Əsrin daş yaddaşında mənim də sözüm qaldı
“Daş
kitabələr mənim ömür
yoldaşım oldular. Hər bir kitabəni oxuduğum zaman tarix gözümün
önündə canlanıb”
Soyuq, şaxtalı qış günündə bir xanımın evini soraqlaşa-soraqlaşa Bakının Zabrat qəsəbəsinə gəlib çatıram. Qapını üzümüzə özü açır. Tanınmış epiqrafist alim, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova. 60 ildən artıq Azərbaycanı qarış-qarış gəzərək 2500-dən artıq daş kitabəni tədqiq etmiş, əsrlərdən yol gələn bu yazıları oxuyaraq, zamanın, ruzigarın pozduqlarını bərpa edərək tarixə çevirmiş yorulmaz elm xadimi. 60 illik fəaliyyətin nəticəsi kimi 10-dan artıq monoqrafiya, 200 elmi məqalə və 6 cilddə “Azərbaycan epiqrafik abidələr toplusu”nu Azərbaycanın tarixinə hədiyyə etmişdir. Məşədixanım Nemətovanın həyat və elmi yaradıcılığına səyahətimiz 1936-cı ildən başladı. Həmsöhbətim ömrünün səhifələrini bizimlə birlikdə vərəqlədi.
Həyat bizi sınayır
O, danışdıqca nağıl qəhrəmanlarının həyatını xatırladan əhvalatlar gözlərimin önündə canlanırdı. Onun keçdiyi həyat yolu iradə, dözümlülük məktəbidir deyə düşünürdüm.
- 1924-cü ildə dünyaya göz açmışam. Valideynlərimi erkən itirmişəm, həyatın çox çətinliklərindən keçmişəm. 1936-cı ildə kolxozlar yaradılarkən atamın əmlakını alıb kolxoza verdilər. Atam bu haqsızlığa dözməyərək vəfat etdi. Buna qədər anam da dünyasını dəyişmişdi. Böyük qardaşımın himayəsində böyüdük. Çox ağır dövr idi. Çətinliklərə baxmayaraq məktəbdən qalmırdım. Qardaşım hər səhər məni məktəbə aparar, özü isə zavoda işə gedərdi. 8 nəfərlik ailəni qardaşım tək saxlayırdı. Sonra müharibə başladı və 31 yaşlı qardaşım cəbhəyə getdi. Müharibədə həlak oldu. Ailənin yükü mənim üzərimə düşdü. Həmin illərdə o qədər ağrılı-acılı günlər yaşadıq ki... 1943-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum. Sonra yeni açılan şərqşünaslıq fakültəsindən xoşum gəldiyi üçün müəllimimiz Mir Cəlal Paşayevdən xahiş etdim ki, məni həmin fakültəyə keçirsin. Həm oxuyurdum, həm də işləyirdim.
İlk iş yerim tikiş fabriki olub. O vaxt artel deyərdilər. Tələbəlik illərimdə isə müəllimlərimin köməyi ilə Azərbaycan Radiosunun fars dili şöbəsində tərcüməçi kimi çalışmağa başladım. O vaxt makinada da yazırdım. Müharibədən sonra vəziyyətimiz yaxşılaşdı. 1948-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasına qəbul olundum. Aspiranturanı bitirdikdən sonra iki il işsiz qaldım. Sonra Tarix İnstitutunda işə düzəldim. 1954-cü ildə namizədlik, 1968-də isə doktorluq dissertasiyamı müdafiə etdim, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçildim. Bu da mənim qısa həyat yolum...
Deyirlər ki, epiqrafika tarixin ən çətin elm sahələrindən biridir. Epiqrafika üzrə mütəxəssisi heç bir universitet yetişdirmir. Bu elmlə məşğul olanlar dünyada barmaqla sayılacaq qədər azdır. Nə böyük xoşbəxtlikdir ki, belə nadir mütəxəssislərdən biri də Azərbaycanın payına düşüb.
“Həyat
yoldaşım mənimlə birgə kəndbəkənd gəzərdi”
- Heç bilmirəm, bu sahəyə marağım haradan yarandı. Vaxtilə fakültəmi dəyişəndə
heç ağlıma
gəlməzdi ki, epiqrafika ilə məşğul olacağam.
Azərbaycanın tarixi ərazilərini
qarış-qarış gəzib
abidələri öyrənmişəm.
Hara getmişəmsə, rəhmətlik həyat yoldaşım da mənimlə birlikdə gedib, mənimlə birgə kəndbəkənd
gəzərdi. Bir
gün mənə dedi ki, əl
çək bu işdən. Onda oğlum körpə
idi. Zarafatla dedim ki, qucağımdakı
bu körpə ilə səndən əl çəkərəm,
amma bu yoldan
yox. Bəzən mənim araşdırmalarıma
görə o da işdən öz hesabına məzuniyyət
götürərdi, mənimlə
bütün yerləri
gəzərdi. O vaxt
topladığım bütün
materiallar dərc olunurdu. Sovet dövrü olmasına
baxmayaraq heç bir material təhrif olunmurdu, heç bir fakt da
gizli saxlanmırdı.
Bu baxımdan problemlərim olmurdu.
O zaman Moskvada da işlərimi çox bəyənirdilər.
Çox işlədim, tariximiz, irsimiz üçün gərəkli olan materiallar topladım. Bu iş
elə idi ki, məndən başqa heç kim bununla
məşğul olmurdu.
Gəzdiyim kəndlərdə mənə dəstək olan əhaliyə minnətdaram. Həmin dövrlərdə
bütün rayonlarda mehmanxana, qonaq evləri yox idi. Bir çox hallarda
kəndlərdə gecələməli
olurduq. Kəndlərin əhalisi hər
zaman mənə kömək olub. Bu gün də
həmin illəri yada salanda o insanların mənə hörmət və köməyini razılıqla
xatırlayıram.
“Daşdan qızıl çıxarıram”
- Başıma çoxlu maraqlı hadisələr gəlib. Bir dəfə rayonların birində qəbir daşının üzərində işləyirdim. Yazıları köçürürdüm. Camaat da yığılmışdı dövrəmə. Dedilər, sən burda nə edirsən? Zarafatla cavab verdim ki, daşdan qızıl çıxardıram. Onlar da maraqla baxırdılar ki, görsünlər həqiqətən daşdan qızıl çıxacaq. Bir neçə saat işlədikdən sonra çantamı yığmağa başlayanda soruşdular ki, bəs qızıl necə oldu... Dedim qızıl çıxdı, amma siz onu görmədiniz. Əlavə etdim ki, mən bu işə görə dövlətdən maaş alıram, lazım olanı qədər xərcləyib qalanına da qızıl alacağam. Yoxsa qızıl belə asanlıqla çıxmaz ki...
Bir şeyə təəssüf edirəm ki, hazırda bu işlə məşğul olan yoxdur. Davamçılarım yetişmədi. Çünki çətin sahə idi. Öyrənmək istəyənlər də bir müddətdən sonra başqa sahələrə keçdilər. AMEA-da şöbədə işləyənlər var idi, amma onlar da işi yarımçıq qoyub getdilər. Bundan sonra bu işi davam etdirən olacaq ya yox, deyə bilmərəm, amma mən ömrümü bu işə həsr etdim. 60 ildir çöllərdə, kəndlərdə, necə deyərlər, külüng çaldım. Elə bir abidə qalmayıb ki, onu araşdırmayım. Daş kitabələr mənim ömür yoldaşım oldular. Hər bir kitabəni oxuduğun zaman tarix gözümün önündə canlanıb. Araşdırmalarım 6 cilddə çap olunub. Daş kitabələr yeni məsələləri açdı. Mənim araşdırmalarım nəticəsində çox sirlər üzə çıxdı.
Daşlaşan sirlərin sirdaşı
Tarixçi alim 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini gəzərək ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb, fars, türk dillərində daşlara həkk olunmuş daş salnamələrin səhifələrini vərəqləmiş, ölkəmizin iqtisadi-siyasi, sosial-mədəni həyatı, memarlıq, sənətşünaslıq, filologiya, İslam fəlsəfəsi - sufizm, toponimika, etnogenez və s. problemlərə dair tədqiqat materialları ilə Azərbaycan tarixşünaslığını zənginləşdirmişdir. Alimin çoxillik tədqiqatları nəticəsində aşkar olunmuş epiqrafik abidələr Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynayır.
Məşədixanım Nemətovanın əldə etdiyi xanəgah, ribat, müqəddəs məzar, zaviyə və s. abidələr üzərindəki kitabələr XII-XIX əsrlərdə Azərbaycanda mövcud olmuş sufi cəmiyyətlərinin, onların fəaliyyətinin xronoloji çərçivəsini və fəaliyyət dairəsini müəyyənləşdirmişdir. Kitabələrdəki bir sıra titul, ləqəb və rütbələrə əsasən Şirvanşahlar dövlətinin quruluşunu, idarə üsulunu müəyyənləşdirmək mümkün olmuş, eyni zamanda epiqrafik abidələrə əsasən bir sıra memarlıq abidələrinin təyinatı və tarixi dəqiqləşdirilmişdir.
Alimin ən maraqlı və tariximiz üçün önəmli olan kəşflərindən biri də bizə torpaq iddiasında olan bədnam qonşularımıza da tutarlı cavabdır. Buna sübut Zəngəzurun Urud kəndində 1961-ci ildə üzə çıxardığı XIV-XVII əsrlərə aid qoç heykəli və sənduqə formalı məzar daşlarıdır. İki abidə üzərində yazılmış “Avladi ağvan” - alban övladları sözləri Zəngəzurda yaşamış alban tayfalarının türk olduğunu və İslamı qəbul etməsini təsdiq edir. Abidələr üzərindəki qədim türk tayfalarına məxsus onqonların (tanrıların) - maral üzərində oturdulmuş ov quşları, Tibet yak öküzləri, şaman təsvirləri onların hələ İslamı qəbul etməzdən çox-çox əvvəl türkləşməsini göstərir. Onlar İslamı qəbul etdikdən sonra bir müddət qədim inanclarını saxlamış, sonra isə bu, onların təsviri sənətinə keçmişdir.
Məşədixanım Nemətovanın Urud kəşflərinə qədər tarixi ədəbiyyatda belə bir fikir mövcud idi ki, xristian olan alban tayfaları xilafətin Qafqaza yürüşü zamanı İslamı qəbul etməsinlər deyə qriqorian xaçını qəbul edib erməniləşiblər, gürcü xaçını qəbul edib gürcüləşiblər. Urud abidələri bu iddiaları və ümumilikdə tarixi ədəbiyyatda guya türklərin Qafqaza gəlmə olması barədə konsepsiyasını alt-üst etdi. Sübut olundu ki, türklər Qafqazın aborigenləridir.
Qeyd etmək yerinə düşərdi ki, alimin “Azərbaycan epiqrafik abidələri” toplusunun V cildi bütünlüklə bu gün Ermənistanın işğalı altında olan ərazilərimizin epiqrafik nümunələrinə həsr olunub. İşğal zamanı orada yerləşən maddi mədəniyyət abidələrimiz dağıdılıb. Bu kitab isə bu abidələri tarixdə yaşadacaq dəyərli mənbədir.
Məşədixanım Nemətovanın elmi fəaliyyəti ölkəmizdə və onun hüdudlarından kənarda yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə alim epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb. 2011-ci ildə Türkiyədə keçirilmiş “Qazı Kars şehrengizi” simpoziumunda türk-islam mədəniyyətinə xidmətlərinə görə mükafatlandırılıb.
Görkəmli alimin 90 illiyi AMEA-da qeyd olunacaq. Biz də bu yubiley
münasibətilə onu
ürəkdən təbrik
edir, ömrünü
həsr etdiyi daş kitabələr qədər möhkəm cansağlığı arzulayırıq.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 19
fevral.- S. 10.