Əmir Teymur obrazı Azərbaycan ədəbiyyatında

 

Daşkənddə keçirilən konfransda azərbaycanlı alimlərin də məruzələri dinlənilib

 

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmir Teymurun dünya tarixindəki yerimövqeyimövzusunda elmi konfrans keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, yazıçı-publisist Yunus Oğuz, universitetin professor-müəllim heyəti, elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

İştirakçılar əvvəlcə dahi Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyublar.

Tədbiri universitetin rektoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov açaraq qonaqları konfrans iştirakçılarına təqdim edib. O, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə fəaliyyətləri haqqında məlumat verib, tədbirin əhəmiyyətindən danışıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev xalqlarımızın qardaşlıq əlaqələrinin tarixindən, ölkələrimiz arasında əməkdaşlığın hazırkı vəziyyətindən söz açıb, böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun dünya tarixində yerimövqeyi haqqında fikirlərini bölüşüb.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “Əmir Teymur obrazı Azərbaycan ədəbiyyatında” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın şair və yazıçıları zaman-zaman Əmir Teymur haqqında əsərlər yaradıb. Böyük Azərbaycan şairi Hüseyn CavidinTopal Teymur” əsəri və Yunus Oğuzun “Əmir Teymur” romanı buna bariz misaldır: ”Əmir Teymur bilirdi ki, tarix yaradır. O, böyük sərkərdə və dövlət xadimi olmaqla yanaşı, həm də poeziya həvəskarı idi”.

Yazıçı-publisist Yunus Oğuz “Əmir Teymur” romanının yaranma tarixçəsindən danışıb. Tarix elmləri namizədi Azadə Raxmatulayevanın “Əmir Teymurun Azərbaycandakı quruculuq fəaliyyəti”, jurnalist Rüstəm Cabbarovun “Əmir Teymur və ədəbiyyat” mövzularında məruzələri də maraqla qarşılanıb.

Sonra Əmir Teymur haqqında sənədli film nümayiş etdirilib.

 

Mədəniyyət.- 2014.- 28 fevral.- S. 4.