“Mən azərbaycanlıyam”
Fevralın 25-də Yuğ Dövlət Teatrında Xocalı soyqırımına həsr olunmuş “Mən azərbaycanlıyam” adlı bədii qiraət müsabiqəsi keçirilib. ”Hicaz Production”ın təşkilatçılığı, Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti məktəb-lisey kompleksi və teatrın dəstəyi ilə keçirilən müsabiqədə Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirilib.
Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, aktrisalar Təranə Ocaqverdiyeva, Zümrüd Qasımova, rejissor Ər-Toğrul Kamalov və ADMİU-nun tələbəsi Əbdül Məcidlidən ibarət münsiflər heyəti üç ən yaxşı qiraətçini və həvəsləndirici yerlərin sahiblərini müəyyən edib. Müsabiqədə 1-ci yeri Günəş Əliyeva (M.Araz, “Məndən ötdü” şeiri), 2-ci yeri Röya İsayeva (B.Vahabzadə, "Ana dilim” şeiri), 3-cü yeri isə Leylaxanım Atakişiyeva (Ə.Ziyatay, "Azərbaycanım mənim" şeiri) tutub. Həvəsləndirici yerlərə Şəms Rəsulzadə, Nigar Tanrıverdiyeva və Sevinc Hüseynli layiq görülüblər.
Layihənin rəhbəri və ideya
müəllifi Ayaz Məmmədovdur. Bir neçə mərhələdən ibarət
olan müsabiqənin finalı may ayında keçiriləcək.
Mədəniyyət.- 2014.- 26
fevral.- S. 6.