Memorial Soyqırımı Muzeyi
Azərbaycanın tarixi həqiqətlərinin, xalqımızın zaman-zaman yaşadığı faciələrin, erməni şovinistlərinin kənar havadarlarının köməyi ilə soydaşlarımıza qarşı həyata keçirdikləri qırğınları, etnik təmizləmə və deportasiya faktlarının yayılmasında, beynəlxalq ictimaiyyətə çatdırılmasında bu mövzuda muzey ekspozisiyalarının təşkilinin xüsusi önəmi var. Son illər bu istiqamətdə müxtəlif qurumlar tərəfindən vacib layihələr reallaşdırılır.
Fevralın 24-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında açılışı keçirilən Memorial Soyqırımı Muzeyi də bu qəbildəndir. Muzeyin açılışında Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov, insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova, işğal olunmuş rayonlarımızın icra hakimiyyətlərinin başçıları, Milli Məclisin deputatları iştirak ediblər.
Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, sənədlər, faktlar və istintaq materialları əsasında yaradılan muzeyin XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib.
Muzey 4 bölmədən - tarix, deportasiya-repressiya, soyqırımı və terror bölməsindən ibarətdir.
Tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağıdılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar yer alıb. Sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar var. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının (1918) məlumatları, sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri, “Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin deportasiya və sürgün mərhələsi” kompozisiyası təqdim olunur. Həmçinin 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətləri haqqında cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasını əks etdirən fotoşəkillər sərgilənir.
Muzeyin soyqırımı və terror
bölmələrində erməni silahlı birləşmələri
və keçmiş sovet
ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalı şəhərinə birgə hücumunu
əks etdirən maket və fotolar, habelə digər eksponatlar
yerləşdirilib. Həmin bölmədə işğal zamanı Xocalını və ətraf
əraziləri özündə əks etdirən 1:7500
miqyasında maket qurulub.
Respublika
Hərbi Prokurorluğu tərəfindən
aparılmış ibtidai istintaq
materiallarına uyğun olaraq
hücum zamanı erməni silahlı birləşmələri
və 366-cı alayın bölmələrinin yerləşdiyi
ərazilər və onlar tərəfindən
xüsusi amansızlıqla kütləvi
qətlə yetirilmiş dinc
əhalinin meyitlərinin olduğu
yerlər də maketdə öz əksini
tapıb. Muzeydə həmçinin Xocalıda, Meşəlidə,
Qaradağlıda və Qarabağdakı digər
yaşayış məntəqələrində erməni
cinayətlərinin izlərini əks etdirən əşyaların
fotoşəkilləri yer alıb.
Mədəniyyət.- 2014.- 26
fevral.- S. 16.