Qəlblərdə yaşayan insan, görkəmli bəstəkar

 

Süleyman Ələsgərov - 90

 

Ləyaqətli ömrü boyu musiqi mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışan bəstəkar Süleyman Ələsgərovun anadan olmasının 90 ili tamam olur.

Süleyman Əyyub oğlu Ələsgərov Allahın xalqımıza bəxş etdiyi qənimət insanlardan idi. Elcanlı, dostcanlı bu böyük insanla ünsiyyətdə, yaradıcılıq əlaqəsində olan hər kəs onu dahi Üzeyir bəyin yadigarı kimi tanıyır, sevir, dəyərləndirirdi. Bəri başdan deyim ki, dövlətimiz də onun nümunəvi əməyini, musiqi sənətimizin, musiqi mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətləri layiqincə qiymətləndirmişdir. O, 50 ildən çox yaradıcılıq fəaliyyətinin müxtəlif mərhələlərində respublikanın Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, habelə Üzeyir Hacıbəyli adına Respublika Dövlət mükafatına layiq görülmüşdür.

Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) professoru, konservatoriyanın Şuşa filialının direktoru kimi elmi-ixtisas kadrlarının hazırlanması sahəsində səmərəli fəaliyyət göstərirdi. Yetirmələri nümunəvi şəxsiyyət zənginliyinə malik olan bu böyük insanı məhəbbətlə xatırlayır, yaradıcılıq irsini ləyaqətlə davam etdirirlər.

Yarım əsrdən çox bir müddətdə xalqına xidmət edən bəstəkar və dirijorun, görkəmli musiqi pedaqoqunun ömür yolu haradan başlanıb? 22 fevral 1924-cü ildə dünyaya gəldiyi Qarabağın dilbər guşəsi, gözəllik şəhəri, Qafqazın konservatoriyası sayılan Şuşadan! Saray ananın laylaları, əzizləmələri balaca Süleymanın musiqi duyğularını körpəlik yaşından daha da qüvvətləndirib. Cıdır düzünün tar-qavallı məclisləri, Şuşanın nəğməli-şikəstəli gecələri onda elə bir hiss oyadıb ki, artıq 30-cu illərin əvvəllərində musiqiçi olacağını qətiləşdirib. 1935-ci ildə Şuşa Musiqi Texnikumunun tar sinfinə daxil olanda 11 yaşı var idi. Gənc Süleyman artıq 1939-cu ildə texnikumda 50 nəfər istedadlı musiqiçini birləşdirən xalq çalğı alətləri orkestri təşkil edir. Çox keçmir ki, bir-birindən təravətli xalq mahnıları rəqs melodiyaları, Ü.Hacıbəylinin «Koroğlu» operasından parçalar orkestrin ifasında səslənərək tamaşaçıların zövqünü oxşayır.

1940-cı ildə S.Ələsgərov musiqi təhsilini davam etdirmək üçün Bakıya gəlir Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Üzeyir bəyin diqqəti, qayğısı sayəsində böyük sənət yolunda uğurlu addımlar atır. 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün ilk «Rəqs» əsərini, müharibə mövzusunda «Gözlə məni» mahnısını bəstələyir.

S.Ələsgərovun 1941-45-ci illərdə xalq çalğı alətləri orkestri üçün bəstələdiyi «Qaytağı», «Yallı», «Cəngi», habelə simfonik orkestr üçün «Süita»sı hərbi-vətənpərvərlik tərbiyəsi baxımından böyük əhəmiyyət kəsb etmişdir. Gənc bəstəkarın Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun böyük rəşadətini tərənnüm edən simfonik poeması da yüksək qiymətləndirildi. «Naməlum əsgər haqqında ballada» da bəstəkarın müharibə mövzusunda qələmə aldığı ən dəyərli əsərlərindəndir.

Tarix təkrar olunur. Aradan az - çox, düz 50 il keçəndən sonra S.Ələsgərov digər sənət dostları kimi müharibə mövzusuna yenidən müraciət edib. Nəfəsli orkestr üçün «Yürüş marşı», solist, xor orkestr üçün «Birliyə çağırış» əsəri Vətən oğullarını, igid əsgərlərimizi qələbəyə səsləyir.

Bəstəkarın yaradıcılıq diapazonu çox genişdir. O demək olar ki, musiqinin bütün janrlarında qələmini sınamış hər yeni əsəri ilə sənətsevərlərin rəğbətini qazanmışdır. Yüzdən çox mahnı bəstələyib. Bu mahnılarda doğma ölkəmizin gözəl guşələri, xalqın həyatı, qurub-yaradan adamlarımızın fədakar əməyi tərənnüm olunmuşdur. Bəstəkarın «Göygöl», «Şuşa», «Mingəçevir», «Naftalandadır» kimi mahnıları Azərbaycan təbiətinin bənzərsiz gözəlliyini, ülviliyini tərənnüm edən çox qiymətli vokal əsərləridir. O, professional musiqimizdə mahnı-romans janrını yaradıcılıqla inkişaf etdirən sənətkarlarımızdandır. «Yada düşdü», «Vətənimdir», «Sərvi Xuramanım mənim», «Qafqaz», «Ata», “Küsmərəm”, «Bilmirəm», «Neylərəm» romansları forma əlvanlığına, ifadə vasitələrinə görə böyük maraq doğurur.

Süleyman Ələsgərov Azərbaycan professional musiqisində «sözsüz mahnı» janrının əsasını qoyan bu janrı daha da zənginləşdirən yeganə bəstəkardır. Müxtəlif illərdə böyük həvəslə qələmə aldığı 21 sözsüz mahnı bir-birindən dəyərli, əlvan melodiya çalarlarına malikdir.

Xalq musiqi xəzinəsindən bəhrələnən sənətkar tarla xalq çalğı alətləri orkestri üçün 1 2 nömrəli konsertləri ilə Azərbaycan tarının necə geniş ifa imkanlarına malik olduğunu nümayiş etdirdi. Onun tar, kamança, qanun, balaban, fortepiano üçün bəstələdiyi pyeslər, sonatalar, sonatinalar, kvartetlər gənc ifaçılarımızın repertuarında möhkəm yer tutur.

Bəstəkarın irihəcmli vokal-simfonik əsərləri - «Bayram», «Dostluq» süitaları, «Bahar təranələri», «Azərbaycanım mənim» kantataları, Nizaminin 850 illiyinə həsr etdiyi vokal-simfonik poeması, opera operettaları musiqi mədəniyyətinin dəyərli inciləri kimi səciyyələnir. Cəfər Cabbarlının eyniadlı əsəri əsasında tamamladığı «Solğun çiçəklər» operası isə bu janrın həvəskarlarına layiqli töhfədir.

O, Azərbaycanda operetta janrının inkişafı sahəsində çox məhsuldar fəaliyyət göstərmiş, Ü.Hacıbəyli ənənələrini ləyaqətlə davam etdirmişdir. İlk operettasını - «Məhəbbət günü»nü 1945-ci ildə bəstələmişdir. Müxtəlif illərdə qələmə aldığı «Ulduz», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Milyonçunun dilənçi oğlu», «Sevindik qız axtarır», «Hardasan, ay subaylıq», «Həmişəxanım», «Gurultulu məhəbbət», “Hərənin öz ulduzu”, “Subaylarınızdan görəsinizoperettalarının hər biri uğurlu yaradıcılıq axtarışlarının nəticəsidir.

Süleyman Ələsgərov müxtəlif vaxtlarda Musiqili Komediya Teatrında dirijor, baş dirijor, direktor, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində direktor, Mədəniyyət Nazirliyində İncəsənət işləri idarəsinin rəisi, Radio Televiziya Verilişləri Komitəsində bədii rəhbər, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri vəzifələrində çalışarkən böyük insanlıq, idarəetmə mədəniyyəti, orijinal üslubu, yaradıcılıq nümunəsi göstərmişdir. Həyatı, yaradıcılığı, pedaqoji fəaliyyəti ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, o, günün bir saatını belə hədər keçirməmiş, xalqına, elinə-obasına daha böyük xidmət üçün yeni yollar, imkanlar axtarmış, qarşıya qoyduğu aydın məqsəd yolunda inamla addımlamışdır.

Görkəmli bəstəkar, gözəl, xeyirxah insan, alovlu vətənpərvər Süleyman Ələsgərovun haqq dünyasına qovuşduğu vaxtdan 14 il ötür. Şuşa dərdi, Şuşa həsrəti onu sıramızdan apardı.

Doğma yurdu Şuşayla fəxr edirdi. Şuşa adına hər an musiqi çələngi hörməyə çalışırdı. Sənət dostu, unudulmaz Şıxəli Qurbanovun sözlərinə özünün dinləyicilərin ürəyincə olan bir mahnı bəstələmişdi.

 

Səni hər görəndə tanımaq olmur, a Şuşam,

İldə bir qərinə cavanlaşırsan.

Sən cavan hüsnünə qoca dağların,

Mehriban şəhərim, çox yaraşırsan.

 

Şuşa ilə nəfəs alırdı. Nəinki yayda, elə qışın oğlan çağında da Şuşaya baş çəkirdi. Günlərlə orada qalır, yazıb-yaradırdı. Üst-üstə hesablayanda, demək olar ki, ilin 5-6 ayını Şuşada keçirirdi. Şuşa onun ilham mənbəyi idi.

Sən demə, doğma şəhərdə keçirdiyi bəxtəvər günlərin sonu varmış. Aman Allah! Şuşanın işğal olunması xəbərini eşidəndə hala düşdü?! Ürəyi sıxıldı, bir anlığa nəfəsi kəsildi. Ancaq Allah səbir verdi. Onsuz da 1988-ci ilin fevralından - Qarabağın qara günləri başlanandan bəri dincliyi yox idi. Tez-tez camaat arasında olur, hərbi hissələrə gedir, əsgərlərlə görüşür, hərbi simfonik orkestr üçün marşlar yazır, yeni mahnılar bəstələyirdi.

Şuşa həsrəti, Şuşa dərdi Süleyman müəllimin həyat tərzini də dəyişmişdi. 70-75 illik yubileylərini geniş şəkildə qeyd etmək istəyənlərə qısaca belə cavab verirdi:

- Qalsın Şuşaya, orada qeyd edərik. Bir gün, bir saat da yadından çıxmırdı Şuşa. Bu həsrəti, bu möhnəti doğma yurdunun acınacaqlı taleyinə həsr etdiyi əsərlərlə ovudurdu. Sənət dostu, görkəmli şair Zəlimxan Yaqubun «Bu gecə yuxuma girmişdi Şuşa» şeiri yaman təsirləndirmişdi bəstəkarı:

 

Gözündə yaş gördüm, yanağında qan

Cıdır düzündəki Xarı bülbülün.

Dərdin sinəsində dağlandı sinəm,

Didərgin olmuşdu yarı bülbülün!...

 

Bu ağrılı misralara musiqi qoşduqca için-için yanır, qovurulurdu. Anadan olmasının 75 illiyinin tamamına bir neçə gün qalmış yenə də kəskin ürək ağrıları, ürək sıxıntıları keçirdi. Hiss edirdik ki, bu sıxıntılar, bu ağrı-acılar Şuşayla bağlıdır. Anadan olduğu gündə qohumlar, dostlar başına yığılmışdıq. Televiziyanın «Xəbərlər» proqramında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəstəkara ünvanlanan təbrik məktubu və «Şöhrət» ordeni ilə təltif olunması haqqında imzaladığı sərəncam oxunanda eyni açıldı, məmnun oldu.

Hər gün, hər saat Şuşa deyəndə qəlbi göynəyirdi. Təskinlik verəni ömür-gün yoldaşı Ağgül xanım idi. Ağgül xanımın qəfil vəfatı onun dərdini daha da artırdı. Ürək dözmədi bu əvəzsiz itkilərə. 20 yanvar 2000-ci ildə dünyasını dəyişdi. Nə deyəsən, dünyanın belə işlərinə?

Ölüm sözünü unudulmaz Süleyman müəllimin adı ilə yanaşı deməyə dilim gəlmir. Ancaq nə edəsən? Nə qədər ağır da olsa etiraf etməliyik ki, insanlığa yaraşıq, əməlləri, şəxsi həyatı ilə hamıya nümunə olan insan aramızda yoxdur. Ancaq ruhu bizimlədir, həmişə də bizimlə olacaq!...

 

Vidadi Xəlilov,

 

Pedaqogika üzrə elmlər doktoru, professor, PedaqojiSosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Mədəniyyət.- 2014.- 21 fevral.- S. 11.