“Doğu
Akdəniz Universiteti çoxmədəniyyətlilik
mərkəzidir”
“Dünyanın
75 ölkəsindən tələbələrimiz var. Azərbaycanlı tələbələrin
universitetimizdə təhsil alması bizim üçün xüsusi
əhəmiyyət kəsb edir”
Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdəniz Universiteti Avropa məkanında tanınan ali təhsil ocaqlarından biridir. Universitetdə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan tələbələr təhsil alır. Bu yaxınlarda ölkəmizdə səfərdə olan universitetin rektoru Abdulla Öztoprakla tədris müəssisəsinin fəaliyyəti, təhsil metodikası, Azərbaycanla əlaqələri barədə danışdıq.
- Abdulla bəy, əvvəlcə universitetin yaranma tarixi barədə məlumat verərdiniz.
- Ali məktəbin əsası 1979-cu ildə texniki kadr yetişdirən institut olaraq qoyulub. 1995-ci ildə Doğu Akdəniz Kolleci, 2004-cü ildə Doğu Akdəniz Universiteti (DAU) yaradılıb. Həmin tarixdən başlayaraq DAU qarşısına qoyduğu vəzifələri mərhələ-mərhələ reallaşdırmağa başladı. Bu gün ali məktəbdə 8 fakültə və 3 yüksək məktəb - Kompyuter və Texnoloji Yüksək Məktəbi, Turizm və Hotelçilik Yüksək Məktəbi, Tətbiqi Elmlər Yüksək Məktəbi fəaliyyət göstərir. Özünü beynəlxalq universitet statusunda təqdim edən hər bir ali məktəb üçün mühüm şərtlərdən biri xarici ölkələrdən tələbələrin təhsil almasıdır. Universitetdə 14 min tələbə təhsil alır, onlardan 4 mini Türkiyə və digər ölkələrdəndir. Ümumilikdə 75 ölkədən tələbələrimiz var və universitet əslində, bir çoxmədəniyyətlilik, multikulturalizm mərkəzidir. Burada Azərbaycan, Qazaxıstan, ərəb ölkələri, Avropa, Amerika və hətta Afrikadan tələbələr oxuyur. 5 min tələbənin yaşadığı yataqxana bir şəhərcik deməkdir və orada tələbələrə lazım olan hər cür şərait yaradılıb. Eyni zamanda dünyanın 200-dən çox universiteti ilə əlaqəmiz var.
- Universitetin diplomlarının başqa ölkələrdə tanınmasında bir problem yoxdur ki?
- Doğu Akdəniz
Universiteti Avropa Universitetlər Birliyinin üzvüdür. Bizim məzunlarımız Avropanın ən yüksək universitetlərinin
doktoru adını ala
bilirlər. Bu təhsil müəssisəsi
beynəlxalq arenada tanınan universitetlərdəndir.
Eyni zamanda dünyanın 20 min
aparıcı universiteti
arasında reytinq cədvəlində 1421-ci yerdə
dayanır. Universitet özünə
bu devizi seçib - "Beynəlxalq
karyera üçün".
Yəni
ŞKTC dövlət olaraq
Türkiyədən savayı
digər ölkələr
tərəfindən tanınmasa
da, universitetimizin diplomları dünyanın
hər yerində qəbul edilir və bu xüsusda
problemimiz yoxdur.
- Universitetinizdə 75 ölkədən
tələbə təhsil
alır. Maraqlıdır, azərbaycanlı tələbələrə hansısa
güzəştlər varmı?
- Öncə demək istərdim ki, Azərbaycanla əməkdaşlıq
və azərbaycanlı
tələbələrin Doğu
Akdəniz Universitetində
təhsil almaları bizim üçün xüsusi əhəmiyyət
kəsb edir. Bir neçə il öncəyədək
universitetimizdə oxuyan
azərbaycanlı tələbələrin
sayı elə də çox deyildi, 30-40 nəfər idi. Onların da əksəriyyəti
bizim dövlətin verdiyi təqaüdlərlə
təhsil alırdılar.
Hazırda təhsil ocağında
500-dək azərbaycanlı tələbə təhsil
alır. Sevindirici
haldır ki, ötən il
magistratura və doktor proqramları üzrə 19 azərbaycanlı
məzun oldu. Biz bu rəqəmin
daha da çox
olmasını istərdik.
Güzəştlərə gəlincə, DAU-da təhsil haqları ixtisas proqramlarına görə dəyişir. Amma biz müəyyən
göstəricilərə görə
bir sıra ölkələrdən, eləcə
də Azərbaycandan olan tələbələrə
təqaüd veririk.
Tibb fakültəsi istisna olmaqla digər bütün fənlər üzrə azərbaycanlı
tələbələrə 50 faiz təqaüd tətbiq olunur. Məsələn, mühəndislik fakültəsinin ödənişi
8500 dollardırsa, azərbaycanlı
tələbə bunun
yarısını - 4250 dollar ödəyir. Bu ixtisas
üzrə təhsil almaq yaşayış xərcləri ilə birlikdə azərbaycanlı
tələbəyə 1 il müddətində
8000 dollara başa gəlir. 600 bal toplayan azərbaycanlı tələbə isə təhsil haqqından azad edilir. O sadəcə yaşayış
xərclərini ödəyir.
Bu gün universitetdə
Azərbaycandan müəllimlər
də çalışır.
Hazırda onların sayı
14-ə çatıb.
- Azərbaycanın ali məktəbləri
ilə əməkdaşlıq
istiqamətində hansı
addımlar atılır?
- Universitetimizin Azərbaycan
Respublikası Təhsil
Nazirliyi ilə anlaşma memorandumu imzalanıb. Azərbaycan İqtisad Universiteti,
Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm İnstitutu ilə əməkdaşlıq edirik
və bu əməkdaşlıq çərçivəsində
qarşılıqlı səfərlərimiz
olur. Mən özüm də
Azərbaycana tez-tez gəlirəm. Bakıya ilk dəfə
1997-ci ildə gəldim.
O zaman rektor müavini idim. Dörd ildir ki, universitetin rektoruyam, hər il bir və ya iki
dəfə ölkənizə
səfər edirəm.
Azərbaycanı çox sevirəm,
burada özümü
öz ölkəmdəki
kimi hiss edirəm.
Hətta
bu dəfə Azərbaycana xanımımla
gəldim, Qobustana getdik və çox xoşuma gəldi. Təbii ki, buraya hər səfərimdə
universitetimizi tanıtmaq
üçün yerli
mətbuat nümayəndələri
ilə görüşürəm.
İstərdik ki, Doğu Akdəniz Universitetini Azərbaycanda daha yaxşı tanısınlar.
Ümid edirəm ki, tezliklə Azərbaycanda məzunlarımızın sayı
daha da artacaq
və yaxın gələcəkdə bu ölkədə Doğu Akdəniz Universiteti Məzunlar Birliyi yaradılacaq.
Mehparə Sultanova
Mədəniyyət.- 2014.- 19
fevral.- S. 11.