Salyanda Əli bəy Hüseynzadənin yubileyinə həsr olunmuş konfrans

 

Fevralın 24-də Salyan Rayon İcra Hakimiyyəti, Azərbaycan Mətbuat Şurası, Azərbaycan və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə böyük mütəfəkkir Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib.

“Əli bəy Hüseynzadə - türk dünyasının siyasi-ideoloji fikir adamı” mövzusunda konfransın iştirakçıları əvvəlcə mütəfəkkirin adını daşıyan Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Əli bəy Hüseynzadəyə aid eksponatlar, rəsm əsərləri, “Füyuzat” mətbu orqanının ilk nömrəsi maraqla qarşılanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov konfrans iştirakçıların salamlayaraq görkəmli şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsinin tarixi irsimizə diqqətin göstəricisi olduğunu deyib. Prezident İlham Əliyevin sərəncamları ilə xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin 130 illik, görkəmli mütəfəkkir, ədib Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamlarını yüksək qiymətləndirib.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev Azərbaycanda milli istiqlal, maarifçilik ideyalarının təşəkkülü və formalaşmasında Əli bəy Hüseynzadənin əvəzsiz xidmətlərindən danışıb.

ATXƏM-in rəhbəri İlham İsmayıl, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, rayon ziyalısı Qulam Sadiq, Əli bəy Hüseynzadənin Salyanda ucaldılmış abidəsinin müəllifi, heykəltəraş Nəriman Qəhrəmanoğlu, şair Oqtay Rzabaşqa çıxış edənlər Əli bəy Hüseynzadənin çoxşaxəli fəaliyyətindən söz açıblar.

 

Mədəniyyət.- 2014.- 28 fevral.- S. 13.