Şəki daha bir festivala hazırlaşır

 

İyulun 20-də Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə qədim şəhərdə beynəlxalq milli şirniyyat festivalı keçiriləcək.

Tədbir dünyada iyulun 20-də qeyd edilən Şirniyyat Günü münasibətilə təşkil olunur. Azərbaycanda belə festival indiyədək 4 dəfə keçirilib. Əvvəlki festivallar paytaxt Bakıda təşkil olunsa da, bu dəfə Şəkidə keçirilməsi məqsədəuyğun sayılıb. Əsas səbəb isə Şəki şirniyyatlarının özünəməxsusluğu ilə seçilməsidir. Festivalda Şəki kəndlərinin, ətraf 20 rayonun, eləcə 10-dan çox xarici ölkənin şirniyyatçılarının iştirakı nəzərdə tutulur.

Tədbir zəngin Azərbaycan mətbəxinin dünyaya tanıdılmasına daha bir töhfə olacaq. Festivalda Azərbaycanın bölgələri öz şirin xörəklərini (firni, xəşil, şirin plov, südlü sıyıq və s.), unlu qənnadı məmulatlarını sərgiləyəcəklər.

 

Mədəniyyət.- 2014.- 2 iyul.- S. 2.