“Azərbaycan İncəsənət
Festivalı” yenə bölgələri gəzəcək
Layihə Astara,
Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə,
Şəmkir, Qazax və Ağstafa rayonlarını əhatə
edəcək
İyulun 2-dən 30-dək “Baku Creative Center”in
təşkilatçılığı, Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile” mobil
operatorunun baş sponsorluğu ilə “Azərbaycan İncəsənət
Festivalı” (“Azerbaijan Art Festival - 2014”) layihəsi həyata
keçiriləcək.
Bu
münasibətlə iyulun 1-də Bakı Biznes Mərkəzində
mətbuat konfransı keçirilib.
Konfransda “Baku Creative Center”in direktoru Emin Yasinov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov və “Azerfon” şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai festival haqqında məlumat veriblər.
Bildirilib ki, layihə turne şəklində Azərbaycanın bölgələri üzrə icra ediləcək. Layihə Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonlarını əhatə edəcək, bu regionlarda sərgilər və rəssamlar tərəfindən ustad dərsləri təşkil olunacaq.
Nəzərə çatdırılıb ki, festivalın əsas məqsədi səyyar sərgilər və ustad dərsləri vasitəsilə ölkənin digər şəhər və rayonlarında sadə insanların incəsənətə dair biliklərini və marağını artırmaq, yaradıcı potensialı olan istedadları üzə çıxarmaq, onlara dəstək verməkdir. Ötən il bu formatda keçirilən festival yerlərdə yaddaqalan mədəniyyət hadisəsinə çevrilib.
Qeyd edilib ki, regionlarda belə layihələrin keçirilməsinə ehtiyac var. Festival bölgələrdə mədəni mühitin rəngarəng tədbirlərlə zənginləşdirilməsi, əhalinin mədəni istirahətinin təşkili, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, gənc nəslin rəssamlıq sənətinə marağının artırılması və yaradıcılıq ideyalarının reallaşdırılması baxımından əhəmiyyətlidir.
Diqqətə çatdırılıb ki, builki festival interaktivliyi ilə fərqlənəcək. Rəssamlarla insanların bir-biri ilə daha yaxın və asan ünsiyyət qurması məqsədilə “Azerbaijan Art Festival - 2014” layihəsi çərçivəsində təşkil olunacaq sərgi zamanı ustad dərsləri keçiriləcək. Layihənin iştirakçıları Novruz Məmmədov, Fərəc Rəhmanov, Erkin Ələkbərli, Lamiyə Mehdiyeva, Gülnarə Kuzukova olacaqlar.
Qeyd edək ki, ötən il keçirilən
“Azerbaijan Art Festival - 2013” layihəsi Salyan, Saatlı,
Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax,
İsmayıllı, Xaçmaz və Sumqayıtı əhatə
edib.
Mədəniyyət.- 2014.- 2 iyul.-
S. 3.