“Xocalı
soyqırımı: insanlığa qarşı cinayət”
Milli Kitabxanada faciənin
ildönümünə həsr olunmuş sərgi
Fevralın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı: insanlığa qarşı cinayət” adlı kitab sərgisinin açılışı oldu.
Mərasimdə ölkəmizə səfərə gəlmiş Türkiyə Bələdiyyələr Təşkilatının nümayəndələri də iştirak edirdi. Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı sakinlərinə qarşı törədilmiş qırğından danışdı. Bu faciənin Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisə olduğunu bildirdi.
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli bildirdi ki, Xocalı soyqırımında 613 nəfər öldürülüb, min nəfər dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 azyaşlı isə valideynlərindən birini itirib: “Bu gün Qarabağ torpağı düşmən tapdağı altındadır. Amma Xocalı hadisəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı ən böyük dərdin də altından qəhrəmanlıqla çıxa bilir. Xocalı camaatı bu dözülməz ağrı-acıdan sonra yenidən öz varlığını təsdiq etdi. Həmin qırğının şahidləri bu gün Xocalı soyqırımının, bu tarixi gerçəyin dünyaya çatdırılmasında iştirak edirlər”.
Xocalı faciəsinin canlı şahidi Kamil Məmmədov ermənilərin törətdiyi vəhşilikləri gözləri ilə gördüyünü bildirdi, düşmən hərbçilərinin dinc əhaliyə qarşı xüsusi amansızlıqlar etdiyini diqqətə çatdırdı.
Tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Xocalı soyqırımı” adlı elektron məlumat bazası ilə tanış oldular, “Xocalı soyqırımı: insanlığa qarşı cinayət” mövzusunda sərgiyə baxdılar.
Lalə
Mədəniyyət.- 2014.- 26
fevral.- S. 4.