“Məhəbbətin sirri

 

Moskvada Azərbaycan rəssamının sərgisi

 

Moskvadakı Rusiya Dövlət Kitabxanasında (RDK) Rusiya Federasiyasının Əməkdar rəssamı, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun “Məhəbbətin sirri” adlı fərdi sərgisi açılıb.

RDK-nın baş direktorunun müavini Lyudmila Tixonova açılışda çıxış edərək bildirib ki, Azərbaycan rəssamının sərgisi həm də Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı istiqamətində daha bir addımdır: “Əsgər Məmmədov tükənməz yaradıcılığı ilə iki xalq arasında dostluq əlaqələrini möhkəmləndirir və mədəniyyətlərimizin qarşılıqlı surətdə zənginləşməsinə öz töhfəsini verir”.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçisi, “Baku” jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova bildirib ki, rəssamın əsərləri iki dəfə - birinci dəfə 1992-ci ildə Qarabağ müharibəsi zamanı, ikinci dəfə isə Moskva ətrafındakı İzmaylovoda qalereya binalarının yanması nəticəsində məhv olub. Lakin rəssam özündə qüvvə taparaq yaradıcılığını davam etdiribbu gün onun 70-dən çox əsəri sərgidə nümayiş olunur.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev qeyd edib ki, Əsgər Məmmədov taleyin bütün kəşməkəşlərinə baxmayaraq, gələcəyə inamını itirməyib: “O, əslən Qarabağdandır. Rəssam öz dərin fəlsəfi əsərləri ilə bir daha bizə deyir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır”.

Sərgidə rəssamın Azərbaycan və Rusiya təbiətini vəsf edən 70-dən çox əl işi, o cümlədən peyzaj, natürmort, portret, qrafika janrında əsərləri nümayiş etdirilir.

 

Mədəniyyət.- 2014.- 21 fevral.- S. 16.