Şəhid şəhər

 

Fevralın 25-də Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı sərginin açılışı oldu.

Tədbiri muzeyin direktoru Fəridə Şəmsi açaraq erməni millətçilərinin zaman-zaman xalqımıza qarşı törətdikləri faciələrdən, insanlığa sığmayan hərəkətlərindən danışdı. Bildirdi ki, bədnam qonşularımızın məkrli siyasətindən nəticə çıxarıb düşmənə layiqli cavab vermək, onun dünyaya yaydığı yalanları ifşa etmək bizim əsas vəzifəmiz olmalıdır.

Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllimi Boran Əziz Qarabağın işğalı planlarından geniş danışaraq Xocalı şəhərinin dağıdılmasının Azərbaycan ərazilərinin işğalı üçün düşünülmüş “hərbi taktikaolduğunu bildirdi. Qeyd etdi ki, Xocalıya hücumun başında dayanan 366-cı alayın komandirinə - Yuri Zarviqorova bir gün əvvəl general rütbəsinin verilməsi də planın arxasında kimlərin dayandığını aydın göstərir: “Əlbəttə ki, dinc insanların öldürülməsi cinayətdir. Amma ermənilər bununla yanaşı daha böyük cinayətə əl atdılar. Hətta faşistlər işğal etdikləri ərazilərdə tarixi abidələrə toxunmurdular. Amma ermənilər Xocalını yerlə-yeksan etməklə nəinki Azərbaycanın, Qafqazın ən qədim yaşayış mərkəzlərindən birini dağıtdılar, qədim tarixi, arxeoloji abidələri talan etdilər”.

Tibb Universitetininİnsan anatomiyası” kafedrasının professoru, tibb elmləri doktoru, Xocalı sakini Mübariz Allahverdiyev həmin günləri ürək ağrısı ilə yada salaraq ermənilərin vəhşiliyini bir daha diqqətə çatdırdı. Bildirdi ki, ermənilər Xocalı ətrafında məskunlaşmaq üçün XX əsrdə üç dəfə şəhəri dağıdıblar: “Onlar birinci dəfə Xocalını 1905-ci ildə, ikinci dəfə 1918-ci ilin mart soyqırımı vaxtı, üçüncü dəfə isə 1992-ci ilin 26 fevralında darmadağın etdilər. Öz istəklərinə çatmaq üçün insanlığa sığmayan addımlar atmaqdan belə çəkinmədilər”.

Milli Qəhrəman Hikmət Nəzərlinin bacısı Afaq Nəzərli, Milli Qəhrəman Ələsgər Novruzovun həyat yoldaşı Şəkibə Novruzova da həmin dəhşətli tarixi heç vaxt unutmadıqlarını vurğuladılar. Bir gün Xocalının azad olunacağını, şəhidlərin narahat ruhunun azad olunmuş torpaqlarda rahatlıq tapacağına ümid etdiklərini bildirdilər.

Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx və sərgi nümayiş olundu. Sərgidə muzeyin eksponatları sırasına ilk dəfə daxil edilmiş - “Boşalmış damarlar” (müəllif Mehriban Şəmsəddinskaya) əsəri, Xocalı faciəsini əks etdirən eskizlər (rəssam Nazim Məmmədov), Milli Qəhrəmanlar Hikmət Nəzərlinin, Füzuli Rüstəmovun, Tofiq Rüstəmovun şəxsi əşyaları və digər eksponatlar tamaşaçılara təqdim olunur.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 3.