Opera və Balet Teatrının öz
ampluası var
Hafiz Quliyev: “Azərbaycanda bir opera
teatrı var və bu teatrın səhnəsinə zəif
tamaşa çıxarmağa haqqımız yoxdur”
Azərbaycan teatrlarının fəaliyyəti, repertuar
siyasəti, yaradıcılıq imkanları hər zaman
müzakirələrə səbəb olub. Bu mənada əsas
diqqətçəkən məqamlardan biri rejissura işidir.
Qəzetimizin bu sayından etibarən hər həftə
təqdim edəcəyimiz müsahibələrdə
teatrlarımızın baş rejissorlarının sənətə
baxışı, yaradıcı fəaliyyəti,
teatr-tamaşaçı münasibətləri barədə
fikirlərini sizlərlə bölüşməyə
çalışacağıq.
İlk müsahibimiz Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının baş rejissoru, Əməkdar
incəsənət xadimi Hafiz Quliyevdir.
-
Teatrın inkişafının əsas göstəricilərindən
biri repertuardır. Son illər teatrda klassik əsərlərdən
savayı yeni adlara da rast gəlinir, amma onların arasında
milli nümunələr azdır. Bəstəkarlarımız
yeni əsərlər yaratmırlar, yoxsa onları səhnəyə
çıxarmaqda tərəddüdləriniz var?
-
Ümumiyyətlə, teatrımızın repertuarı
hazırda əsasən yerli və dünya klassik opera və
balet nümunələri əsasında qurulub. Repertuarda
40-dan artıq səhnə əsəri var və bu sıraya
yeniləri əlavə olunmaqdadır. Rəhbərliyin
repertuar siyasətində janr müxtəlifliyi və rəngarənglik
əsas şərt kimi önə çəkilir. Bu, yeni tamaşaların qoyuluşunda da xüsusi
önəm kəsb edir. İldə bir
neçə yeni opera və balet tamaşası səhnəyə
gəlir ki, bu da repertuarın zənginləşməsinə
zəmin yaradır. Azərbaycanın dahi bəstəkarı
Üzeyir Hacıbəylinin bütün əsərləri
bizim repertuarımızdadır. Görkəmli
bəstəkarlar Zülfüqar Hacıbəyli, Müslüm
Maqomayev, Fikrət Əmirov, Şəfiqə Axundovanın
opera nümunələri də repertuarda özünə
möhkəm yer tutub. Çalışırıq
ki, Azərbaycan bəstəkarlarının akademik teatr səviyyəsində
əsərlərini tamaşaçılara təqdim edək.
Çünki bu gün
tamaşaçılarımızın 30-40 faizi xarici ölkə
vətəndaşlarıdır. Öz
ölkələrində yüksək səviyyəli nümunələr
görən, buna baxmayaraq, Azərbaycan milli opera incilərini də
maraqla izləyən bu tamaşaçıların
qarşısına biz mütləq yüksək səviyyəli
əsərlə çıxmalıyıq. Klassik bəstəkarların əsərləri ilə
yanaşı, nisbətən yeni dövrün nümunələri
də səhnə həllini tapıb. Məsələn,
Süleyman Ələsgərov, Vasif Adıgözəlov və
Firəngiz Əlizadənin əsərlərini səhnələşdirmişik.
Amma bir məqamı deyim ki, uzun illərdir ki,
yeni əsərlər yazılmır. Bəklə
də yazılır, amma bizim teatrın akademik tələblərinə
cavab vermədiyindən səhnədə yer tuta bilmir.
- Elə
isə akademik teatrın səhnəsinə çıxan opera
nümunəsində əsas etibarilə hansı məqamlar
önəm kəsb edir?
- Əsər həm libretto, həm də musiqi
baxımından mükəmməl yazılmalıdır. Buna misal
göstəriləcək nümunələrimiz də var. Təbii,
biz demirik ki, hamı Üzeyir bəy kimi yaza bilər, sadəcə,
musiqi mükəmməlliyi akademik səviyyədə
olmalıdır. Mənə elə gəlir
ki, bəstəkarlarımız opera və balet yazmağa bir o
qədər də meylli deyillər. Əslində
biz çox istəyərdik ki, əsər bolluğu
yaransın və biz onlar arasından seçim edək. Bu mənada ildə üç yeni opera və balet əsərinin
səhnəyə gəlməsi əslində böyük
göstərici olar. Eləcə də
dünya klassikasına müraciət edərkən
çalışırıq ki, bu gün dünyada üzdə
olan, tanınan əsərləri səhnəmizə gətirək.
Düşünürəm ki, bu repertuar yenilənməsi
davam edəcək. Əsas meyar yenə
yüksək peşəkarlıq, sənət səviyyəsi
və rəngarənglikdir.
- Səhnəyə
gələn əsər həm də tamaşaçıya
hesablanır...
- Bizim səhnədən
göstərilən bütün nümunələr birmənalı
olaraq böyük sənətə hesablanır, ona xidmət
edir.
-
Hazırda səhnədə olan milli nümunələr həm
də milli musiqi elementləri ilə zənginliyinə görə
tamaşaçılar tərəfindən sevilir...
- Bəli,
106 ildir ki, “Leyli və Məcnun” səhnədədir,
tamaşaçı məhəbbət və istəklə gəlib
ona baxır, hər dəfə özü üçün nə
isə tapa bilir. Əsər musiqi, libretto və
dramaturji baxımdan bir-biri ilə üzvü surətdə
bağlı və maraqlı olmalıdır ki, onun səhnə
həllində də imkanlarımız geniş olsun.
- Bəzi
teatr mütəxəssislərinə görə, istedadlı
rejissor zəif əsərdən yaxşı səhnə
nümunəsi yarada bilər.
- Bizdə
isə əsas məqam musiqidir. Düşünməyin ki,
bunu nə isə məsuliyyəti azaltmaq və ya yükdən
qaçmaq üçün dedim. Söz yox ki,
rejissorların əsas funksiyalarından biri təqdim olunan əsərə
mükəmməl səhnə həlli verməkdir. Amma
material gözəl, opera əsərinin musiqi və librettosu
maraqlı olanda ona uyğun uğurlu rejissura həlli də ola bilər. Dünya və milli
opera sənətimizdən irəli gələn ənənələr
var və səhnəyə yol tapan hər bir əsər bu
düsturlara söykənir. Opera teatrı
səhnədə maraqlı tərtibatını, kütləvi
səhnə simmetriyasını sevir. Onun
içində nə qədər xaos olsa da, mizana uyğun
prinsip, rejissor simmetriyası olur. Ona görə
də opera rejissurasında özünəməxsusluqlar var.
Odur ki, bu janrda yazılan əsərlərdə rejissor işi
də nəzərə alınmalı və ona maraqlı
traktovkalar, cəlbedici mizanlar vermək imkanı da
yaradılmalıdır.
- Uzun illərdir,
bu teatrda çalışırsınız, uğurlu
quruluşlarınız olub. Bu sənət
ocağının yaradıcılıq tarixində sizin
üçün önəmli məqam hansıdır?
- Bu, ilk
olaraq opera teatrının akademik statusudur. Azərbaycanda
bir opera teatrı var və bizim bu teatrın səhnəsinə
zəif tamaşa çıxarmaq haqqımız yoxdur. Çünki bu dahi Üzeyir Hacıbəylidən gələn
təyinatdır və ondan sonra davam edib, edir və edəcək.
Teatrın bir funksiyası da dünya opera
nümunələrini Azərbaycan
tamaşaçılarına, Azərbaycan
tamaşalarını isə dünya
tamaşaçılarına təqdim etməkdir. Söz yox ki, dövlət incəsənətimizin
dünyada təbliğinə ciddi diqqət ayırır.
Amma bu mənada teatrların, xüsusən də
opera səhnəsinin də öz məsuliyyəti var. O da
xalqın yaratdığı musiqi nümunələrini
peşəkar səviyyədə təqdim etməkdir. Özü də burada təkcə musiqidən
söhbət getmir. Musiqi ilə yanaşı,
Azərbaycanın folkloru, geyim mədəniyyəti, rəqsi, ənənəvi
xüsusiyyətləri bir operada cəmlənə bilir. Deməli, bu incəsənət çələngi
elə bu xalqın böyük sənətini layiqincə təmsil
edə bilməlidir və biz də buna
çalışırıq.
- Müəyyən
dövr teatrlarda tamaşaçı sayı ilə
bağlı müəyyən problemlər yaşandı. Teatrlar bu mərhələni keçmək
üçün də özlərinə yenidən baxmaq məcburiyyətində
qaldılar. Bu prosesi sizin teatr necə
keçdi?
- Bu
problem dünyanın əksər ölkələrində
yaşanıb və yaşanmaqdadır. İnsanlar
bəzən bayağılığa gedir və müəyyən
mənada səhnədən uzaqlaşırlar. Amma ciddi sənət tamaşaçı istəyinin
əsiri olmamalıdır. Biz hər zaman
tamaşaçını yüksək sənətə
kökləməyə çalışmışıq.
Çünki bu teatr Azərbaycanın ciddi incəsənətinin
ən böyük məkanlarındandır və heç
zaman öz missiyasından sapa bilməz. Biz
operetta səhnələşdirəndə də ona akademik
yanaşma, o mizan özünü qabarıq göstərir.
Bu mənada ən böyük funksiyamız
tamaşaçıları ciddi musiqiyə, ciddi incəsənətlə
alışdırmaqdır. Düzdür,
biz yeni tamaşaçı nəsli qazanmaq üçün də
çalışırıq. Çünki
yaşlı və orta nəsil artıq bizim
tamaşaçımızdır və diqqəti yeni nəslə
yönəltməyə, onlara da yüksək sənət
nümunələri təqdim etməyə səy göstəririk.
Bu gün bizim tamaşaçılar nəsil
etibarilə xeyli gəncləşib. Bu bizi
çox sevindirir. Deməli, biz düzgün
yol tutmuşuq. Çünki əsl incəsənətin
tərkibində klassik bir xətt var və o, hər zaman həm
də müasir olacaq. Belə olmasaydı, yüz il öncə yazılan opera, balet, musiqi əsəri
bu gün sevilməzdi. Ona görə də bizim
əsl incəsənətə xidmətdən, onun təbliğindən
başqa yolumuz yoxdur.
- Deməli,
teatr bu anlamda yenə də maariflənmə, tərbiyə
ocağıdır? Bəzilərinə görə,
biz bununla teatrın yükünü artırıb sənəti
fərqli ampluaya salır, həm də
tamaşaçını ondan uzaqlaşdırırıq.
- Yox, kimsə
teatra sadəcə insan tərbiyələndirən, maariflənmə
məkanı kimi baxmamalıdır. Teatr estetik sənət
məkanıdır və ona konkret bir nöqtədən baxmaq
olmaz. Teatrın özünün
funksiyaları var, tərbiyə, maarifləndirmə də
onlardan biridir. Teatr bu gün də həmişəki
funksiyasında, həmişəki təsir gücündədir
ki, onun da bir qolunda tərbiyə dayanır. Amma bunu qabartmaq olmaz, çünki hamı sənətlə
böyümür. Elə tamaşaçı var ki,
teatrı özü üçün 30 yaşında kəşf
edir, deməli, ona sənət təsir edir ki, bu da tərbiyəsindən
irəli gələrək mükəmməlləşmək
istəyini büruzə verir. Burada zövq,
istirahət və savadlandırma da var. Səhnəyə dikilən
baxış bir anda bir neçə istiqamətdən
formalaşır və zənginləşir. Bütün bunların da fonunda ortada mükəmməl
bir sənət dayanmalıdır ki, digər məqamlar onun
davamı, törəməsi kimi aktual olsun.
- Operada
ifaçılar nəslinin bir-birini əvəzlənməsinə
necə baxırsınız? Əvəzolunmaz
ifaçılar varmı?
- Təbiətin
qanunauyğunluqlarından biri də elə əvəz
olunmaqdır. Əslində bu sözdən
heç qorxmaq da lazım deyil. “Əvəzolunmaz
ifaçı” sadəcə tamaşaçının sevdiyi sənət
adamına sevgisini ifadə etdiyi gözəl kəlmələrdən
biridir və bunu elə o cür də qəbul etmək
lazımdır. Əvəzolunmaz, əbədi
olan təbii ki, böyük sənətdir. Sənətkarı o titullara layiq bilən, o zirvəyə
ucaldan sənətdirsə, deməli, hələ bundan sonra da
o əvəzolunmaz dediyimiz insanlar olacaq. Amma bu, çox az adama deyilə bilər. Bunu hər
zaman demişəm və yenə də deyirəm ki,
bütün yaradıcı personajlar baxımından teatr həmişə
təzə qana, yeni yaradıcı nəfəsə
möhtacdır. Amma həm də mütləq
və mütləq yaşlı sənət adamlarının
təcrübəsindən istifadə edilməlidir. Həm də bu nəsil dəyişkənliyi sistemli
olmalıdır. Yəni 10 il
sonranın solisti bu gündən seçilib
formalaşdırılmalıdır. Bizim teatrda
bu məsələ düzgün və vaxtında həllini
tapıb. Hazırda ölkənin ən
yaxşı muğam ifaçı və vokalçıları
bizim nəzarətimizdə, truppamızda və ya kənardan
müşahidəmizdədir. Bu o demək
deyil ki, onların hamısı bu səhnədə olacaq, yox,
amma hər halda nəsil dəyişkənliyi sistemi davam edir.
Baxın, hər il bir neçə
muğam ifaçısı və vokalçı bizdə
truppaya qəbul olunur, onlara müəyyən rollar verilir və
özlərini doğruldan, teatrın standartlarına uyğun
olanlar bu səhnədə mütəmadi rol alan solistlər
olurlar.
-
Teatrlarda aparılan islahatlardan biri də yaradıcılıq
mübadiləsidir. Amma bu, əsas etibarilə
xaricdən rejissorların dəvəti ilə yadda qalır.
Xaricdə tamaşalar qoyan rejissor kimi sizin bu məsələyə
münasibətiniz necədir?
- Bu
vacibdir, çünki təbiət özü də daim hərəkətdədir.
Əsas gələn və gedənlər,
onların say müqayisəsi yox, nə gətirib-aparmalarıdır.
Məncə, bu məsələlərdə bir az
ehtiyatlı olmaq lazımdır. Yaradıcılıq
mübadiləsi yaxşıdır, danmaq olmaz ki, yeni insanlar,
yeni beyin və yeni yanaşma şərtdir. Yaradıcılıq mübadiləsi sənət
adamının və sənətin xeyrinə olarsa, nə
gözəl.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 21
fevral.- S. 6.