üçmüəzzin qəzasının bir hissəsi, Sərdarabad, İrəvan qəzasının bir hissəsi - Uluxanlı, Qəmərli, Vedi, Şərur-Dərələyəz qəzası, Mehri bölgəsinin daxil olduğu, sahəsi 8696 kvadrat kilometrə çatan Araz-Türk Respublikası yaradıldı. Tarixi zərurətdən yaranan respublika qısa müddətdə xalqın düşmənə qarşı mübarizədə birləşməsində mühüm rol oynadı. 1919-cu ilin yanvarında Naxçıvan ingilislər tərəfindən işğal olundu. Bölgədə ingilis general-qubernatorluğu elan edildi.

Əslində ingilislərin məqsədi Naxçıvanı Ermənistana vermək idi. Hətta bununla bağlı referendum da keçirilmiş, ancaq Naxçıvan əhalisi bunu birmənalı olaraq rədd etmiş, bu işdə ədib və ziyalılardan Əli Səbri Qasımov, Hüseyn Cavid, Xəlil ağa Hacılarov və başqalarının mühüm xidməti olmuşdu.

1919-cu ilin sonuna doğru yenə regionda böyük güclər nisbətinin nəticəsi olaraq bu dəfə ingilislər Azərbaycan ərazilərini tərk etdilər. Şimaldan işğalçı bolşevik qatarı Azərbaycana yaxınlaşmaqda idi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti devrildisovet hakimiyyəti quruldu. Azərbaycanın ardınca sovetləşən (dekabr 1920) Ermənistanın Naxçıvana olan iddiaları isə səngimədi. Bu zaman da Türkiyə öz qardaş dəstəyini əsirgəmədi. 1921-ci ildə Türkiyə ilə sovet Rusiyası arasında Cənubi Qafqazda sərhədlərə dair imzalanan Moskva müqaviləsi və ardınca Cənubi Qafqaz respublikalarının da imza atdığı Qars müqaviləsi Naxçıvanı muxtar bölgə (Zəngəzurun Ermənistana verilməsindən sonra Naxçıvan Azərbaycanın qalan ərazisindən ayrı düşmüşdü) olaraq Azərbaycanın ayrılmaz hissəsi kimi təsbit etdi. Naxçıvanın muxtariyyət statusunun əldə olunmasında görkəmli dövlət xadimləri Nəriman Nərimanov və Behbud ağa Şahtaxtinskinin müstəsna xidmətləri olub.

Sonrakı üç ildə muxtariyyətlə bağlı çoxlu müzakirələr getdi. 1923-cü il iyunun 16-da bölgə Naxçıvan muxtar diyarı elan edildi. 1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Naxçıvan Muxtar Respublikası yaradıldı. Ötən 90 il bölgənin tarixində mühüm inkişaf dövrü ilə yanaşı, çətin sınaqlarla da yadda qalıb. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq müharibəsi muxtar respublikanın taleyində sərt yellər əsdirdi. Naxçıvanın ölkənin digər regionları ilə əlaqəsi kəsildi. Blokadanın gətirdiyi məhrumiyyətlər ağır olsa da, görkəmli siyasətçi, ümummilli lider Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi sayəsində bu çətinliklər dəf edildi. Beləliklə, 1990-cı illərin ikinci yarısından etibarən, bütövlükdə Azərbaycanda olduğu kimi, muxtar respublikada da bütün sahələrdə dinamik inkişaf dövrü başlandı.

 

Mədəni irs

 

Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan materiallar, bəşər sivilizasiyasının ilkin beşiklərindən hesab olunan Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr sübut edir ki, Naxçıvan şəhərinin 5 min ilə yaxın yaşı var. Unikal iqlimi, təbii imkanları qədim zamanlardan Naxçıvana şöhrət gətirib, burada oturaq həyatı şərtləndirib.

XII yüzillikdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan möhtəşəm tarix-mədəniyyət yadigarları ilə zəngindir. Müsəlman Şərqində ilk dəfə qadının şərəfinə ucaldılan Möminə xatın türbəsi və Yusif Küseyiroğlu məqbərəsi və digər abidələr burada memarlıq sənətinin böyük inkişaf yolu keçdiyini göstərir. Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvani zəkasının izləri ölkəmizin hüdudlarından kənarda da özünü göstərmişdir.

Oğlanqala, I, II Kültəpə, Ovçular təpəsi, Xaraba Gilans. məkanlardan tapılan maddi mədəniyyət nümunələri bu qədim türk yurdunun zəngin etnik-mədəni sistemindən soraq verir. Ötən dövr ərzində muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə pasportlaşdırılıb. Nuh peyğəmbərin Naxçıvan şəhərində qəbirüstü abidəsinin, Culfa rayonundakı Xanəgah türbəsinin, Xalça Muzeyinin, Naxçıvan qalasının bərpası, Bəhruz Kəngərli Muzeyi, “Gəmiqaya” Tarix-Bədii Qoruğu üçün yeni binanın istifadəyə verilməsi və bu kimi işlər muxtar respublikada mədəni irsə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Bununla yanaşı, üç cilddəAzərbaycan folklor antologiyası. Naxçıvan folkloru”nun işıq üzü görməsi, “Naxçıvan tarixiçoxcildliyinin nəşri istiqamətində aparılan işlər bölgənin tarix folkloruna sanballı töhfələrdir.

Muxtar respublikada musiqi təhsilinin, teatrın inkişafı istiqamətində mühüm işlər görülüb. Naxçıvan şəhərində Ə.Cavid adına musiqi bədii sənətkarlıq, 3 nömrəli uşaq musiqi məktəbləri üçün yeni binalar tikilib. Həmçinin rayon mərkəzlərində kəndlərdə musiqi məktəbləri istifadəyə verilib.

Son illər Naxçıvan Dövlət Musiqili Dram Teatrı yüksək səviyyədə təmir olunaraq teatrsevərlərin ixtiyarına verilib. Teatrın səhnəsində dünya Azərbaycan ədəbiyyatının klassik müasir nümunələri səhnələşdirilir. Teatrın kollektivi regionlarımıza qastrol səfərlərinə gedir, xarici ölkələrdə mədəniyyətimizi layiqincə təmsil edir.

 

Turizm

 

Muxtar respublikada min illərdən boylanan maddi mədəniyyət nümunələri - Nuhun məzarı, Haçadağ, Əlincəqala, Möminə xatın türbəsi, Gülüstan qalası, “Darıdağ”, “Badamlı”, “Sirab”, “Vayxır”, “Şor sukimi mineral su mənbələri turistlərin diqqətini cəlb edəcək məkanlardır. Bölgədə müasir tələblərə cavab verən müasir turizm infrastrukturunun formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Burada dini turizmin inkişafında böyük rolu olan, “Haqqın ürəklərə daman yeri” - Əshabi-Kəhf ziyarətgahı xüsusilə İslam ölkələrindən olan turistlərin diqqətini cəlb edir. Həmçinin Duzdağ Fizioterapiya Mərkəzində yaradılan şərait, qədim duz sarayları sağlamlıq turizminin inkişafı üçün mühüm zəmindir. Müxtəlif ölkələrdən buraya üz tutan insanlar həm şəfa tapır, həm möcüzəvi aləmə düşürlər.

Şahbuz şəhərindən 20 kilometr məsafədə, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə istifadəyə verilən Ağbulaq İstirahət Mərkəzində turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Aparılan məqsədyönlü işlərin nəticəsidir ki, 2013-cü ildə muxtar respublikaya ölkəmizin bölgələrindən xaricdən, ümumilikdə, 370 mindən çox turist səfər etmişdir.

Bu günlərdə muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov Culfa rayonundakı Əlincəqala abidəsinin bərpası ilə bağlı sərəncam imzalayıb. Bu dillərə dastan qala-abidə bərpa olunandan sonra turistlərin sayına da müsbət təsir göstərəcək.

Naxçıvanda qurulan müasir infrastruktur burada beynəlxalq konfransların, sammitlərin keçirilməsinə imkan verir. Bölgə inkişaf etdikcə onun şöhrəti dünyanı dolaşır. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Naxçıvan şəhəri 2018-ci il İslam mədəniyyətinin paytaxtı seçilmişdir.

 

Fariz Yunisli

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 7.