Hotelçilikdə təcrübə təhsildən daha vacibdir

 

“Nəzəri baxımdan götürdükdə bu sahədə hər kəs asanlıqla fəaliyyət göstərə bilər”

 

“Hotellərimiz” rubrikasında üz tutduğumuz növbəti ünvan paytaxtdakı “Anatolia” mehmanxanası oldu. Atatürk prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçəsinin kəsişməsində, ara məhəllədə yerləşən 4 ulduzlu mehmanxana daxilizahiri tərtibatda xüsusi dəbdəbəsi ilə seçilməsə də, yəqin ki, müştəriləri sakit məkanı, rahatlığı ilə cəlb edir. Hotelin gənc baş meneceri Orxan Rəhmanov bizimlə söhbətində bir çox məqamlara aydınlıq gətirdi, mehmanxana idarəçiliyi və ümumilikdə ölkə turizmi ilə bağlı fikirlərini bölüşdü.

- Turizm sahəsinə hələ orta məktəb yaşlarımdan marağım olub, bu sahədə fəaliyyət göstərmək istəmişəm. Ona görə ali təhsilimi də turizm və xidmət sahəsi üzrə almaq qərarına gəldim. Turizmin inkişaf səviyyəsini nəzərə alaraq fikirləşdim ki, bu sahədə ali təhsil üçün ən münasib ölkələrdən biri Ukrayna ola bilər. Əslində, bizə ən yaxın və təhsil baxımından da ən münasibi Türkiyədir. Ancaq orta təhsili rusca almağım məni fərqli seçimə sövq etdi. Ukraynada hotelrestoran idarəetməsi ixtisası üzrə ali təhsil aldıqdan sonra Bakıya döndüm. İxtisaslı kadrlara ehtiyac duyan hotellərdən müraciətlərimə müsbət cavab gəldi, bir neçəsindən işə dəvət aldım. İlk yeri kimiDiplomathotelini seçdim, orada satış üzrə menecerdən inzibatçı vəzifəsinə qədər yüksəldim.

Sonra bir müddət turizm agentliklərində, xarici ölkələrdə fəaliyyətim oldu. Bir-biri ilə sıx əlaqədə olan sahələrdə çalışmağım sektorun prinsiplərini daha aydın dərk etməyimə gətirib çıxardı. Hazırda rəhbərlik etdiyim hoteldə isə işə satış menecerliyindən başlamışam. Bir qədər işlədikdən sonra baş menecer vəzifəsi təklif olundu. İxtisasım hotelrestoran idarəetməsi olsa da, müəyyən qədər tərəddüdlər yaşadım, götür-qoy edib qəbul etdim. Fikirləşdim ki, əgər mən bu sahədə çalışmaq istəyirəmsə, hər bir məsuliyyəti götürməyi bacarmalıyam. Onu da deyim ki, turizm az sayda sahələrdəndir ki, qısa müddətdə insanın hərtərəfli inkişafına imkan yaradır, həyatı üçün vacib bilik və bacarıqlara yiyələnməsinə səbəb olur. Bu baxımdan ixtisas seçimində çətinlik çəkən gənclərə məsləhət görərdim ki, turizm sahəsinə üstünlük versinlər. Həm işlə təminat, həm də hərtərəfli inkişaf baxımından bu sektor gənc mütəxəssislər üçün əvəzsizdir.

- Amma o da məlumdur ki, bu sahədə çalışanların əksəriyyəti digər sahələr üzrə təhsil almış insanlardır, ixtisaslı kadrlar hələ ki azdır. Siz özünüz kadr seçimində hansına üstünlük verirsiniz?

- Söhbət ixtisaslı kadrla, təcrübəli kadr arasında seçimdən gedirsə, seçimimi ikincinin lehinə edərdim. Çünki bizim sahədə təcrübə təhsildən daha vacibdir. Nəzəri baxımdan götürdükdə, turizm qonaqpərvərlik, xidmət üzərində qurulmuş sahədir və hər kəs asanlıqla fəaliyyət göstərə bilər. Ancaq təcrübə göstərir ki, bir masa xidmətçisinin peşəkar səviyyəyə çatması üçün ən azı iki il vaxt lazımdır. Təhsil isə sadəcə bu müddəti qısaldır. Xidmət sektorunda çalışmamış, təcrübəsi olmayan insanlar üçün bu sahədə fəaliyyət göstərmək çətindir. Sizə daha bir nümunə göstərim. Xarici ölkələrdə restoranların, hotellərin qarşısında mütləq hostess - qonaqları qarşılayan şəxs olur. Bizdə təzəlikcə istifadə olunan bu praktika hələ ki uğurlu nəticə vermir. Ona görə ki, bu işə çox səthi yanaşılır, bəziləri hesab edir ki, hostessin funksiyası nə yolla olur olsun müştərini içəri dəvət etməkdir, bəziləri isə sadəcə restoranın daha yüksək səviyyəli olduğunu nümayiş etdirmək üçün bu praktikadan istifadə edirlər. Əslində isə qonağı qarşılayan şəxs hotelrestoran haqqında təəssürat yaradan, içəridəki ab-havanı müştəriyə yansıdan ilk şəxsdir. Nəzəri cəhətdən sadə görünsə də, onun işi problemyarada bilər, müştəri məmnuniyyəti də doğura bilər. Bu baxımdan təcrübəli işçilərin sektora cəlbi daha vacibdir. Onların eyni zamanda ixtisaslı kadr olması isə hotel üçün əlavə üstünlük deməkdir.

- Belə anlaşıldı ki, sizin hoteldə daha çox təcrübəli kadr baxımından çətinlikləriniz olur...

- “Anatoliahoteli, gördüyünüz kimi, o qədər də böyük deyil. 50 nömrəmiz var ki, il ərzində onların 30, ən yaxşı halda 40 faizi dolu olur. Bu baxımdan böyük işçi heyəti saxlamağa xüsusi ehtiyac yoxdur. Əməkdaşlarımızın əksəriyyəti bu sahədə təcrübəsi olan insanlardır. Mən əsasən təcrübəli kadr qıtlığının böyük hotellərdə olduğunu düşünürəm. Bəzən məcburən xidmət sektoru üçün münasib olmayan insanları cəlb edirlər. Bu da əmək bazarında peşəkar kadr çatışmazlığından irəli gəlir. Hesab edirəm ki, turizmin inkişafı ilə əlaqədar xidmət sahəsi də inkişaf edəcək və insanlar zamanla xidmət mədəniyyətinə yiyələnəcəklər. Bütövlükdə turizm sektoru o səviyyəyə çatanda artıq peşəkar kadr qıtlığı da aradan qalxacaq. Məsələn, bu gün turizmin inkişaf etdiyi Türkiyə də bu mərhələdən keçib. Xidmət sektorunun inkişaf etdiyi ölkələrdə turizm sahəsində ən bacarıqlılar çalışırlar. Bundan əlavə, axı bu gün Azərbaycana güclü turist axını da müşahidə edilmir. Ancaq 2015-ci il Avropa Oyunlarından gözləntilərimiz böyükdür. Turist axını intensivləşsə və bu sahə gəlirli fəaliyyət növünə çevrilsə, gənclər də hotellərdə çalışmağa çox maraq göstərəcəklər.

- Turist axını hələlik böyük olmasa da, paytaxtda hər il yeni-yeni hotellər istifadəyə verilir. Necə hesab edirsiniz, bəlkə turizmlə bağlı investisiyalar daha çox bölgələrə yönəldilməlidir?

- Bu məsələyə müxtəlif tərəflərdən yanaşmaq olar. İlk öncə qeyd etmək lazımdır ki, ölkənin indiki turizm infrastrukturu 5 il bundan öncə ilə müqayisə olunmayacaq dərəcədə inkişaf edib, böyüyüb. Bu özünü həm hotel, həm də turizm agentliklərinin sayında göstərir. Hesab edilirdi ki, hotel sayında artım rəqabətə və nəticədə xidmət keyfiyyətinin artmasına gətirib çıxaracaq. Ancaq hələlik son illərin təcrübəsi göstərir ki, hotellər daha çeşidli xidmətlər, kampaniyalar təklif etmək əvəzinə ən asan yola əl atırlar, qiymətləri aşağı salmaqla müştəri cəlb etməyə çalışırlar. Bu isə xidmət səviyyəsinin düşməsinə gətirib çıxarır ki, nəticədə müştəri məmnuniyyəti arxa plana keçir. Daha bir məqam isə paytaxtın həddən artıq yüklənməsidir. Turist cəlbi üçün paytaxtın təbii gözəllikləri regionlardakı kimi geniş deyil. Ona görə də Bakıya gələn əcnəbilərin əksəriyyəti bura biznes məqsədilə üz tutanlardır. Hesab edirəm ki, bölgələrimiz turistlər üçün daha maraqlı, cəlbedici ola bilər və turizmlə bağlı investisiyalar daha çox bölgələrə yönəldilməlidir.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2014.- 21 fevral.- S. 10.