Londonda soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert

 

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, iştirakçılar “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış köynəkləri nümayiş etdiriblər.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Diplomat Xocalıda törədilmiş hadisələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən soyqırımı olduğunu diqqətə çatdırıb. “Xocalı həftəsi” çərçivəsində Britaniyada və dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdən bəhs edən səfir bu faciəni dünya ictimaiyyətinə çatdırmağın əhəmiyyətini vurğulayıb.

Britaniya parlamentinin Mühafizəkarlar Partiyasının üzvü Kristofer Pinçer Xocalı soyqırımının sıradan bir hadisə olmadığını bildirib. Azərbaycan dövlətinin, xalqının bu hadisəni unutmamağının və dünya ictimaiyyətini məlumatlandırmaq üçün göstərdiyi səylərin təqdirəlayiq olduğunu deyib.

Tədbirdə Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib. Sonra musiqi proqramı təqdim olunub. Azərbaycanlı skripkaçılar Səbinə Rakçeyeva, Nəzrin Rəşidova və “FeMusa” ansamblının ifasında Fikrət Əmirovun, Cakomo Puççini, Yohann Sebastian Bax, Ernest BlokAqşin Əlizadənin musiqiləri səsləndirilib.

Fransız bəstəkar Pyer Tiluanın soyqırımına həsr etdiyi “Xocalı 613” simfoniyası da proqramda xüsusi yer tutub.

 

Mədəniyyət.- 2014.- 28 fevral.- S. 5.