Hər zaman xatırlananlar

 

Hərdən keçmişə boylanaraq ötən hadisələri xatırlamaq, yaxşı insanları yada salmaq zərurəti duyursan. Xeyirxah əməl sahibi olanlar haqqında düşündükcə onlarla ünsiyyətdə olduğun üçün özünü xoşbəxt sayırsan. Xoş xatirələrlə yad etdiyim, öz əməlləri ilə müasirlərinin rəğbətini, etibarını qazanmış belə insanlardan biri - rəssam, sənətşünas Rüfət İskəndər oğlu Rəfizadə (1922-1987) haqqında söz açmaq istəyirəm.

Azərbaycan rəssamlığının inkişaf dövrü idi, istedadlı gənclər təsviri sənətin sirlərinə yiyələnmək üçün Rəssamlıq Texnikumuna daxil olurdular. Sənətini bütün varlığı ilə sevən Rüfət Rəfizadə də Rəssamlıq Texnikumunu bitirmişdi. Dövrün çox gəncləri kimi onu da həyat çətin imtahana çəkdi. Sevimli sənətindən ikiəlli yapışmağa macal tapmamış müharibə başlandı. 1941-ci ildə, 19 yaşında müharibəyə yola düşdü. Stalinqraddan Berlinə qədər qanlı-qadalı döyüş yolu keçdi. Yaradıcılıq eşqi ilə yaşayan gənc rəssam həyatın sərt üzünü gördü. Alova bürünmüş səma, atılan bombalar, yağış kimi yağan mərmilər, yanıb külə dönmüş şəhərlər, dağıdılmış memarlıq abidələri, talan olunmuş muzeylər, silaha sarılmış yetkinlik yaşına çatmayan uşaqlar, qəhrəman qız və gəlinlər, valideynlərini itirmiş uşaqlar, uçmuş evlərin altında qalan yaralı insanlar... Bu ağrılı-acılı müharibə yolu gənc rəssamın düşüncəsində silinməz izlər qoydu. Özü də Rüfət müharibədə sıravi əsgər deyil, komandir olmuşdu. Çoxlu sayda orden-medallara layiq görülmüşdü. Müharibə qurtarandan sonra Baltikyanı respublikalarında quruculuq işlərində iştirak etmişdi.

1947-ci ildə Vətənə qayıdan Rüfət bir il sonra Azərbaycan Dövlət Universitetinin sənətşünaslıq fakültəsinə daxil olur. Universiteti müvəffəqiyyətlə bitirir, mədəniyyət və incəsənətin müxtəlif problemlərini əhatə edən yazıları qəzet və jurnal səhifələrində dərc olunur. Həmin dövrdə Rəssamlıq Texnikumunun direktoru işləyən sənətşünas, professor Mürsəl Nəcəfov Rüfət Rəfizadənin işgüzarlığını nəzərə alıb onu tədris hissə müdiri vəzifəsində işləməyə dəvət edir, eyni zamanda sənətşünaslıq fənnindən dərs deməsinə şərait yaradır.

O vaxt Sovet İttifaqının müxtəlif şəhərlərində təhsil alıb qayıdan istedadlı rəssamların əsərlərini nümayiş etdirmək üçün Rəssamlar İttifaqı tərəfindən indiki Muzey Mərkəzinin axırıncı mərtəbəsində sərgilər təşkil edirdilər. 1961-ci ilin martında Lev Tolstoyun nəvəsi SSRİ Mədəniyyət Nazirliyinin xətti ilə Moskvadan Bakıya nümayiş etdirmək üçün sərgi gətirir. Həmin ərəfədə qərara alınır ki, sərgi salonu Mədəniyyət Nazirliyinin balansına daxil edilsin. Rüfət Rəfizadənin təşkilatçılıq bacarığını nəzərə alıb onu sərgi salonunun direktoru təyin edirlər.

Onun rəhbərliyi ilə salonun fəaliyyətində canlanma yaranır, tez-tez sərgilər təşkil olunur. Azərbaycan rəssamları ilə yanaşı, müttəfiq respublikalardan olan fırça ustalarının, heykəltəraşların əsərləri bu sərgi salonunun bəzəyinə çevrilir. Sərgi salonuna geniş tamaşaçı kütlələrini cəlb etmək məqsədilə şəhərlərin idarə və müəssisələri ilə müqavilələr bağlanır, pioner düşərgələrində və təhsil ocaqlarında mühazirələr, sərgilər təşkil edilirdi.

Rüfət Rəfizadə işə qəbul etdiyi insanların xüsusilə mədəni səviyyəsinə diqqət yetirir, sonra qabiliyyətini sınaqdan keçirirdi. Yadımdadır, 1966-cı ildə Fərrux Məsimovu işə qəbul edərkən o, “Azərbaycanfilm” kinostudiyasının nəzdində SSRİ Xalq artisti Ədil İsgəndərovun rəhbərliyi ilə yaradılmış kino aktyorluğu fakültəsində təhsil alırdı. Fərrux eyni zamanda kino çəkilişlərinə də dəvət edilirdi. Buna görə də Rüfət müəllim həmişə ona deyərdi: “Sən qalereyanın orta sütunusan. Sənə heç bir yerə icazə verə bilmərəm”.

Sərgi işinə qəlbən bağlanan, böyük amallarla yaşayan Rüfət Rəfizadənin ən ümdə arzusu sərgi salonunun Dövlət Rəsm Qalereyasına çevrilməsi idi. Bunun üçün o, ardıcıl təşəbbüslərlə çıxış edirdi. Nəhayət, arzusu gerçəkləşdi, Azərbaycan Dövlət Rəsm Qalereyası yaradıldı, yeni bina ilə təchiz olundu.

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin ilk ekspozisiyası 1972-ci ildə İçərişəhərdəki Cümə məscidində açılmışdı. Həmin ekspozisiyanın da memarlıq və bədii tərtibatının müəllifi Rüfət Rəfizadə idi. Keçmiş ittifaq respublikalarının muzey və sərgi salonlarında yüksək səviyyəli ekspozisiyaların təşkil olunmasında onun danılmaz əməyi vardır.

O, axtarışlar apararaq bütün incəlikləri ilə salonda əsl sənət ab-havası yaradır, təbiətin zəngin boyalarından istifadə edərək ekspozisiyanın uğurlu alınmasına nail olurdu. Rüfət müəllim bir rəssam kimi rənglərin yerli-yerində istifadəsinə, harmoniyasına diqqət yetirərək geniş tamaşaçı auditoriyasının diqqətini özünə cəlb edə bilirdi. Qalereyanı bir sənət məbədi səviyyəsində çatdırmışdı. Qalereya dörd bölməni birləşdirirdi; boyakarlıq, heykəltəraşlıq, qrafika və təsviri incəsənət. Rüfət müəllim işinə həddən artıq məsuliyyətlə yanaşırdı. Sərgilərin təşkili zamanı əvvəlcə Mədəniyyət Nazirliyinin nümayəndələri sərgini nəzərdən keçirərək öz fikirlərini bildirirdilər. Bəzi hallarda açılışa kimi o, işçilərlə birlikdə gecə yarısına, səhərə qədər ekspozisiya üzərində işləyərdi. O vaxt respublikanın rəhbəri olan ümummilli lider Heydər Əliyev bu sərgilərin açılışında dəfələrlə iştirak etmiş, hər dəfə öz təəssüratlarını bildirmişdi.

Qalereyada xarici ölkələrdən gətirilən sənət əsərləri, dünyanın nadir fotosərgiləri, gül sərgiləri və s. nümayiş edilirdi. Sənət əsərləri ilə bağlı müsabiqələr təşkil olunurdu. Rəssamlığın bütün sahələrində böyük aparılırdı.

Rüfət Rəfizadə yüksək təşkilatçılıq bacarığı ilə yanaşı, elmi-tənqidi fəaliyyətlə də məşğul olurdu. Xalq rəssamları Elmira Şahtaxtinskaya, Elbəy Rzaquliyev, Nadir Qasımov kimi görkəmli sənətkarlar haqqında monoqrafiyalar yazmışdı. O, öz obyektiv tənqidi fikrini deməkdən çəkinməyən, tələbkar, ətrafındakılara diqqət və qayğı ilə yanaşan əsl insan idi. İncəsənətin təbliği yolunda tükənməz əmək sərf edən, dərin düşüncəyə malik, həyatın rənglərinin mütənasibliyini, gözəlliyini görməyi bacaran, rənglərin poeziyasını təbliğ etmək ehtirası ilə yaşayan sənətkar idi...

Rüfət müəllimin sonsuz arzuları, amalları 65 illik ömrə sığdı. Amma reallaşdırılası qədər planları var idi. Vəfatından on illər keçsə də, onun istedadı, müdrikliyi, humanizmi, təşkilatçılıq bacarığı, qayğıkeşliyi, yüksək mədəni keyfiyyətləri daim yaddaşımızda yaşayacaq...

 

Elmira Məsimli,

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi

 

Mədəniyyət.- 2014.- 28 fevral.- S. 11.