Uşaq incəsənət təhsilinə layiqli töhfə

 

Son illər mədəniyyət sahəsinə dövlətimizin diqqət və qayğısı uşaq incəsənət və musiqi məktəblərinin fəaliyyətində də özünü göstərir. Məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, tədrisin keyfiyyəti yüksəlir, istedadlı şagirdlərin səsi-sorağı beynəlxalq müsabiqələrdən, böyük musiqi salonlarından gəlir. Belə tədris ocaqlarından biri də paytaxtın Suraxanı rayonundakı 3 saylı uşaq incəsənət məktəbidir.

Məktəbin direktoru Dəyanət Quliyev bizimlə söhbətində tədrisdə əldə olunan nailiyyətlərdən söz açdı. Bildirdi ki, pedaqoji kollektivin peşəkarlığı, işə məsuliyyətli münasibət, nizam-intizam və yaradıcı mühitin nəticəsində təhsil müəssisinin adı qabaqcıllar sırasındadır: “2007-2013-cü illərdə məktəbin 40-dan çox şagirdi respublika üzrə müsabiqə və festivallarda diplom və fəxri fərmanlarla təltif olunub, 14 şagird beynəlxalq müsabiqələrdə laureat adını qazanıb. Şagirdlərimiz Polşa, Rusiya, Misir, Çexiya və Qırğızıstanda rəsm müsabiqələrində, Krımda (Ukrayna), Türkiyədə və Şimali Osetiyada (Rusiya) rəqs müsabiqələrində mükafatlandırılıb. Türkiyədə gənc ifaçıların (fortepiano) beynəlxalq müsabiqəsində və Estoniyada, ABŞ-da, Türkiyədə keçirilən vokalçıların müsabiqəsində uğurla iştirak edərək Qran-pri mükafatına, diplomlara layiq görülüblər”.

Həmsöhbətim qeyd etdi ki, məktəbdə Azərbaycanın tanınmış sənətkarları ilə mütəmadi görüşlər olur. Xalq artistləri Ağasəlim Abdullayev, Ağaxan Abdullayev, Fəxrəddin DadaşovZamiq Əliyev, bəstəkarlardan professor Oqtay Rəcəbov, Məmmədağa Ümidov, Əməkdar rəssam Qəyyur Yunusla görüşlər keçirilib. Məktəbdə həmçinin istedadlı pianoçu İslam Manafovun, skripkaçı Cəmilə Qarayusiflinin konsertləri təşkil olunub. Qnesinlər adına Musiqi Akademiyasının (Rusiya) dosenti A.Karpovun, Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyevanın, dosent Tofiq Bədirxanovun, professor Elmira Əliyevanın ustad dərsləri keçirilib.

Məktəbdə peşəkar müəllimlər işləyir. Onlar sabahın ixtisaslı kadrlarının yetişməsi üçün səylə çalışırlar. Təsadüfi deyil ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin keçirdiyi müxtəlif müsabiqələrdə 3 saylı uşaq incəsənət məktəbi “İlin ən fəal məktəbi”, “İlin ən fəal tədbiri” nominasiyalarının qalibi olub. Təhsil ocağının 5 pedaqoquİlin müəllimi” adına layiq görülüb. Məktəb Mədəniyyət və Turizm Nazirliyinin tədbirlərində fəal şəkildə iştirak edir.

Direktor yüksək səviyyəli tədrisin təşkili üçün yaradılan şəraitə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, məhz bu diqqət və qayğının nəticəsində 2006-2013-cü illərdə məktəbin 120-dən çox məzunu müxtəlif aliorta ixtisas təhsili müəssisələrinə daxil olub. Hazırda məktəbdə çalışan müəllimlərin əksəriyyəti məktəbin məzunlarıdır.

 

Təranə Cəbiyeva

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 11.