Xocalı haqqında filmin London premyerası
Londondakı Britaniya Film və Televiziya İncəsənəti
Akademiyasında (BAFTA) Xocalı
soyqırımından bəhs
edən “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli
filminin premyerası keçirilib.
Premyeradan sonra “Xocalıya ədalət” (“Justice for Khojaly”)
beynəlxalq təbliğat-təşviqat
kampaniyasının təşəbbüskarı,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu faciə haqqında
həqiqətlərin dünyada
tanıdılmasından söz
açaraq filmin əhəmiyyətini diqqətə
çatdırıb. Qeyd olunub ki, “Endless Corridor” erməni qəddarlığını
üzə çıxaran
Xocalı qırğınının
ağlagəlməz dəhşətlərini
əks etdirən real sənədli filmdir: “Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik”.
Təqdimatda filmin litvalı
prodüseri Aleksandr Brokas, amerikalı prodüser Cerald Rafşun, beynəlxalq televiziya mütəxəssisləri
və məşhur aktyorlar, o cümlədən
Anna Arçer (BAFTA mükafatçısı),
“Games of Thrones” populyar teleserialının
ulduzlarından İen
Qlen iştirak edib.
1992-ci il fevralın
26-da 613 kişi, qadın
və uşağın
qətlə yetirildiyi
Xocalı qətliamından
bəhs edən sənədli film britaniyalı
aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib.
Sənədli film üzərində beş ilə
yaxın çalışmış
A.Brokas qeyd edib ki, bu
layihədə bölgədəki
vəziyyətə müstəqil
nöqteyi-nəzərdən yanaşmanı təmin etmək üçün
15 ölkəni təmsil
edən aktyor heyəti ilə fəaliyyət göstərib.
O, postsovet respublikası
olan Litva vətəndaşı kimi
məsələyə öz
münasibətini bildirərkən
qeyd edib ki, Xocalı faciəsi günahsız insanların taleyinə amansız və qəddarcasına qərar
verilməsinə dair bariz nümunədir.
ABŞ-ın sabiq prezidenti
Cimmi Karter administrasiyasında ictimaiyyətlə
əlaqələr üzrə
direktor vəzifəsində
çalışmış və hazırda Vaşinqtonda “Camp David” şou
proqramının prodüseri
olan Cerald Rafşun diqqətə çatdırıb ki, beynəlxalq səylərə
baxmayaraq, Dağlıq
Qarabağ münaqişəsi
bu günədək həll olunmayıb.
Filmdə litvalı jurnalist Riçard Lapaitis uzun illərdən bəri unuda bilmədiyi hekayəti - Dağlıq Qarabağ münaqişəsi və
Xocalı faciəsini müharibə müxbiri kimi nəql edir. O, Xocalı faciəsindən
sağ çıxanlarla
yenidən görüşür
və ermənilərin
atəşi altında
“Sonsuz dəhliz”də
özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin
ürək dağlayan
hekayətlərini dinləyir.
Qeyd edək
ki, BAFTA-dakı premyeradan sonra “Sonsuz dəhliz” sənədli filminin dünyanın aparıcı
televiziya kanallarında
nümayişi planlaşdırılır.
Mədəniyyət.- 2014.- 2 iyul.-
S. 4.