“Ömrümün ən
gözəl illərini televiziyada
keçirmişəm”
“İndi
də dönüb geriyə baxanda həyatımda ən çox
təəssüfləndiyim, peşman olduğum məqam televiziyanı tərk etməyimlə
bağlıdır”
Rəna Nəsirova... Bu ad Azərbaycanın orta və yaşlı nəslinin yaddaşında öz dövrünün tanınmış müğənnisi, gözəl diktor, səmimi xanım obrazı kimi qalıb. Bu məşhurluğu o, cəmi 3-4 ildə əldə edə bilmişdi. Azərbaycan Televiziyası fəaliyyətə başladığı ilk illərdə savadı, mədəniyyəti və istedadı ilə hər kəsi valeh etmişdi.
Amma bir gün televizoru açıb sanki öz doğmaları kimi alışdıqları gənc xanımı görməyənlər «Görəsən, bu qız hara getdi, niyə görünmür ekranda?» sualı ilə çaş-baş qaldılar. İllər sonra efiri tərk etməsinə özü də peşman olan Rəna xanım isə artıq qərarını vermişdi...
O, sonralar neçə-neçə tələbənin mühəndis-geoloq kimi yetişməsində illərlə zəhmət çəkən, qayğıkeş müəllim, öz peşəsini dərindən bilən savadlı elmi işçi kimi fəaliyyət göstərəcəkdi. Amma tamaşaçı onun üçün qəribsədiyi kimi, o da öz tamaşaçılarının qəlbinə yol tapdığı televiziya üçün darıxacaqdı. Bu barədə bir qədər sonra.
Hələlik onunla söhbətə uşaqlıq illərindən cığır salırıq. Özünün dediyinə görə, atası bəy nəslindən olub. Aşqabadda doğulub. «Atamla anam birlikdə az yaşayıb. Mən doğulandan bir az sonra ayrıldıqlarından, nənə himayəsində böyümüşəm. Ata-ananın səhvinin ağrısını həmişə övlad çəkir», - deyərək kövrəlir.
Orta məktəbi bitirdikdən sonra Rəna xanım ali təhsil almaq üçün Bakıya gəlir. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft və qaz şöbəsinə daxil olur. Dərslərini yaxşı oxumaqla yanaşı, həm də istedadı, gözəl səsi ilə diqqəti cəlb edir. Və bundan sonra onun həyatında yeni mərhələ başlayır.
Söhbətin bu məqamında Rəna xanım yenə xəyala dalır: «O zaman institutda fakültələrarası yarışlar keçirilirdi. Məni də səhnəyə çıxardılar, «Sən güləndə» mahnısını ifa etdim və birinci yerə çıxdım. Mənə mükafat verdilər, şəkillərimi divardan asdılar».
...Sonralar isə onun ifasında «Ağ üzüm, qara üzüm», «Yağma, yağış!», «Qaragilə» kimi mahnılar insanların qəlbinə yol tapacaqdı. Bəli, gənc Rəna həmin illərdə uğurların qanadında idi.
Böyük yolun
başlanğıcı
Deyirlər, minlərlə kilometrlik yol da kiçik bir addımla başlayır. Bu gənc qızın da böyük yolu beləcə başlamışdı. Söhbət əsnasında Rəna xanım vaxtilə ifa etdiyi mahnıları eyni şövqlə oxuyur. Onu dinlədikcə düşünürsən ki, çox zərif, səlis danışıq qabiliyyəti olan, yaşlansa da, səsinin təravəti bütün incəliklərinə qədər duyulan bu xanım çox gözəl ifaçı olub. Təsadüfi deyil ki, həmişə alqışlarla qarşılanar, dönə-dönə onu səhnəyə qaytararlarmış: «Səhnə mənim üçün məsuliyyət demək idi. Özüm də bilmirəm, necə oldu ki, səsim tamaşaçıların xoşuna gəldi. Onların xahişi ilə üçüncü dəfə səhnəyə qayıdıb mahnını ifa edirdim, məni növbəti dəfə səhnəyə çağırmaq istəyəndə məcbur olub, boğazımı göstərirdim ki, daha oxuya bilmərəm», - deyən Rəna xanım yenidən gənclik xatirələrini çözür.
İnstitutlararası yarışlarda müntəzəm olaraq birinci yeri tutan Rəna xanıma məşhur sənətkarlarımızla eyni proqramda iştirak etmək, eyni səhnəni bölüşmək də nəsib olub. Bir gün ali məktəb rəhbərliyindən təklif gəlir ki, «Şeyx Sənan» operasından «Kor ərəbin mahnısı»nı ifa etsin: «Dedilər ki, İrandan Azərbaycana nümayəndə heyəti gəlir və bu mahnını orada ifa etmək lazımdır. Təsəvvür edirsiniz, həmin konsertdə məşhur sənətkarlarımız Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova iştirak edirdi. İfam qonaqların xoşuna gəlmişdi, mənə yaman bərk əl çalırdılar».
1956-cı ildə isə Rəna Nəsirova Moskvada Gənclərin Ümumdünya Festivalının iştirakçısı olur. O, Azərbaycan Xalq Çalğı Alətləri Ansamblı və rəqs qrupunun solisti kimi Moskvaya gedir: “Festivalda «Ağ üzüm, qara üzüm» mahnısını ifa etdim. Ansamblın qızları əllərində üzüm səbətləri tutaraq rəqs edir, mən isə milli geyimdə mahnı oxuyurdum. Bakıya qayıtdıqdan sonra məni həmin mahnıları ifa etmək üçün telestudiyaya dəvət etdilər».
1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında uğurla iştirak edir, hətta ümumittifaq telekanalında 10 gün veriliş və konsert proqramlarına aparıcılıq edir.
Rəna xanımın o dövrə aid fotoşəkillərinə baxırıq. O zamankı «Sovetskaya jenşina» jurnalının üz qabığında dərc olunmuş, milli paltar geyinmiş, uzun hörüklü, gülərüzlü Rəna xanımın şəkli diqqəti cəlb edir. Bu şəklin tarixçəsini danışır: “Tələbələrin Moskvada keçirilən ümumittifaq festivalında birinci yeri tutmuşdum. Bu şəkil də o günlərin yadigarıdır. Şəkli Botanika bağında çəkdilər». Sonra da əlavə edir: «Bilirsiniz, mən bir zamanlar yaxşı gitara da çalırdım, muğamlarımızı gitarada ifa edirdim”.
«Ömrümün
ən gözəl illərini Azərbaycan Televiziyasında
keçirmişəm»
1957-ci ildə artıq bir ildir ki, fəaliyyət göstərən Azərbaycan Televiziyasının ekranından tamaşaçıların görüşünə gözəl simalı, düzgün tələffüz qabiliyyətinə malik gənc bir qız gəldi: «Əvvəlcə məni yoxladılar, televiziyada diktor kimi işə qəbul etdilər. Radioda isə mətnləri tərcümə edirdim. Televiziyada danışıq nitqimə rejissor Kamil Rüstəmbəyov kömək edirdi». Həmsöhbətim yenə qəlbində yaşatdığı xatirələri çözələyir: «Orada gözəl insanlarla işləmişəm. Bəlkə də ömrümün ən gözəl illərini də elə AzTV-də keçirmişəm. Mən diktor Gültəkin Cabbarlı, baş rejissor Rauf Kazımovski, rejissor Arif Babayev kimi insanlarla çalışmışam. Onlar da mənim əməyimi qiymətləndirirdilər. İşləyəndən cəmi iki il sonra mənə ali kateqoriyalı diktor adı verdilər».
Sonra otaqdakı şüşəli şkafın içərisində səliqə ilə düzülmüş büllur qablara işarə edərək deyir: «Bu qablar da o dövrün xatirəsidir. Axı bizim toyumuzu da, demək olar ki, televiziyanın kollektivi etdi. Masabəyi də Rauf Kazımovski idi. Təsəvvür edirsiniz, onlar mənə «studiyamızın yaraşığı» deyirdilər. Bu büllur qabları hədiyyə olaraq almışdılar. İndi onlara baxıb bir daha o illəri xatırlayıram».
Lakin cəmi üç ildən sonra o, televiziya ilə vidalaşmalı olur və öz ixtisası üzrə fəaliyyətə başlayır: «Televiziyadan öz xoşumla getdim. Çünki o zaman bir qədər maddi sıxıntılarımız var idi. Həm də mənə elə gəlirdi ki, diktor kimi çalışmağım həyat yoldaşımın xoşuna gəlmir. İnstitutu bitirdikdən sonra təyinatımı Sumqayıta verdilər. Orada yoldaşımla mənə həm ev, həm də iş verdilər. Lakin indi də dönüb geriyə baxanda həyatımda ən çox təəssüfləndiyim, peşman olduğum məqam televiziyanı tərk etməyimlə bağlıdır. Kaş ki, orada qalıb fəaliyyətimi davam etdirərdim».
Həyatın
davamı...
Ömrünün səkkizinci onilliyini yaşayan Rəna xanım tanınmış mühəndis-geoloqdur. Uzun illər Ümumittifaq Elmi-Tədqiqat Layihə İnstitutunda şöbə müdiri, elmi katib işləyib, o, Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsində dekan müavini olub.
Rəna xanımla söhbət əsnasında bəlli olur ki, o, öz işini iki dəfə ailəsinə qurban verib. Birinci dəfə yuxarıda qeyd edilən məlum səbəblər üzündən sevimli diktor peşəsindən ayrılıb, ikinci dəfə isə bircə balası Elşadın itkisindən sonra onun üç övladına qayğı göstərmək üçün. Bəli, bu kövrək qəlbli qadın həyatında həm də övlad itkisinə tuş gəlib. Oğlunun divardan asılmış portretini göstərir və yavaş-yavaş, kövrələrək davam edir: «Onu 1999-cu ildə 38 yaşında itirdim. Gürcüstandan gələrkən avtomobil qəzasına düşdü. Fikirləşdim ki, işləsəm onlara vaxt ayıra bilməyəcəyəm. Ona görə də işdən çıxmağa qərar verdim. Axı mən, demək olar ki, valideyn, xüsusilə də ana qayğısı görməmişəm. Bu səbəbdən hər zaman ailəm mənim üçün birinci yerdə dayanıb, xəyallarımda çəkdiyim nümunəvi qadın, ana rəsmini real həyatda canlandırmağa çalışmışam. Artıq nəvələrimin üçü də böyüyüb, boya-başa çatıblar. Ali təhsil də alıblar. Böyük qız nəvəmi gəlin köçürmüşəm. Biri də mənim yolumu davam etdirir, Azərbaycan Dövlət Neft Akademiyasında dərs deyir. Gəlinimlə əl-ələ verib onlara yaxşı tərbiyə verə bilmişik. Düşünürəm ki, indi oğlumun da ruhu rahatdır...”
Rəna xanım sənətdən çox-çox illər öncə ayrılsa da, hərdən dost, qohum məclislərində sevdiyi mahnıları zümzümə edir...
Söhbət əsnasında bəlli oldu ki, o, həm də gözəl şeirlər yazır. Müxtəlif mövzularda yazdığı şeirlərindən parçaları özünəməxsus avazla səsləndirdikcə, necə zəngin bir qadınla həmsöhbət olduğumun bir daha fərqinə varıram. Rəna xanımın üzündə zaman, ötən illər öz izlərini qoysa da, gülərüz, səmimi sima ona başqa bir gözəllik verir. Söz-söhbəti, zahiri görünüşü ilə nurani Azərbaycan qadını obrazı yaradan bu xanımla söhbətdən zəngin təəssüratla ayrılıram.
Mehparə
Mədəniyyət.- 2014.- 2 iyul.-
S. 12.