Goranboy abidələri qədim memarlıq irsimizin nümunələridir

 

Bədnam qonşularımız zaman-zaman bu irsə sahib çıxmağa çalışıblar

 

Ölkəmizin ərazisi tarixi memarlıq nümunələri ilə zəngindir. Müxtəlif bölgələrdə aparılan arxeoloji qazıntılarda bir çox qədim abidələrin, tikililərin qalıqları üzə çıxır. Goranboy rayonu da belə nümunələri ilə seçilən bölgələrimizdəndir. Rayonda yerləşən abidələr öz strukturu, məxsusi memarlıq elementləri ilə diqqət çəkir. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Rizvan Qarabağlı ilə söhbətimiz bu barədədir.

- Rizvan müəllim, Goranboy abidələrinin ümumi mənzərəsi ilə bağlı fikrinizi bilmək maraqlı olardı.

- Goranboy ərazisindəki memarlıq abidələri içərisində Borsunlu, Şəfikürd və Rəhimli türbələri xüsusi yer tutur. Aran memarlıq üslubunda tikilən bu abidələr milli memarlıq sənətimizin ən yaxşı nümunələrindən sayılır. Türbələr xəttatlıq, həkkaklıq, memarlıq, epiqrafik, rəssamlıq və sənətşünaslıq baxımından diqqəti cəlb edir. Eyni zamanda insan əməyinin qüdrətini, sənətkar zövqünün incəliyini nümayiş etdirir. Bu türbələrdə dövrün görkəmli şəxsiyyətləri - tarixçilər, səyyahlar, şairlər, sənətkarlar və s. dəfn edilib. Goranboy türbələri yerli tikinti materiallarından - əhəngdaşı və ya bişmiş kərpicdən inşa olunub. Ümumiyyətlə, aran Qarabağ, Goranboy, MilMuğan türbələrinin tikintisində bişmiş kərpicdən, bəzəklərində isə firuzəyi rəngli kaşıdan gen-bol istifadə edilib.

- Bu abidələrin tarixi, kimlərin şərəfinə inşa olunması və quruluşu haqqında hansı bilgilər var?

- Rayonun Borsunlu kəndindəki qəbirüstü abidələr çoxbucaqlı türbələr qrupuna daxildir. Hamısı qırmızı kərpiclə hörülüb, üstü günbəz üsulunda bağlanıb və içəridən gəclə suvanıb. Bu türbələr haqqında qaynaqlarda məlumat azdır. Lakin aparılan arxeoloji araşdırmalar zamanı abidələrin bir çoxunun XIII-XV əsrlərə aidliyi sübut olunub. Səfikürd kəndindəki Xudu baba türbəsi XVII əsrdə ucaldılıb. Memarlıq tarixində Gəncə hörgüsü adı ilə tanınan bu tikinti üslubunun əsas xüsusiyyəti çay daşının bişmiş kərpiclə birlikdə müəyyən naxış şəklində işlənməsidir.

Rəhimli türbələri isə tarixçi-salnaməçi Mirzə Adıgözəl bəy Qarabağinin (XIX əsr) ailəsinə məxsusdur. Türbələr yerüstü hissədən ibarətdir. Nisbətən böyük dörd abidə bişmiş qırmızı kərpiclə, iki kiçik abidə isə çay daşından inşa edilib. Onların hamısı eyni sırada olmaqla bir-birindən 10 metr məsafədədir. Türbələrin daxili hissəsi çoxbucaqlı fiquru xatırladır. Yuxarı hissələrini sönük rəngli karnizlər bəzəyir. Türbələrin üstündəki kitabələrdən birincisi 1848-ci ildə, sonuncusu isə 1872-1873-cü illərdə yazılıb.

- Rayon ərazisində olan alban məbədləri haqqında nə deyə bilərsiniz?

- Goranboyun Meşəli, Yuxarı Ağcakənd, Buzluq, Erkəs, Qaraçinar, Börü yaşayış məntəqələrində V-VIII əsrə aid alban məbədləri hələ də qalmaqdadır. Bu abidələr eramızın I əsrindən XVII-XVIII əsrlərə qədər böyük bir dövrü əhatə edir. Xalqımıza qarşı tarixən ərazi iddiası ilə çıxış edən bədnam qonşularımız bu abidələrə də ahib çıxmaq istəyiblər. Bunun üçün müxtəlif vasitələrə əl atıblar. Abidələrin kitabələrini pozaraq ermənilərə aid olması barədə saxta yazılar əlavə ediblər. Məsələn, Meşəli kəndində yerləşən alban məbədində aparılmış tədqiqatlardan məlum olub ki, abidə VII əsrdən əvvəl inşa edilib, XII-XIII əsrlərdə bərpa edilib. Məbəddəki kitabələrdən birində onun tarixi və bərpa olunduğu dövr 1230-cu il göstərilir. 1984-cü ildə Ermənistandan gəlmiş “epiqrafistC.Karapetyan “tədqiqat” adı ilə abidə üzərində bəzi düzəlişlər edib. Sözləri erməni dilinə uyğunlaşdıraraq onu Koqeri kilsəsi adlandırıb.

- Borsunlu və Sarıçoban kurqanlığında aşkar edilən xaç şəkilli məzar və şirəli maddi-mədəniyyət nümunələri də tarixşünaslığımız üçün əhəmiyyətlidir...

- Tarixdən məlumdur ki, Azərbaycanda qədimdə oda sitayiş edilib. Əcdadlarımız oda qoruyucu, müqəddəs və təmizləyici qüvvə kimi baxıblar. Xaç, sivastika (çərxi-fələk) kimi işarələr odun, işığın, hərəkətin rəmzi rolunu oynayıb. E. ə. XIII-XII əsrlərə aid Borsunlu kurqanlığından tapılan dərin boşqabların səthi xaç nişanının müxtəlif variantları ilə bəzədilib. Sarıçoban (e.ə. XII-XI əsrlər) kurqanlarındakı qəbirin xaç şəklində qazıldığı müəyyən edilib. Göstərilən misallar isə xaç işarəsinin xristianlıq dinindən çox-çox əvvəl mövcud olduğunu, onun tamamilə başqa rəmzi məna daşıdığını göstərir. Xaç daşlar üzərindəki naxışların məzmunu qədim tayfaların dini əqidəsi ilə bağlı olub. Bütpərəstlik dövründə dini təsəvvür kimi formalaşıb. Xristianlıq dövründə isə müqəddəs bir bəzək növünə çevrilib. Həmin dövrlərdə inşa edilən alban məbədlərində işığın, odun müqəddəsliyin rəmzi kimi xaç işarələri qoyulub. Bu, alban tayfalarının öz dini etiqad və inamlarına sədaqətinin rəmzi olub.

1828-ci ildən sonra bu ərazilərə köçürülən ermənilər zaman-zaman bu abidələri özününküləşdirməyə çalışıblar, buna nail olmadıqda isə bir çox tarixi abidələri, o cümlədən qədim qəbirüstü abidələri dağıdıblar. Mənəşli kənd qəbiristanlığında qədim qəbirüstü abidələrin dağıdılması buna sübutdur. Sındırılan abidələrdən birinin sinə daşında ərəb dilində onun 1365-ci ilə aid olduğu göstərilib. Bu abidənin salamat qalan hissəsində aşağıdakı sözlər yazılıb: “Boyari Kərbəlai Həsənin köməkliyi ilə. Hüseynin qəbri”. Yaxud Erkəc və Buzluq kəndləri arasında IV əsrə aid edilən, qaya daşları və əhəng qarışığından tikilən məbəd-qurbangaha (hazırda uçmuş vəziyyətdədir) yerli əhali yüz illər pir kimi baxıb. Bu gün də həmin məbəd sakinlər tərəfindən ziyarət olunur.

Son vaxtlar Goranboy Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən xeyli abidə qeydə alınıb. Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi bu istiqamətdə təqdirəlayiq görür. Goranboy abidələrindən bəhs edən toponimik arxeoloji bələdçi bukleti rayonun tarixi abidələri haqqında maraqlı məlumat verir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 15.