“Azərbaycan narı”

 

Bakıda səfərdə olan Monako Knyazı gənc rəssam və heykəltəraşların əl işlərindən ibarət sərgidə iştirak edib

 

Fevralın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində tələbələrin, gənc rəssamların və heykəltəraşların əl işlərindən ibarət “Azərbaycan narı” mövzusunda sərgi açılıb.

Açılış mərasimində ölkəmizdə səfərdə olan Monako Knyazı II Albert, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, energetika naziri Natiq Əliyev, incəsənət xadimləri, akademiyanın müəllim-tələbə heyəti iştirak edib.

Qonağa məlumat verilib ki, sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyi, “AZNAR” şirkəti, ADRA, Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Müsabiqəyönlü sərgiyə tələbə və gənc rəssamların, heykəltəraşların əsərləri təqdim olunub.

Sərgidə həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən xoreoqrafik rəqs quruluşu da nümayiş olunub.

Monako Knyazı II Albertə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Məmmədhüseyn Hüseynovun toxuduğu xalça hədiyyə edilib.

Rəsmi açılış mərasimindən sonra münsiflər heyətinin sonuncu qapalı iclası olub və mükafatların təntənəli təqdim edilməsi mərasimi keçirilib. Həmçinin xoreoqrafik rəqs quruluşu təqdim edən tələbələrin sırasından qaliblər mükafatlandırılıblar.

Müsabiqədə yer tutmuş gənc rəssamlar “AZNAR” şirkətinin mükafatına layiq görülüblər. Sərgidə iştirak edən və yer tutmayan bəzi işlər isə şirkət tərəfindən alınıb və həmin əsərlərin müəlliflərinə də mükafatlar təqdim olunub. Müsabiqədə qalib gələn əsərlər, tədbirin şərtlərinə əsasən, “AZNAR” şirkətinə hədiyyə edilib.

Bir həftəyədək davam edəcək sərgidə 100-dən artıq əl işi nümayiş olunur. Onlardan 14-ü heykəltəraşlıq, qalanı isə dekorativ-tətbiqi sənət nümunələridir.

 

Mədəniyyət.- 2014.- 21 fevral.- S. 9.