Azərbaycanla Mərakeş arasında mədəniyyət və turizm əlaqələri müzakirə edilib

 

Əli Kəbiri: “Turizm sahəsində qazandığımız təcrübəni azərbaycanlı mütəxəssislərlə paylaşa bilərik”

 

Fevralın 20-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeş Krallığı parlamentinin Nümayəndələr palatasının xarici əlaqələr, milli müdafiə, İslam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə üzrə komitəsinin sədri Əli Kəbirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Əbülfəs Qarayev iki ölkənin dövlət başçılarının rəhbərliyi ilə Azərbaycan və Mərakeş arasında əməkdaşlığın, o cümlədən mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin də öz rolu var və Mərakeş parlament heyətinin Azərbaycana səfəri bunun göstəricisidir.

Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə daha çox ehtiyac duyulduğunu deyən nazir mərakeşli həmkarı ilə beynəlxalq tədbirlər zamanı keçirdiyi görüşlərdə bu istiqamətdə ətraflı fikir mübadiləsi apardıqlarını vurğulayıb və hər iki tərəfin bu sahədə praktik addımlar atmağa hazır olduğunu bildirib. 2008-ci ildə ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində hökumətlərarası sazişin imzalandığını, 2008-2009-cu illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini bildirən nazir ümidvar olduğunu bildirib ki, Mərakeş Krallığı Nümayəndələr palatası üzvlərinin səfəri turizm sahəsində əməkdaşlığa da öz töhfəsini verəcək.

Səmimi qəbula görə minnətdarlığını bildirən Əli Kəbiri səfərin mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə, həmçinin turizm və digər sahələrdə münasibətlərə müsbət təsir göstərəcəyinə inandığını deyib. Ölkəsinin turizm sahəsində böyük imkanlara malik olduğunu vurğulayan qonaq bu istiqamətdə də Azərbaycanla əməkdaşlığa, turizmin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə hazır olduqlarını bildirib: "Mərakeş turizm sahəsində böyük uğurlar əldə edib. Bizim turizm infrastrukturumuz çoxşaxəlidir, dağ turizmindən dəniz turizminə qədər bütün sahələrdə inkişaf əldə olunub. Biz qazandığımız təcrübəni azərbaycanlı mütəxəssislərlə paylaşa bilərik".

Görüşdə ikitərəfli maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qəbulda Mərakeş Krallığı Nümayəndələr palatasının diplomatik məsələlər üzrə müşaviri Əl Caffali Munirbu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami iştirak edib.

Görüşün sonunda Mərakeş nümayəndə heyətinə Azərbaycan mədəniyyəti və turizm imkanlarını təbliğ edən kitab və təşviqat materialları hədiyyə edilib.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2014.- 21 fevral.- S. 3.