Turizm şirkəti menecerləri üçün kurslar yekunlaşıb

 

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) turizm şirkətləri menecerləri üçün təşkil etdiyi treninqlər yekunlaşıb.

Bu barədə qəzetimizə məlumat verən AZTA-nın sədri Nahid Bağırovun sözlərinə görə, iki istiqamətdə reallaşdırılan kursların birinci istiqaməti fevralın 10-dan 14-dək davam edib. Kurslar turizm şirkətlərində bir neçə il çalışan menecerlər üçün nəzərdə tutulub: «Bu, təkmilləşdirmə kursları adlanır. Rusiyadan təcrübəli mütəxəssis dəvət etmişdik. Dinləyicilər üçün Azərbaycan müştərisinə və onun seçəcəyi istiqamətlərə uyğun proqram tərtib edilmişdi. Bu tip kurslar Azərbaycanda ilk dəfə həyata keçirilir. Kurs iştirakçılarına fərdi və VİP müştərilərlə işləmək qaydası, yaxtalara, aviareyslərə, xüsusi əyləncə turlarına, tibbi və sağlamlıq məkanlarında istirahətin öncədən bronlaşdırılması və s. qaydalar öyrədildi. Onu da qeyd edim ki, kurslarda bir neçə aparıcı şirkətin rəhbərləri, o cümlədən mən də iştirak etdim. Çünki öyrənmək hər zaman lazımdır. Həm də kursun aparıcısı olan çox təcrübəli mütəxəssis yeni istiqamətlər barədə məlumat verirdi. Bu istiqamətlər bizim bazar üçün hələ açılmayıb. Bundan əlavə, bu kurortlara turist aparmaq üçün əməkdaşlıq edə biləcəyimiz partnyor şirkətlər haqqında məlumat aldıq».

Assosiasiya sədri turizm şirkətlərinin kurslara böyük maraq göstərdiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, AZTA fam-triplər də keçirəcək. İyunun 1-dən 12-dək Maldiv adalarına birinci infotur təşkil ediləcək: «Bu, bir qədər fərqli infotur olacaq. İştirakçılar beşulduzlu hotellərdə qalacaqlar və hər biri ayrı-ayrı otaqlarda yerləşdiriləcək. Üstəlik, onların istirahətinə daha çox vaxt ayrılacaq, nəinki tədbirlərə. Sonrakı mərhələlərdə İtaliya kurortlarına da belə səfərlərin təşkili nəzərdə tutulur».

Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyasının Treninq Mərkəzi tərəfindən təşkil edilən digər kurslara turizm şirkətlərində yeni işə başlayan əməkdaşlar cəlb olunub. Yanvarın 22-də başlayan bu kurslar 3 həftə davam edib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 9.