Bakıda yeni
görüşədək!
Beynəlxalq turizm filmləri festivalı yekunlaşdı
İyunun 28-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qaliblərinin mükafatlandırılması və bağlanış mərasimi keçirildi.
Mərasim festivalın açılışı, tədbir çərçivəsində ölkəmizə gələn qonaqların müxtəlif tarixi məkanlara, turizm mərkəzlərinə səfərlərini, şəhər turunu əks etdirən videoçarxın nümayişi ilə başladı.
Sonra festivalın nominasiyaları üzrə qaliblər mükafatlandırıldı. Xatırladaq ki, festivalın müsabiqə proqramına 31 ölkədən 68 film daxil edilmişdi. Filmlər 6 kateqoriya üzrə yarışırdı, hər kateqoriya üzrə üç mükafat, festivalın baş mükafatı (“Qran-pri”), həmçinin milli mükafat nəzərdə tutulmuşdu.
Qaliblər
mükafatlandırıldı
Müsabiqənin «Ölkə, region, şəhər» nominasiyasında yunanıstanlı rejissor Teo Papadoulakisə «Krit: bütün dünya bir adada» filminə görə birinci mükafat təqdim edildi. Banqladeşli rejissor Amitab Reza Çoudhuri «Gözəl Banqladeş - əfsanələr diyarı» filmi ikinci, belçikalı rejissorlar Benua Detöl və Mariya Jakimoviçin «Zərləri atın» filmi üçüncü yerə layiq görüldü.
«Mədəniyyət, ənənə» kateqoriyasında birinci yeri türkiyəli rejissorlar Şerif Yenen və Levent Ayaşlının «Yaşmaqsız İstanbul» filmi qazandı. İkinci yeri çexiyalı rejissor Laybor Spasekin «Vanuatuya qaçış» filmi, üçüncü yeri isə latviyalı Romans Sklenniksin «Riqa - Avropa mədəniyyətinin paytaxtı 2014 - Yay» flmi tutdu.
«Reklam filmləri» nominasiyasında qalib xorvatiyalı rejissor İvan Pericin «Adriatikin qəlbi» filmi oldu. İkinci yerə Azərbaycandan Vüqar İslamzadənin «Ritmik gimnastika üzrə 30-cu Avropa çempionatı» filmi, üçüncü yerə isə Avstriya rejissoru Bernd Pfinqstmannın «An» filmi layiq görüldü.
«Turizm xidmətləri» kateqoriyasında da birincilik türkiyəli rejissora nəsib oldu. Levent Ayaşlı «İstanbul: ünsiyyət üçün ən yaxşı yer» filminə görə təltif edildi. Bu kateqoriyada ikinci yer avstriyalı rejissor Corc Riha «Şönbrun möcüzəsi» filminə, üçüncü yer isə Sloveniyadan Ales Petric «Rəngarəng macəralar» filminə verildi.
Böyük Britaniyadan Geoff Tompkinson «Göl» filminə görə «Ekoloji turizm və xarici turizm» kateqoriyasında birinci oldu. Avstriyalı Maykl Şlamberqerin «Buzlaq - Alp əfsanəsi» filmi ikinci, danimarkalı Kris Entoni Hodarın «İstiqamətsiz» filmi isə üçüncü yeri qazandı.
Nəhayət, sonuncu nominasiyada - «TV filmləri» kateqoriyasında avstriyalı rejissorlar Piter Bardehle və Sebastian Lindemann «Zirvələrin simfoniyası/Alp dağları yuxarıdan» filmi qalib oldu. Rusiyalı rejissor Mixail Deqtyarın «Lissabon» və Finlandiyadan İlkka Rautionun «Buzun möcüzəli dünyası» filmləri isə bu nominasiyada ikinci və üçüncü yerləri bölüşdürdü.
Birinci yerlərin sahiblərinə qızıl mükafat və 2000 avro pul verildi. Hər kateqoriyada ikinci və üçüncü yerləri tutanlar isə gümüş və bürünc mükafatlarla təltif edildilər.
Festivalın milli mükafatını isə Azərbaycan rejissoru Mariya İbrahimova «Şərqin Avropa cazibəsi» filmi qazandı. İtaliyalı rejissorlar Ciulio Pedretti və Roberto Karini «Maldivlərdə sonuncu tullantı yeri» filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görüldü.
Sonda festivalın
baş mükafatının
sahibi elan edildi. Avstraliyalı Cefri
Darlinqin «Barossa. Sənin ixtiyarında»
filmi “Qran-pri” mükafatına layiq görüldü. Qalibə diplom
və 4000 avro təqdim edildi.
«Festival Azərbaycana
olan marağı daha da artırır»
Mərasimdə çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov bildirdi ki, artıq ikinci dəfə Azərbaycanın paytaxtında
baş tutan festival ölkəmizin mədəni
və turizm həyatında önəmli
yer qazanıb. Nazir müavini
qeyd etdi ki, festivalın əsas məqsədi turizmin müxtəlif sahələrinə həsr
edilən, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini
həvəsləndirməkdir.
Festival, eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri
olan Azərbaycanın
turizm potensialına cəlb etmək niyyəti daşıyır:
«Budəfəki festivala
ümumilikdə 55 ölkədən
405 film göndərilib. Bu, ötən il
keçirilən birinci
festivalla müqayisədə
iki dəfə çoxdur. Hesab edirəm ki,
bu faktın özü Bakıda keçirilən turizm filmləri festivalına dünyanın yaradıcı
insanlarının marağından
xəbər verir.
Təqdim edilən filmlərin
içərisindən 31 ölkədən
68 ekran əsəri seçilərək müsabiqə
proqramına daxil edilib. Festivalın keçirildiyi dörd
gün ərzində proqrama daxil edilmiş filmlər Nizami Kino Mərkəzində,
axşam seansları isə həmçinin Dənizkənarı Milli Parkda nümayiş olunub. Bu da
o məqsədlə edilib
ki, filmlər daha geniş auditoriyaya təqdim edilsin, Azərbaycan vətəndaşları onları
rahatlıqla izləyə
bilsin».
Nazim Səmədov
müsabiqə proqramına
Azərbaycanın 7 filminin
daxil edilməsini yüksək nailiyyət kimi qiymətləndirdi.
Sonra tədbir
Azərbaycan incəsənət
ustalarının ifasında
milli musiqilər və rəqslər, həmçinin bəstəkar
mahnılarının təqdimatı
ilə davam etdi.
Qonaqların təəssüratları
Mərasimdən sonra festivalda iştirak edən əcnəbi qonaqlardan bir neçəsinin təəssüratını öyrəndik.
Münsiflər heyətinin üzvü,
Turizm Film Festivalları
Beynəlxalq Komitəsinin
direktoru Aleksandr Kammel (Avstriya):
- Artıq ikinci dəfədir ki, Bakıda turizm filmləri festivalı keçiririk. Öz qrupumuzla yenidən
burada olduğumuza görə çox məmnunuq. Bakıda keçirilən bu festival Nyu-York, Kann, Los-Ancelesdə keçirilən turizm filmləri festivalı qədər maraqlıdır.
Eyni zamanda bu layihə
inkişaf etməkdə
olan Azərbaycan üçün vacibdir.
Əgər kimsə ölkənizə
sərmayə qoymaq istəyirsə, bu festival onun üçün təşviqedici bir hadisədir. Festival təqdim olunan filmlərin beynəlxalq auditoriya qazanmasına yardımçı olur, həmçinin tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən olan
Azərbaycanın turizm
potensialının təbliğinə
təkan verir. Turizm filmləri çəkmək
və insanları bu festivala dəvət
etmək çox yaxşı ideyadır.
Bu, film istehsalçıları
və turizm sənayesi üçün
şansdır. Digər
tərəfdən, insanlar
buraya gəlib ölkənizlə tanış olurlar. Bu da Azərbaycanın
təbliği deməkdir.
Festivalın baş mükafatçısı
Cefri Darlinq (Avstriya):
- İlk dəfədir Azərbaycana səfər edirəm. Həm səfərimdən, həm də qalib olmağımdan çox məmnunam. Münsiflər heyətinə obyektiv qiymətləndirməyə görə təşəkkür edirəm. Şəhərin bir çox yerlərini gəzmişəm. Çox gözəl və turistik şəhəriniz var. Bakı tam bir Avropa şəhəridir. Xüsusilə təmizliyi və səliqəli olması çox xoşuma gəldi.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 2 iyul.-
S. 8.