Kinomuzun böyük rejissoru

 

Fevralın 21-də Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq sənətkarın milli kinomuza verdiyi böyük töhfələrdən danışdı: “Mən çox şadam ki, belə görkəmli sənətkarları tanıyıb və görmüşəm. Çünki onların həyat və yaradıcılıq yolu bizim üçün, gələcək nəsillər üçün örnəkdir”.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxışında Tofiq Tağızadənin ömür və sənət yolundan söhbət açdı. Bildirdi ki, o, 1919-cu ildə Bakıda müəllim ailəsində anadan olub. Erkən çağlardan musiqiyə böyük maraq göstərib, orta musiqi təhsili alıb. Sonra indiki Azərbaycan Neft Akademiyasında təhsilini davam etdirib. Lakin II Dünya müharibəsi onun təhsilini yarımçıq qoyur. Tofiq Tağızadə müharibəyə gedir. Müharibədən sonra Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra təyinatı “Mosfilm” kinostudiyasına verilir. Ancaq gənc rejissor bu təyinatdan imtina edərək 1954-cü ildə Bakıya dönür. 1955-ci ildə ilk bədii filmini - “Görüş” kinokomediyasını çəkir. 1958-ci ildə isə kino tariximizdə əhəmiyyətli yer tutan məşhur “Uzaq sahillərdə” filminə quruluş verir. Bundan sonra o, müxtəlif illərdə “Əsl dost”, “Mateo Falkone”, “Arşın mal alan” (1965), “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam” və digər filmləri çəkib.

Tədbirdə daha sonra kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev, Əməkdar artist Elxan Qasımov, tanınmış kinooperator Kənan Məmmədov və başqaları Tofiq Tağızadənin yaradıcılığından bəhs etdilər. Qeyd edildi ki, o, filmlərindəki sənətkar və vətəndaşlıq mövqeyi ilə özündən sonrakı nəsillərə örnək olub. Onun yaratdığı ekran əsərlərinin hər biri özünəməxsus dəst-xətti, rejissor yozumu, forması, bədii təsvir həlli, kompozisiyası ilə fərqlənir və bir-birini tamamlayır. O da diqqətə çatdırıldı ki, Tofiq Tağızadə bir sıra filmlərdə həm də aktyor kimi çıxış edib.

Sonda görkəmli sənətkarın qızı, Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru İranə Tağızadə çıxış edərək tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 5.