Qan yaddaşımız

 

Fevralın 24-də Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri, kənd mədəniyyət evlərinin əməkdaşları və rayon mərkəzləşmiş kitabxana sistemlərinin kitabişləmə və komplektləşdirmə şöbəsinin işçiləri üçün kurslar başlanıb. Tədris proqramına ixtisas fənləri ilə yanaşı, iştirakçıların dünyagörüşlərinin daha da artırılmasına kömək edəcək məruzələr daxil edilib.

Xocalı soyqırımının ildönümü ilə bağlı dinləyicilərlə görüşlərdən biri bu mövzuya həsr olunub. Mərkəzin rəhbəri Ramazan Şabanov tədris proqramına dair tövsiyələrini verdikdən sonra Xocalı faciəsi, bu hadisənin tariximizdəki yeri barədə danışıb.

Mərkəzin elmi işçisi Rəfiqə Nəsirova faciə qurbanı olan insanlardan, Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsinin ağır fəsadlarından bəhs edib. Sonra dinləyicilər içərisindən bu faciəyə şahid olan insanlar danışaraq acılı xatirələrini bölüşüblər. Mərkəzin kitabxanası tərəfindən hazırlanan “Xocalı - qan yaddaşımız” adlı kitab sərgisi dinləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 4.