Səmaya boylanan rənglər
“Göylərin qəribə
və ecazkar bir cəzbetmə
qüvvəsi var”
Əməkdar rəssam Görüş Babayev 1943-cü ildə Bakıda anadan olub. Dövrünün sayılıb-seçilən ziyalılarından biri, Azərbaycanda istedadlı jurnalist kadrlarının hazırlanmasında müstəsna xidmətləri olan, alim, istedadlı yazıçı Nurəddin Babayevin ailəsində boya-başa çatıb. Böyüdüyü mühit onu erkən yaşlarından incəsənət aləminə gətirib.
Atasının yaxın dostlarından olan məşhur heykəltəraş Cəlal Qaryağdı Görüşün hələ uşaq yaşlarından rəngləri rənglərə calamaqdan usanmadığının şahidi idi və onu gələcəyin rəssamı kimi görürdü. Görüş Babayev 12 nömrəli musiqi məktəbinin fortepiano sinfində oxuyub, bu sahədə istedadı vardı. Bunu görən ailənin yaxın dostu - görkəmli bəstəkar Fikrət Əmirov onun yaxşı musiqiçi ola biləcəyini düşünürdü.
Amma tale elə gətirir ki, Görüş Babayev 1959-cu ildə sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin heykəltəraşlıq şöbəsinə verir və beləcə bir sənətkarın yaradıcılıq yolu başlanır. O, dövrün bir çox gənc rəssamları kimi, məktəbi bitirəndən sonra Leninqradda (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının monumental heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. Sonra vətənə qayıdaraq bu günə kimi bir çox dəyərli sənət əsərlərinə imza atıb.
Əməkdar rəssamla söhbətimiz zamanı bu sözləri xüsusilə yadımda qaldı: “Nə yaxşı ki, mən o vaxt Leninqradda qalmadım. Belə olsaydı, mən bütünlüklə Azərbaycana məxsus rəssam ola bilməzdim. Əsərlərimdə azərbaycançılıq o qədər də hiss olunmazdı...”.
Bu gün istedadlı heykəltəraşın həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda sənətsevərlər tərəfindən yüksək dəyərləndirilən əsərləri çoxdur. Böyük Azərbaycan şairi Mirzə Şəfi Vazehə Gəncədə ucaldılan abidə, Türkiyənin Ərzurum şəhərində “Arfa çalan qız”, Sumqayıtda Nizami Gəncəvinin heykəli, 20 Yanvar şəhidlərinə abidə...
Heykəltəraşın yaradıcılığından söhbət açarkən iki əsəri xüsusi qeyd etmək gərəkdir. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli və bu yaxınlarda Bakıda ucaldılan “Dədə Qorqud” abidəsi: “Həyatımda iki hadisənin böyük izi qalıb. Sankt-Peterburqda Nizami Gəncəvi və Bakıda “Dədə Qorqud” abidələrinin açılışı. Bu hadisələrin hər ikisi yaradıcılığımda unudulmaz anlardır. Birinci heykəli ümummilli lider Heydər Əliyev, ikincisini isə cənab Prezident İlham Əliyev açdı”.
Xatirələr...
- Sənət seçimimdə çox da çətinlik çəkməmişəm. Kiçik yaşlarımdan həm rəsm çəkirdim, həm də musiqi məktəbində oxuyurdum. Orta məktəbi bitirəndə isə seçimim təsviri sənət oldu. Düzü, nəyə görə bu sənəti seçdim, bunu bilmirəm, sadəcə, seçdiyim yoldur. Sözsüz ki, yaratdığım bütün əsərlərdə musiqinin də təsiri var. Bizim ailədə anam da, nənəm də gözəl piano ifa edirdilər. Mən şadam ki, yaratdığım əsərlərdə musiqinin də izi var. İstər heykəl olsun, istər qrafika, bütün bunlarda musiqinin ştrixlərini hiss etmək mümkündür. Amma tam mövzu olaraq musiqi ilə vəhdət təşkil edən bir əsər işləmək fikrimdən keçməyib.
“Dədə
Qorqud” abidəsi necə yarandı?
- Eşitdim ki, abidə ilə bağlı müsabiqə
keçirilir. Mən də
öz işimi və təklifimi verdim. Yəqin ideyam bəyənildiyi
üçün mənim
əsərim seçildi.
Sonra həmin işin üzərində bir neçə eskizlər edərək uzun zaman işlədim, bu eskizlər cənab Prezidentə təqdim edildi və təsdiqləndi.
Belə bir sual ola
bilər ki, bu heykəl vasitəsilə nə demək istəyirəm? Məncə,
“Dədə Qorqud” dastanı özü artıq hər şeyi deyib. Onda bizim xalqımızın
fəlsəfəsi, etikası,
adət-ənənəsi, böyüyə
hörmət və s.
bütün nüanslar
toplanıb. Bu abidə üzərində
işləməyə başlayanda
böyük qarşısında
öz yerini bilən gəncliyi gördüm, onun fonunda ana məhəbbətini,
valideyn-övlad sevgisini
gördüm. Bütün bunları
ürəyimin səsi
və fəlsəfəmə
uyğun yaratdım.
Heykəldəki ağac bir simvoldur. Kökü yerdə,
amma özü səmaya yüksələn
bir ağac. Bu məni daha
çox düşündürürdü.
Düzdür, bu günə
qədər yaratdığım
heykəllərin hər
biri öz fəlsəfəsinə uyğun
olaraq çətin, düşündürücü və məsuliyyətli işlər olub. Məncə,
bütün rəssamların,
heykəltəraşların yaratdıqları böyük
işlərin hamısında
çətinlik çəkdikləri,
sual qarşısında
qaldıqları məqamlar
olub. Düzü,
“Dədə Qorqud”a həsr etdiyim zamanı gözəl vaxt adlandırıram. Sankt-Peterburqda yaratdığım
Nizami Gəncəvi heykəli və “Dədə Qorqud” düşündürücü əsərlərdir. Bu mövzular mənə yaxındır. Onlar mənəvi
qida olmaqla yanaşı, həm də sənətkarı tərbiyə edir. Etiraf edim ki, mən
savaş mövzusunu xoşlamıram. Bir dəfə
mənə belə bir sifariş oldu, inanın mən o heykəli çox ağır işlədim. Amma 20 Yanvar
şəhidlərinə həsr
etdiyim işim var. Bu hamımızın yarasıdır.
Qarşıda işlərim çoxdur.
Arzuladığım müəyyən mövzular var ki, onların gerçəkləşməsini istərdim. Bir dəfə demişdim
ki, şəhərimizdə
dahi bəstəkar Qara Qarayevin heykəlinin ucaldılmasını
arzulayıram. Bu arzum həyata keçdi. Sözsüz, müəllif olmaq
arzum var idi. Hər bir rəssamın,
heykəltəraşın hansısa
əsəri yaratmaq arzusu olur. Hər bir aktyor hansısa
obrazı yaratmağı,
rejissor hansısa əsəri səhnələşdirməyi
arzuladığı kimi.
Heykəlin müəllifi mən
olmasam da, çox sevinirəm ki, bu layihə
gerçəkləşdi. Biz öz dahilərimizi
unutmamalıyıq, onlar
həmişə göz
qabağında olmalıdırlar
ki, gələcək nəsil də onları tanısın.
Heykəli çox bəyəndim,
onu da deyim
ki, Qara Qarayevin portretini yaratmışam və həmin əsər bəstəkarın adını
daşıyan musiqi məktəbindədir.
Səmaya sevgi...
Göyə ucalan hisslər, duyğular... səmaya sonsuz məhəbbət. Bəlkə də
bu məhəbbət rəssamın poeziyaya vurğunluğunun bir hissəsidir. Görüş Babayev arada bir
şeirlər də yazır. Səmaya sevgisinin haradan qaynaqlandığını bu
cür izah edir: “Biz uşaq olarkən Abşeron bağlarında vəziyyət
indiki kimi deyildi. Bağlar hasarsız, çəpərsiz
idi. Bakı küləyi bağları
sığallaya-sığallaya xəzridən gilavara, gilavardan xəzriyə ötürürdü. Dəniz də
bu küləklərlə
birlikdə nəğmə
oxuyurdu. Həmişə bağa getdiyim zaman uzanıb saatlarla səmaya baxardım. İndinin özünə qədər
bu xasiyyətimdə qalıram. Göylərin qəribə və
ecazkar bir cəzbetmə qüvvəsi
var”.
Sənətkardan atası Nurəddin Babayevlə bağlı xatirələrini də bizimlə bölüşməyi
xahiş edirəm, atasına həsr etdiyi hər hansı bir əsəri varmı deyə soruşuram. Deyir ki, Nizaminin heykəlini
yaradarkən atamın
baxışlarını əks
etdirməyə çalışmışam:
“Nə qədər alınıb bilmirəm. Onun özünəməxsus baxışı
vardı. Bütün atalar
oğulları üçün
ideal atadır. Mən Leninqradda
oxuyanda atam mənə məktublar yazırdı. Etiraf edim
ki, cavanlıq idi, birini oxuyurdum
birini oxumurdum. Bir dəfə oturub söhbət etdiyimiz vaxt atam hiss etdi ki, mən onun
məktublarını oxumuram.
Onda mənə dedi ki, sənə
yazdıqlarım məktubları
çap etdirəcəyəm,
bəlkə onda kitab kimi oxuyasan.
Beləliklə də atamın
məşhur “Oğluma
məktublar” kitabı
ərsəyə gəldi”.
Qəriblik...
- On il Türkiyədə
müəllimlik fəaliyyəti
ilə məşğul
oldum, heykəltəraşlıqdan
dərs dedim. Türklərdə heykəltəraşlıq sənəti bizə nisbətən yeni sənətdir. Bunun da müəyyən səbəbləri
var. Müasir türk gəncləri, yeni nəsil bu sahəyə
meyllidirlər. Onlarda heykələ
böyük maraq var. Orada olduğum zaman “Türkiyə yuxuları” silsiləsindən
əsərlərim yarandı.
Qardaş ölkə olmasına
baxmayaraq, yuxularımda
tez-tez Azərbaycanı
görürdüm və
bu yuxulardan təsirlənib həmin rəsm əsərlərini
yaratdım.
Əməkdar rəssam sənətə
gələn gənclərlə
bağlı fikirlərini
də bildirdi: “Bəzən onlara həsrətlə baxıram.
Çünki bizim dövrlə
onların gənclik dövrü arasında nə qədər fərqlər var. İndi gənc rəssamlar üçün “yox” sözü, qadağa yoxdur. Nə istəyirsən, necə istəyirsən yarat. Yaradıcılıqda tam azaddırlar. Amma onların səmimi, rəssam vicdanları qarşısında təmiz
olmalarını arzulayıram.
Çünki ancaq bu yolla əsl sənətə gedən yolu tapmaq mümkündür”.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 28
fevral.- S. 8.