ASSİSTEJ-in dünya konqresi keçirilib
Qurumun rəhbərliyində dəyişikliklər baş
verib
Polşanın paytaxtı Varşavada Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının
(ASSİSTEJ) 18-ci dünya konqresi
keçirilib. Korczak beynəlxalq uşaq
və gənclər teatrları festivalı çərçivəsində, ASSİTEJ-in Polşa Milli Mərkəzinin təşkilatçılığı
ilə gerçəkləşən
konqresdə 50-dən çox
ölkənin nümayəndələri
iştirak ediblər.
Qeyd edək
ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
da 2011-ci ildən
ASSİSTEJ-in üzvüdür. Teatrın mətbuat
xidmətindən bildiriblər
ki, konqresdə qurumun İcraiyyə Komitəsinin 2011-2014-cü illərdə
fəaliyyətini əhatə
edən məsələlər
müzakirə edilib, hesabatlar dinlənilib.
Eyni zamanda gələcək illərdə keçiriləcək
mühüm beynəlxalq
teatr tədbirlərinin
tarixləri açıqlanıb.
Toplantıda qurumun
rəhbərliyində bəzi dəyişikliklər də baş verib. 2014-2017-ci illər
üçün İcraiyyə Komitəsinin
yeni üzvləri seçiliblər. İvetta Hardi səs çoxluğu ilə yenidən Uşaq və Gənclər Teatrları Beynəlxalq
Assosiasiyasının prezidenti seçilib, İcraiyyə Komitəsinin mövcud 6 üzvünün sırasına daha 6
üzv əlavə edilib.
Marisa Ximenes Kaço ASSİTEJ-in yeni baş katibi
seçilib, baş katibliyin ofisi
Xorvatiyanın paytaxtı Zaqrebdən Mexikoya
(Meksika) köçürülüb.
Mədəniyyət.- 2014.- 2 iyul.-
S. 5.