Qarabağın acı tarixi

 

Fevralın 24-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Bakı Rəsm Qalereyasında Xocalı soyqırımına həsr olunmuş “Qarabağın acı tarixi” adlı sərginin açılışı oldu.

Rəssam Şirin Cəfərovun fərdi sərgisində erməni vandallarının dinc əhaliyə qarşı amansız cinayətləri öz əksini tapıb.

Tədbiri Bakı Rəsm Qalereyasının rəhbəri Eldəniz Babayev açaraq bildirdi ki, bu məkanda mütəmadi olaraq Qarabağın tarixinə dair sərgilər təşkil olunur. Bildirildi ki, budəfəki tədbir karikatura janrında Xocalı soyqırımına həsr olunmuş ilk sərgidir.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov Xocalı faciəsi haqqında rəsm sərgilərinin əhəmiyyətini yüksək qiymətləndirdi. Onun sözlərinə görə, belə sərgilərin mütəmadi təşkil olunması ölkəmizə gələn xarici turistlərin də soyqırımı haqqında məlumat almaslına yardımçı olacaq.

Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xocalı sakinləri və digər çıxış edənlər erməni vəhşiliyini pisləyərək bu soyqırımının dünyaya tanıdılmasının vacibliyini vurğuladılar. Bildirdilər ki, Xocalı soyqırımı və xalqımızın başına gətirilən digər faciələri sənətlə, mədəniyyətlə dünya ölkələrinə çatdırmaq xüsusilə vacibdir.

Sonra sərgiyə baxış keçirildi. Sərgidə rəssamın “Qarabağ fırtınası”, “Bu qan yerdə qalan deyil”, “Sönmüş çıraqlar”, “Baltalanmış insan bədəni”, “Qarabağda dovşan oyunu” və digər əsərləri nümayiş olunur. Müəllif Şirin Cəfərov düşüncələrini karikatura janrında ifadə etməklə düşmənin məkrli əməllərinin insanlığa sığmayan məqamlarını ifşa etməyə çalışıb. qara rənglərin fonunda kömürlə ərsəyə gətirilmiş çoxsaylı lövhələrdə rəmz və məcazlardan uğurla istifadə edilib. Rəssam Qarabağ probleminin yaranmasının və onun ədalətli həllində beynəlxalq qurumların biganəliyinin acı nəticələrini təsirli ifadələrlə bədiiləşdirməyə nail olub. 40-dan çox əsərin nümayiş olunduğu sərgi fevralın 27-dək davam edəcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 6.