Kruiz səfərlərinə çıxanların sayı artır

 

Ekspert Xəzər dənizinin kruiz imkanlarını yüksək dəyərləndirir

 

Fevralın 21-də Rusiyanın «Inflot Cruise and Ferry» şirkətinin dəstəyi, onun ölkəmizdəki tərəfdaşı «Millennium Tourism & Congress DMC»nin təşkilatçılığı ilə «Park Inn» hotelində kruizlərin təşkil edilməsi mövzusunda seminar keçirildi. Turizm şirkətlərinin nümayəndələri üçün təşkil edilən seminarda kruiz istirahətinin üstünlüklərindən, xüsusiyyətlərindən söz açıldı.

«INFLOT» şirkətinin aparıcı meneceri Olqa Uşakova kruiz istirahətinin təşkili konsepsiyası və metodlarından danışdı. O, slayd-şou vasitəsilə istirahət zonalarının coğrafiyası, kruizlərin müxtəlif kateqoriyaları, turist laynerləri, qidalanma strukturu, xidmət sistemi, yaşlı insanların və uşaqların istirahətinin, asudə vaxtının müxtəlif növləri barədə məlumat verdi. Qonaq dəniz turlarının həyata keçirilməsi ilə məşğul olan «Royal Caribbean Cruises» («Royal Caribbean International», «Celebrity Cruises», «Azamara Club Cruises»), «Pullmantur Sruises», «NCL i Costa Sruises», «Oceania Sruises», «Regent Seven Seas Cruises» turizm şirkətləri barədə geniş təqdimatla çıxış etdi.

«Millennium Tourism & Congress DMC»yə səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirən Olqa Uşakova qeyd etdi ki, bu əməkdaşlıq nəticəsində ötən il kruiz səfərlərinə çıxan Azərbaycan vətəndaşlarının sayı əhəmiyyətli dərəcədə artıb.

 

Azərbaycana kruiz səfərləri təşkil etmək mümkündür

 

«Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Rusiyanın kruiz səfərlərinin təşkili ilə məşğul olan «INFLOT Cruise & Ferry» şirkətinin Bakıda bir neçə dəfə təqdimatı keçirilib. Bu təqdimatların məqsədi Azərbaycan vətəndaşlarını turizmin bu növü ilə məlumatlandırmaqdır. Onun sözlərinə görə, son beş ildə əhalinin kruiz səfərlərinə daha çox maraq göstərdiyi müşahidə olunur: “Kruiz səyahətləri eksklüziv bir istiqamətdir. Bir həftəlik, 14 günlük səyahət müddətində insanlar müxtəlif ölkələri görmək, gəzmək imkanı əldə edirlər. Kruiz gəzintiləri ilə bağlı hazırlanan paketlər «Hər şey daxil» sisteminə daxildir. Kruizin özünün bəlli bir müştəri seqmenti var. İldən-ilə bu səyahət növünə üstünlük verən vətəndaşlarımızın sayı artır. Turizm şirkətləri nümayəndələri üçün mütəmadi olaraq bu istiqamətdə infoturlar təşkil olunur. Bu il iki infoturun keçirilməsi nəzərdə tutulur».

Ölkəmizə də kruiz səfərləri təşkil etməyin mümkünlüyünə toxunan həmsöhbətimiz bildirdi ki, bu istiqamətdə bir müddət əvvəl Dünya Turizm Təşkilatının ekspertləri və Mədəniyyət və Turizm Nazirliyi nümayəndələrinin turizm şirkətləri rəhbərləri ilə görüşləri olub: “Bu görüşlərdə Xəzər dənizində kruiz marşrutunun təşkili ilə bağlı layihə müzakirə olundu. Layihədə Xəzəryanı ölkələr, o cümlədən Qazaxıstan, Azərbaycan, Rusiya iştirak edir. Gələcəkdə Türkmənistan və İranın da bu layihəyə qoşulması gözlənilir. Xəzərin statusu müəyyən olunandan sonra hesab edirəm ki, dənizdə bu kruizlərin təşkili ilə bağlı layihələr həyata keçirmək olar».

Ruslan Quliyevin fikrincə, əsas məsələ Xəzərin şərtlərinə uyğun gəmilərin Azərbaycana gətirilməsidir: «Xəzər küləkli dənizdir. Digər dənizlərə çıxışı yoxdur. Digər tərəfdən, kruiz üçün lazım olan gəmini də başqa ölkələrdən gətirmək çətindir. Bu gəmi texniki şərtlərə cavab verməlidir. Tutumu isə ən azı 400 nəfər olmalıdır. Bundan az sərnişinlə bu layihəni həyata keçirmək rentabelli olmaz. Təbii ki, bütün bunları nəzərə aldıqdan sonra kruiz layihəsinin gerçəkləşdirilməsi Azərbaycanın turizm potensialının tanıdılması baxımından çox əhəmiyyətlidir».

Şirkət rəhbəri bildirdi ki, hazırda hökumətlərarası komissiyalarda da bu məsələlərə baxılır: «Təbii ki, bununla bağlı qərarı dövlətlər verməlidir. Bu gün biz bəzi bayramlarda Xəzərdə müəyyən gəzintiləri təşkil edirik. 2015-ci ilin Avropa Olimpiya oyunları ilə bağlı tədbirlər planına da bu məsələ daxil olunub. Bu məqsədlə nümunəvi gəzinti gəmilərinin gətirilməsi nəzərdə tutulur».

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 9.