Hər dili üzüyə bir qaş sayıram...
21 fevral Beynəlxalq Ana Dili Günüdür
İnsanlar arasında ən mühüm ünsiyyət vasitəsi dildir. Hər bir millətin, xalqın formalaşmasının başlıca meyarı da ana dilidir. Ana dili həm də milli birliyin təminatçısıdır.
Hər xalq öz dilini qorumaq, inkişaf etdirmək, hətta mümkün olduqda digər xalqlar arasında təbliğ etmək arzusundadır. Dünyaya gələndə gördüyümüz ilk insan anamız olur və sevməli, qorumalı olduğumuz məfhumları da onun adı ilə bağlayırıq - “Ana vətən”, “Ana torpaq”, “Ana dili”...
Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Bu gün 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. Bu təşəbbüsün meydana gəlməsinin isə acı bir hadisə ilə bağlılığı var. 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz edən 4 tələbə qətlə yetirilib. Banqladeşin ABŞ-dakı səfirliyi həmin şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması ilə əlaqədar UNESCO-ya müraciət edib və təşkilatın Baş Konfransında bu təklif qəbul olunub. Təşkilat üzv ölkələrə həmin tarixdə təhsil ocaqlarında ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlərin keçirilməsini tövsiyə edib.
Ölkəmizdə Azərbaycan dilinin qorunması və təbliği istiqamətində dövlət tərəfindən mühüm addımlar atılıb. Hələ sovetlər birliyi zamanında Azərbaycan dilini himayə edən, rəsmi görüşlərdə, beynəlxalq tədbirlərdə yüksək kürsülərdən bu dildə xitab edən ulu öndər Heydər Əliyev deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Bu gün Azərbaycan dili təqribən 50 milyonluq bir xalqın ünsiyyət vasitəsidir. Onun yad təsirlərdən qorunması üçün (dilin təbii zənginləşməsi istisna olmaqla) hər birimiz səfərbər olmalıyıq. Dünya xalqlarının dillərini öyrənmək çox önəmlidir. Ancaq bunu ana dilinin unudulması hesabına etmək yolverilməzdir. Vaxtilə tanınmış şair Tofiq Bayramın yazdığı kimi:
Yüz dili öyrənsən, alqışlayıram,
Hər dili üzüyə bir qaş sayıram.
Güllədən kəsərli söz tuşlayıram
Öz ana dilini bilməyənlərə.
1995-ci ildə qəbul edilən Konstitusiyamızın 45-ci maddəsində Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi əksini tapıb. 2001-ci il iyunun 18-də ümummilli lider Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” verilən fərmanda deyilirdi: “Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər”.
2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi dilimizin qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının ana dilimizlə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində vacib addım idi.
Bu gün dünyada tolerantlıq məkanı kimi qəbul olunan Azərbaycanda dövlətimizin qayğısı sayəsində müxtəlif xalqların nümayəndələri mehribanlıq içində yaşayır, öz dilini, mədəni irsini yaşadır.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 21 fevral.-
S. 7.