“Adına yaraşan oğul”
Xəbər verdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, rayon mədəniyyət və turizm şöbələrinin və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi keçirilib. Həftə ərzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınmış 11 ekran əsəri nümayiş olunub. İyunun 27-də Daxili Qoşunların paytaxtın Nərimanov rayonundakı “N” saylı hərbi hissəsində Milli Qəhrəman Qorxmaz Eyvazova həsr edilmiş “Adına yaraşan oğul” sənədli filminin (rejissor Yalçın Verdiyev) təqdimatı keçirilib.
Tədbirdə Milli Qəhrəmanın
həyat və döyüş yolundan söhbət açılıb. Bildirilib ki, 1967-ci ildə Laçın rayonunda
dünyaya göz açan Qorxmaz Eyvazov 1985-ci ildə sovet ordusu sıralarına
çağırılıb. 1987-ci ildə əsgəri xidmətini
başa vurub. 1988-ci
ildə Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları başlananda Qorxmaz
Laçında yaradılan özünümüdafiə dəstəsinə
qoşulub. 1992-ci ilin
martında Laçın
Rayon Polis İdarəsinə işə qəbul edilib. Onun döyüş yolu
doğma yurdundan - Qazdərəsi, Suarası
və Mazutlu kəndlərindən başlayıb.
1992-ci il avqustun 4-də erməni quldurlarının Qızartı
dağına hücumlarının
qarşısını alarkən
qolundan yaralanır. Sağalan kimi yenidən döyüşə atılan
Qorxmaz Eyvazov Horadiz əməliyyatı
zamanı göstərdiyi
igidliyə görə
bölük komandiri təyin edilir.
1994-cü il fevralın 10-da Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə Qorxmaz
Eyvazov düşmənin
xeyli canlı qüvvəsini məhv edir. Lakin bu döyüşdə
özü də həlak olaraq şəhidlik zirvəsinə
ucalır. Azərbaycan
Respublikası Prezidentinin
1995-ci il 15 yanvar tarixli fərmanı ilə ona ölümündən
sonra “Azərbaycanın
Milli Qəhrəmanı”
adı verilib.
Tədbirdə çıxış edən
Milli Qəhrəmanın
qardaşı oğlu
İntiqam Eyvazov əmisinin xatirəsinə
göstərilən ehtirama
görə minnətdarlığını
bildirib.
Milli Məclisin
deputatları Qənirə Paşayeva,
Aydın Mirzəzadə və Asim Mollazadə
çıxışlarında ölkəmizdə şəhid
ailələrinə, veteranlara, onların
ailə üzvlərinə göstərilən dövlət
qayğısından danışıblar. Digər
çıxış edənlər də Milli
Qəhrəman Qorxmaz Eyvazovun
keçdiyi həyat yolundan,
Vətənin müdafiəsində göstərdiyi
şücaətlərdən bəhs ediblər. Sonra “Adına yaraşan oğul” sənədli filmi
nümayiş olunub.
Mədəniyyət.- 2014.- 2 iyul.-
S. 7.