Milli İncəsənət Muzeyində “İthafkonserti

 

Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın “İthaf” adlı konserti təqdim olundu.

Konsertdən öncə jurnalistlərə müsahibə verən pianoçu gecənin Milli İncəsənət Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə ərsəyə gəldiyini dedi.

Bildirdi ki, konsert görkəmli Azərbaycan bəstəkarları - SSRİ Xalq artisti Qara Qarayev, əməkdar incəsənət xadimləri İsmayıl Hacıbəyov, Fərəc Qarayev, bəstəkar Cahangir Qarayev və XX əsrin böyük rus bəstəkarı İqor Stravinskinin yaradıcılığına ithaf olunub: “2013-cü ildə dahi Qara Qarayevin, İqor Stravinskinin, Fərəc Qarayevin yubileyləri qeyd edildi. Bu il İsmayıl Hacıbəyovun 65 illik yubileyi, Cahangir Qarayevin anadan olmasının 64-cü ildönümüdür. Ona görə də bu bəstəkarların əsərlərini konsertimə daxil etdim. Proqramda bəzi əsərlər Azərbaycanda ilk dəfə ifa ediləcək. Cahangir QarayevinOn pyesi belə əsərlərdəndir. 2012-ci ilin sonunda onun vəfatı məni çox təsirləndirdi. Bu əsəri tələbəlik illərində eşitmişdim. Qərara gəldim ki, bu əsəri bütöv şəkildə ifa edim. Bu gün, demək olar ki, müəllimlərimə həsr edilən bir gündür. Çünki dərin hörmət bəslədiyim müəllimlərimin əsərlərini ifa edəcəyəm”.

Ülviyyə Hacıbəyova vurğuladı ki, bu gün musiqi sahəsində yeniliklər, insanların təfəkküründə, düşüncələrində oyanma baş verir: “Elə bu səbəbdən də müasir musiqiyə də maraq artır. Düzdür, professional musiqiçilər hər zaman müasir musiqini qiymətləndirmişlər, amma bu gün artıq kütləvi tamaşaçıda bu musiqiyə maraq artıb”.

Konsertdə Qara Qarayevin “6 uşaq”, “3 prelüd”, Fərəc Qarayevinİkinci sonata”, İqor StravinskininSerenada”, İsmayıl Hacıbəyovun “Albomdan səhifələr”, Cahangir QarayevinOn pyes” və digər əsərlər səsləndirildi.

Böyük maraqla qarşılanan konsert proqramı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı hər bəstəkar haqqında video-slaydın nümayişi ilə müşayiət olunurdu.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 28 fevral.- S. 2.