“Mən oxuyuram, yar yuxudan oyansın...”

 

Azərbaycanın və bütün Qafqazın konservatoriyası sayılan Şuşa ifaçılıq sənətimizə görkəmli xanəndələr bəxş edib. Hər məhəlləsindən, dalanından musiqi sədalarının yüksəldiyi bu məkanın yetirmələrindən biri də “Pəsxan Cəlil” adı ilə məşhurlaşan Cəlil Məşədi Süleyman oğlu olub. Onun məlahətli avazına, şirin ləhcəsinə vurğun olan şuşalılar Cəlili təkrar-təkrar dinləməkdən yorulmazmışlar.

Belə deyilir ki, şuşalı Qəssab Şəmirin 22 yaşlı oğlu Qaranın yaxşı at sürmək bacarığı ilə yanaşı, həm də gözəl tar çalmağı varmış. Xudmani məclislərdə Qara şirin çalğısı ilə Cəlili müşayiət edərmiş. Tarı “Segah” üstündə kökləyən kimi Cəlilin

 

Mən oxuyuram, yar yuxudan oyansın,

Məndə olan məhəbbətə inansın -

 

sözləri ilə başlanan avazına ətraf evlərdən “Var ol, sağ ol!”, “Sənə malım qurban!” sədaları eşidilərmiş...

Cəlil Məşədi Süleyman oğlu 1895-ci ildə musiqiçi ailəsində anadan olub. Atası el şənliklərində, qonum-qonşu məclislərində oxusa da, sonradan peşəkar musiqiçi olmaq istəməyib. Oğlu Cəlilin yaxşı təhsil almasını istəyir və onu mollaxanaya qoyur. O isə mədrəsə təhsili aldıqdan sonra təhsilini davam etdirmir, musiqiyə meyl göstərir. Qardaşı Mürsəllə birlikdə şəhərin toy məclislərində iştirak edir. Evdə tək olanda isə qavalını götürüb özü üçün çalıb-oxuyur. Şuşada hər il bir yeni hava, təsnif dəbdə olub. Gənc xanəndələr də təzə havanı öyrənməyə can atıblar. Cəlil də həmin havaları hamıdan əvvəl öyrənib oxumağa cəhd edir.

Məlahətli səsi, zəngulələri onu dinləyənləri valeh edir. Oxuduğu şirin el havalarına qulaq asan qonum-qonşu onun başına toplaşır: “Biroxu, bir də!” - deyirlər. O, ifaları zamanı özünü Şuşada ad-san qazanan məşhur xanəndələrə bənzətməyə çalışıb. Ən çox sevdiyi xanəndələr isə Malıbəyli Həmidlə Zabul Qasım olub. Həmidin “Yetim segah”ı onu hədsiz dərəcədə valeh edib. Öz üzərində çalışaraq onun ifasının guşə və xallarını yerli-yerində vurmağa cəhd edib, gələcəkdə Həmid kimi xanəndə olmaq arzusu ilə yaşayıb. Ən böyük arzularından biri də görkəmli xanəndə Cabbar Qaryağdıoğlunu dinləmək olub.

Cəlil 15-16 yaşında olanda atası onu özü ilə teatr tamaşalarına və toy məclislərinə aparır. 1922-ci ilin bir payız günündə atası ona deyir: “Hazırlaş, axşam səni böyük bir toya aparacağam. Oxuyan da sənin həsrətində olduğun Qaryağdıoğlu Cabbardı. Hələ deyirlər Seyid Şuşinski də gələcək...”

Cəlil peşəkar xanəndəliyə bir qədər gec - 30 yaşında başlayıb. Cəmi 20 il xanəndəlik edib. Lakin o qısa müddətdə gözəl oxumağı, zəngin repertuarı ilə xanəndəlik sənəti tarixində Pəsxan Cəlil adı ilə iz qoyub. O həmçinin el arasında Aşıq Cəlil kimi də tanınıb. Saz-söz yaradıcılığına, aşıq musiqisinə dərindən aşina olub. Şikəstə oxuyanda qoşma, müxəmməs və təcnislərə geniş yer verib. Cəlilin həm də şairlik təbi olub. Mənbələrdə onun qəzəl və qoşmalarının olduğu da bildirilir. Çox vaxt el şənliklərində öz qəzəl və qoşmalarını oxuyub. Təəssüf ki, ədəbi yaradıcılığından nümunələr günümüzə qədər gəlib çıxmayıb.

Cəlilin xüsusi musiqiçi dəstəsi olmayıb. Əksər hallarda tarzən Abasqulu ağa, qarmonçu Kərbəlayı Lətif və Yusiflə məclislər aparıb. Oxuduğu qəzəl və qoşmalar Qarabağ camaatı arasında dildən-dilə gəzib. O, “Bayatı-Qacar”in əvvəlində oxuduğu təsnifdə bu misraları deyərmiş:

 

Gəlin, gedək Xan bağına xəzələ,

Gözüm düşdü eyvandakı gözələ.

 

yaxud

 

Gəlin, gedək Daşaltına gəzməyə,

Ördək olaq o göllərdə üzməyə.

 

Görkəmli musiqişünas Firidun Şuşinski xatirələrində yazır: “Pəsxan Cəlil müharibə başlayanda (II Dünya müharibəsi - red.) Bərdəyə köçür. Bir müddət orada yaşayır. Onu son dəfə 1948-ci ilin payızında Bərdə şəhərində gördüm. O zaman mən universitetdə oxuyurdum. Bərdəyə “Şuşanın tarixi” haqqında mühazirə oxumağa getmişdim. Cəlil də dinləyicilər arasında idi. Mühazirədən sonra onunla görüşdüm. O, xəstə idi... İkinci dəfə (1950) Bərdəyə gələndə onu bir daha görmədim. Öyrəndim ki, Aşıq Cəlil 1949-cu ildə dünyasını dəyişib. Ömrünün son dəqiqələrində

 

Varımdı sinədə dərdi-qəmi-nihan ölürəm,

Fəda olum sənə, gəl, eylə imtahan, ölürəm.

 

deyib və gözlərini yumub...”

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 15.