Xəyallarımdakı
görüntülər
Parisdəki sərgidə
azərbaycanlı rəssamın əsərləri böyük maraq doğurub
Xəbər verdiyimiz kimi, fevralın 20-də Parisin “Paula Rosa və Stella art international” qalereyasında təşkil olunan “Teatr və balet: xəyallarımdakı görüntülər” adlı sərgidə Rusiya fırça ustaları ilə yanaşı, azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın da əsərləri nümayiş etdirilir.
İstedadlı rəssamın yağlı boya ilə ağ kətana köçürdüyü rəsmlərində teatr və balet aktyorları səhnə geyimlərində təsvir olunub. Əsərlər sərgiyə gələnlərdə böyük maraq doğurub.
Rusiyanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Elenora Mitrofonova təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Nigar Nərimanbəyovanın əsərlərində təsvir etdiyi obrazları olduğu kimi tamaşaçılara çatdırmağa səy göstərməsi onun sənətinə vurğunluğundan irəli gəlir. Onun rəsmlərində təsvir olunan kostyumların rəngləri mükəmməlliyi və aydınlığı ilə biri-birini tamamlayır. Belə bir sərgidə iştirak etməkdən böyük məmnunluq hissi keçirirəm”.
Rəsm sərgilərinin təşkili ilə məşğul olan “Stella Art İnternational” assosiasiyasının prezidenti Stella Kalinina da azərbaycanlı rəssamın ünvanına xoş sözlər deyib: “Ona rəssamlıq sənəti nəslindən keçibdir. Babası və atası Azərbaycanın görkəmli rəssamları olmuşlar. Mən bu rəssamı ona görə çox sevirəm ki, onun bütün tabloları işıqlı və günəşlidir. Nigar qəlbən duyduğu bu işıqlığı bütünlükdə palitrada göstərir”.
Xatırladaq ki, Nigar Nərimanbəyova məşhur fırça ustası Vidadi Nərimanbəyovun qızıdır.
Sərginin açılışında Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyov,
tanınmış rəssamlar, Fransız ictimaiyyətinin
nümayəndələri, diaspor təmsilçiləri
iştirak ediblər. Sərgi martın
16-dək davam edəcək.
Mədəniyyət.- 2014.- 26
fevral.- S. 8.