Şuşa nisgilli yubiley gecəsi

 

Fevralın 22-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, ictimai xadim, Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun 90 illik yubiley gecəsi keçirildi. Tədbirin iştirakçıları əvvəlcə sarayın foyesində sənətkarın fəaliyyətini əks etdirən fotosərgi ilə tanış oldular.

Yubiley gecəsində Süleyman Ələsgərovun həyat və yaradıcılıq yolundan geniş söhbət açıldı, doğulub boya-başa çatdığı gözəl Şuşanın mədəni mühitini, sənət adamlarını əks etdirən ədəbi-musiqili kompozisiya təqdim olundu, videosüjetlər nümayiş etdirildi.

Bildirildi ki, Şuşanın musiqi mühiti uşaqlıqdan onda sənətə maraq oyadıb. Şəhərdə musiqi texnikumu açılanda isə gənc Süleyman sevincindən yerə-göyə sığmırdı. O, Şuşadakı musiqipedaqoji texnikumlarında təhsil alıb, 15 yaşında Şuşada ilk orkestrini yaradıb. Sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib, dahi Üzeyir Hacıbəylinin tələbəsi olub. Böyük Vətən müharibəsi illərində digər bəstəkarlar kimi, gənc Süleyman Ələsgərov da vətənpərvərlik ruhlu mahnılar bəstələyib. Onun məşhur “Gözlə məni” romansı ilk dəfə böyük müğənni Bülbülün ifasında səslənib və Üzeyir bəy tərəfindən yüksək qiymətləndirilib.

Süleyman Ələsgərov müxtəlif vaxtlarda Bakı orta ixtisas musiqi məktəbinin müəllimi, direktoru, respublika Kinematoqrafiya Komitəsinin nəzdində orkestrin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri, Mədəniyyət Nazirliyinin İncəsənət idarəsinin rəisi vəzifələrində çalışıb, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olub. O həmçinin Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin dirijoru, TeleviziyaRadio Komitəsinin bədii rəhbəri, Musiqili Komediya Teatrının direktorubaş dirijoru və digər vəzifələrdə işləyib, 1991-ci ildən ömrünün sonunadək konservatoriyanın Şuşa filialının direktoru olub.

Süleyman Ələsgərovun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq səhifələrindən biridir. Onun zəngin yaradıcılığı musiqinin, demək olar ki, bütün janrlarını əhatə edib, operalar, 10-dan çox operetta yazıb.

Mərasimdə Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə incəsənət ustalarının ifasında bəstəkarın mahnı və romansları, digər əsərlərindən parçalar səsləndirildi. Musiqi nömrələrində, təqdim olunan bədii kompozisiyada sənətkarın doğma şəhəri, 20 ildən çoxdur ki, işğal altında olan Şuşanın həsrəti, Şuşa nisgili əksini tapmışdı.

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 5.