Ağbirçək
şairə ilə unudulmaz
görüşlər
1977-ci ilin payızıydı. Yerli qəzetin redaktoru vəzifəsində çalışırdım. Raykomdan zəng edib dedilər ki, Xalq şairi Mirvarid xanım Dilbazi qonaq gəlib. Bu xəbərə sevindim. Katibin kabinetində görüşdük. Tək deyildi, yanında qonaqlar vardı. Şairə onları təqdim etdi:
- Mikola Upenik Ukraynanın görkəmli şairidir, Azərbaycan poeziyasının yorulmaz təbliğatçısıdır. Hazırda respublikamız haqqında silsilə şeirlər üzərində işləyir. Xanımı Aza Mixaylovna ilə bir həftədir cənub bölgəsini gəzib-dolaşır. Bu diyarın füsunkar təbiətinə, qonaqpərvər insanlarına heyran qalıb. Sizin kəndlərdə də olmaq, ağsaqqallar və ağbirçəklərlə, xalq sənətini yaşadanlarla görüşmək istəyir. İlk görüşümüz Lerik şəhərində xalça sexində oldu. Mirvarid xanım, Mikola Upenik və xanımı xalı toxuyan qızlarla dəzgah arxasında söhbət elədilər, al-əlvan xalçalara baxdılar. Aza xanım hana arxasında oturub bir neçə ilmə vurdu.
Nahar fasiləsində
xalçaçılar sexin
kitabxanasına toplaşdılar. Mirvarid xanım qonaqlar haqqında onlara məlumat verdi. Dedi
ki, ukraynalı şair müharibə veteranıdır, 40-a yaxın
şeirlər kitabının
müəllifidir. Yaradıcılığında müharibə mövzusu
geniş yer tutur. Şair müharibənin ilk günlərindən cəbhəyə
getmiş, Ukraynanın
və Moldovanın faşistlərdən azad edilməsində şücaət
göstərmişdir. O, həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı
İsrafil Məmmədovun
yaxın dostu və silahdaşı olmuşdur.
Mikola Upenik rus dilində yeni çapdan çıxmış “Krasnodon
dəftəri” kitabından
şeirlər oxudu. Mirvarid xanım
şeirləri doğma
dilimizə öz tərcüməsində söylədi.
Görüş başa çatdı. Qızlar Mirvarid
xanımı dövrəyə
aldılar. Şairə onların
hər birini doğma balası kimi bağrına basıb öpdü.
Bədahətən bu
misralar dilində səsləndi:
Naxış üstə naxış
vurub,
Ay xalı toxuyan qızlar!
Sözlü baxıb, sözlü
durub,
Könlümü oxuyan qızlar!
Dəzgahlarmı çiçəklənib,
Ulduzlarmı yerə enib?
Tər qönçələr gülə dönüb,
Gülləri mat qoyan qızlar!
Açıb Vətənin gülləri,
Verin, sıxım o əlləri.
Sevincimi duyan qızlar,
Ay xalı toxuyan qızlar!
Qızlar da qonaqlara borclu
qalmadılar. Hərəsinə kiçik xalça
hədiyyə verib yola saldılar.
Ertəsi gün Zuvand zonasının kəndlərinə
getdik. “Dağlar
qapısı” adlanan yeri keçdik. Qədim kahalar, dərin dərələr, şəlaləli
qayalar arxada qaldı. Bir azdan meyvə
bağları göründü.
Məhsul yığımı yenicə başlanmışdı.
Qələsər kəndində
meyvəçilərlə elə bağda, iş üstündə
görüş oldu. Ağacların altında xalçalar sərildi, samovara od
salındı. Şairlər şeirlər oxudular.
Mirvarid xanım hələ mürəkkəbi qurumamış
“Lerikdə” şeirini
oxudu. Şeir bu misralarla bitirdi:
Mənim də dağlarda
uşaq yaşımdan,
Zirvələr olmuşdur yurdum,
məskənim.
Buludu mirvari töküb
başımdan,
Dumandan toxunub örpəyim mənim.
Zirvəyə qalxanda qaranquş
kimi
Yaz havalı olur ürəyim mənim.
Açılır qarşımda təzə
üfüqlər,
Onunçün Leriki sevdim bu qədər.
Sevdim zirvələrin ucalığını,
Könlümdə dağların havası qaldı.
Lerikin gəncləşən qocalığını
Sevdim, bu yerlərdə ömrüm
çoxaldı.
Ukraynalı şairi dağ rayonunun məktəblərini
görmək çox
maraqlandırırdı. Bir neçə
kənd məktəbində
müəllimlərlə həmsöhbət
oldu. Lerik şəhər internat
məktəbinin Əməkdar
müəllimi Məhərrəm
Kazımovun Azərbaycan-Ukrayna
ədəbi əlaqələri
barədə söhbətindən
qonaqlar məmnun oldular.
İkigünlük görüşlər başa
çatdı. Bir həftədən sonra Mirvarid xanımdan məktub aldım. Lerikə, onun sadə
insanlarına həsr etdiyi şeirləri göndərmişdi. Yerli qəzetdə
çap etdik. Oxucular tərəfindən böyük
maraqla qarşılandı,
redaksiyaya onlarca məktub gəldi. Bu məktublar, təbii
ki, hörmətli şairəyə el məhəbbətindən
xəbər verirdi.
Mirvarid xanımla
əlaqələrimiz kəsilmədi. Bayramlarda həmişə
bizi qabaqlayırdı.
Təbriklər göndərir, zəng
edib xoş arzularını bildirirdi.
Bir ildən sonra Bakıda görüşdük.
Yaradıcılıq planlarından danışdı.
Lerik haqqında şeirlərini
“Məhəbbət bizimlə
qoşa doğulur” kitabında topladığını
və çapda olduğunu söylədi.
Kitab 1979-cu ildə
işıq üzü
gördü. Kitaba salınmış şeirlərin əksəriyyətində
ürəkaçan təbiətimizdən,
Azərbaycanı daha da gözəlləşdirən
insanların arzularından
söz açılırdı.
Bir nüsxəsini Bakıda, pedaqoji institutda təhsil alan qızıma
vermişdi. “Səni
həmişə xoşbəxt
görmək arzusu ilə. Mirvarid Dilbazi” sözlərini
yazmışdı. Bu,
ilk övladıma ağbirçək
xeyir-duası idi.
Ailəmizdə hər dəfə
şairənin kitabı
hörmətlə vərəqlənir.
Kitab “Mənim
anketim”lə açılırdı. Bu, xanım-xatın bir ananın ömrü barədə düşüncələrdir.
Oxuduqca adamın ürəyi açılır, üzü
gülür. Bu qeydləri
həmin yazıdan bir kəlamla bitirmək istəyirəm:
“Dünyada əbədi,
ülvi bir məhəbbət var - o, ana məhəbbətidir”.
Alqış bu məhəbbətə,
rəhmət Mirvarid xanıma!
Həmzə Vəliməmmədov
Mədəniyyət.- 2014.- 28
fevral.- S. 13.