“Mən evə
qayıdıram”
Premyera
“Arzu
edirəm ki, doğma
torpaqlarından uzaq düşən didərgin
soydaşlarımız bir gün
sevinərək bu sözləri desinlər”
Fevralın 26-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında istehsal olunan “Mən evə qayıdıram” bədii filminin təqdimatı keçirildi. Xocalı soyqırımının 22-ci ildönümündə ekrana çıxan hərbi vətənpərvərlik mövzulu film Qarabağ müharibəsində şəhid olmuş igid şahinlərimizin xatirəsinə həsr olunub.
Filmin rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəli, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Vüqar Camalzadə, icraçı prodüseri Nazim Hüseynovdur. Ekran əsəri hərbi təyyarəçi Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xocalı faciəsinin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini bildirdi: “Hadisələrin şahidi olan insanlar bu tarixi hər zaman yaşadacaqlar. Bugünkü və gələcək nəsillər Xocalı həqiqətləri barədə dolğun informasiyaya malik olmalıdır. Vətənpərvər olmaq üçün yalnız qələbələrdən danışmaq yetmir, bunun üçün vətəndaş öz tarixinin faciəli hadisələrini də bilməlidir”.
Nazir qeyd etdi ki, gənc nəslin tərbiyəsində vətənpərvərlik mövzusu olduqca böyük rol oynayır. Qarabağ müharibəsinin mahiyyətini dərk etmək üçün müxtəlif yanaşmalardan istifadə olunmalıdır: “Məhz kino sənəti bu anları yaşatmaq, təbliğ etmək üçün mühüm imkanlar yaradır. Bu gün Xocalı faciəsi haqqında bütün dünya ictimaiyyəti məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə təbliğat işləri həyata keçirilir. Vaxtı ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan vətənpərvərlik mövzusunda ssenari müsabiqəsi öz müsbət nəticələrini verməkdədir. Təqdim olunan film bunun bir nümunəsidir. Nəzərinizə çatdırım ki, bu müsabiqə davam edəcək. Biz bu mövzuya daima müraciət etməliyik”.
Ekran əsərində xüsusilə gənc nəslin təmsil olunmasını müsbət dəyərləndirən Əbülfəs Qarayev bildirdi ki, Xocalı soyqırımı törədilən zaman onlar hələ uşaq yaşlarında idilər, amma bu faciəni öz daxillərində yaşadaraq vətənlərinə məhəbbət hissini nümayiş etdirə biliblər: “Film birbaşa Xocalı faciəsindən bəhs etməsə də, real tarixi hadisələr üzərində qurulub. Azərbaycan ərazisindəki keçmiş sovet qoşunları, onların alətə çevrilmələri, Azərbaycan zabitlərinin vətənə məhəbbət hissi, 1990-cı illərin əvvəllərində baş verən hadisələrə baxışlar filmdə əksini tapıb”.
Filmin digər önəmli tərəfi isə onun ustad aktyor, Xalq artisti Yaşar Nurinin çəkildiyi son ekran əsəri olmasıdır: “Biz onun oyununda yumorla yanaşı, faciəni yaşamağa imkan verən bir obrazı görəcəyik. Film hamımızı düşünməyə vadar edir. Biz bu filmə baxaraq dərk etməliyik ki, Azərbaycan belə faciələri təkrar yaşamamalıdır. Bunun üçün bütün cəmiyyət, gənclər Xocalı soyqırımını yaddan çıxarmamalıdır”.
Filmin təqdimatının Xocalı soyqırımı günündə keçirilməsinin təsadüfi olmadığını deyən nazir Azərbaycan xalqının bütün faciələri keçə bilən, şəhidlərin ruhu qarşısında baş əyərək eyni zamanda özünü uca tutmağa qadir, mübariz bir xalq olduğunu vurğuladı: “Biz cənab Prezidentimizin rəhbərliyi ilə ərazi bütövlüyümüzü təmin edəcəyik”.
Sonra ekran əsərinin yaradıcı heyəti səhnəyə dəvət olundu. Rejissor Samir Kərimoğlu filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirdi və doğma torpaqlarından uzaq düşən didərgin soydaşlarımızın bir gün sevinərək “Mən evə qayıdıram” kəlməsini işlətmələrini arzuladı.
Rusiyalı aktyor Vladimir Yakovlev filmə dəvət olunduğuna görə təşəkkürünü bildirdi: “İnanıram ki, filmdəki oyunumdan razı qalacaqsınız. Fikirləriniz müsbət olacaq, rejissor və prodüser məni seçməyinə peşman olmayacaq”.
Çıxışlardan sonra film nümayiş olundu. Ekran əsərində
xalq artistləri Yaşar Nuri, Fuad Poladov, aktyorlar
Emil Bədəlov, Elçin
Mehdi, Vladimir Yakovlev, Yaqub Zeynalov, Murad Abdullayev, Elşən Hacıbabayev,
Kamran Ağabalayev, Sevzixan Serderov, Yaroslav Trifonov, Oleq Əmirbəyov, Azər Aydəmir, Emil Axundov və Yelena Malışeva çəkiliblər.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 28
fevral.- S. 9.