Sevgidən yaranan musiqilər

 

Bütün yaradılışların sevgidən doğulduğu faktdır. Bu mənada musiqi janrları içərisində söz və melodiyanın vəhdətindən yaranan mahnıların sevginin ən gözəl ifadə vasitəsi olmasının da sübuta ehtiyacı yoxdur. Əməkdar incəsənət xadimləri, tanınmış bəstəkarlar VasifCeyhun Allahverdiyevlərin Azərbaycan Dövlət Filarmoniyasındakı növbəti yaradıcılıq gecəsində öz tamaşaçılarına bu sevgini yaşatmağa nail oldular.

 

Ənənəvi olaraq, hər il yaradıcılıq hesabatı təqdim edən tanınmış musiqiçilərin öz işlərinə münasibətdə məsuliyyət və tələbkarlığı diqqəti çəkir. Kamera-instrumental əsərlərin, simfoniyaların müəllifi kimi tanınan bəstəkarların budəfəki janr seçimi isə maraqlı idi. Azərbaycan TeleviziyaRadiosu musiqi kollektivlərinin gənc solistlərinin ifa etdiyi mahnı və romansların Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dolğun müşayiəti də müəlliflərin zəngin simfonik təfəkküründən qaynaqlanmışdı. Mahnıların süjetinə əsasən müşayiətdə simli alətlərlə yanaşı, nəfəs və zərb alətlərindən, hətta milli alətimiz olan zurnadan yerində, zövqlə istifadə sanki orkestrə və dirijora da ilham verirdi.

Konsertdə vətənpərvərlik mövzusunda on altı mahnı təqdim olundu. Sevilən xanəndə Bəyimxanım Vəliyevanın ifasında C.Allahverdiyevin “Zəfər himninin əzmi, sonda bütün iştirakçıların V.Allahverdiyevin “Azərbaycanım”ını səsləndirməsi sevgi məfhumunun ən uca, ali zirvəsi olan vətənə, yurda məhəbbətin vacibliyini bir daha bəyan etdi. Mirələm Mirələmovun ifasında ruh yüksəkliyi ilə səslənən C.AllahverdiyevinYurdumuza bahar gəlir” mahnısının koloritli və aşıqsayağı intonasiyalı orkestr müşayiəti, solo və zərb alətlərinin Naxçıvan “Yallı” ritmlərinin ahəngi ilə çıxışı V.AllahverdiyevinTürküsünü daha cazibəli etmişdi. Bəstəkarın ulu öndər Heydər Əliyevə həsr etdiyi “Sənsizlik” elegiyasının həsrətli ruhu Aytac Şıxəlizadənin təqdimində dinləyicilərə həyəcanlı anlar yaşatdı.

Tamaşaçını yormadan dinləməyə “məhkum” edən dolğun, rəngarəng harmoniyalar, intonasiya zənginliyi, zövqlü orkestr üslubu, lad-tonal müxtəlifliyi, mənalı formaobraz, mövzu və məzmun əhatəliliyində lirik xəttin daha qabarıqlığı diqqət mərkəzində idi. Sevgi üzərində qurulan silsilənin “kulminasiya”sı B.Vəliyevanın ifasında C.Allahverdiyevin “Sevəcəm” əsərinin səslənməsi oldu. Vokal xətt və orkestrin bir-birini tamamlayan səmimi dueti ilə qəlbləri fəth etdi...

Ümumiyyətlə, musiqi nömrələrində hər iki bəstəkarın fərdiliyi və fərqliliyi daha aydın duyulurdu. V.Allahverdiyevin dəyişkən metr, oynaq ritm intonasiyalarla sintezi nikbin, ümidverici, bir qədər məzəli lirikası (“Gözləyəcəm səni”, “Bəlkə görüşdük”), C.Allahverdiyevin polifonik fakturasında cazibədar, axıcı melodiyalarla yaratdığı həzin, həsrətli və nisgilli lirikası (“Necə unudum?”) bu iki bəstəkarın müxtəlifliyinin nümayişi idi.

 

Bu sevgini yaşatmağa dəyərmi,

Sonunda əbədi vüsal yoxdursa...”

 

fikri ilə avazlaşan “Əbədi sevgi” (C.Allahverdiyev) Zaur Əmiraslanovun ifasında, “Xatırla məni” (C.Allahverdiyev) Səbinə Ərəblinin ifasında nisgilli sevgi hissi yaşatsa da, “Dəniz və səma” (C.Allahverdiyev) B.Vəliyevanın ifasında bir arzunun təcəssümünü çatdıraraq ümidverici təəssürat yaratdı.

Təqdim olunan silsilənin mətn müəllifi Maya Heydərqızının ilhamverici poeziyası mahnılara da dolğunluq gətirərək duyğulu əsərlərin ərsəyə gəlməsinə şərait yaratmışdı. Kamilə Nəbiyevanın ifasında “O yollarda gözüm qaldı” mahnısının mətnindən doğan düşündürücü məqam V.Allahverdiyev musiqisində də fəlsəfi təfəkkür ilə uzlaşırdı. Yaxud daAna torpaq” mahnısında mətn müəllifinin yaratdığı obrazın - yurdumuzu qarış-qarış gəzən çaparın heyranlığı C.Allahverdiyevin seçdiyi harmoniyaların dolğunluğunda, müşayiətin xarakterik intonasiyalarında həmahəng doğmalıq yaradaraq yurd sevgisi hislərini önə çəkirdi.

Silsilədə dahi şair-dramaturq Hüseyn Cavidin poeziyasına da müraciət olunmuşdu. V.Allahverdiyevin “Qəmli hekayə” romansında dərin və məntiqi obrazı ilə maraqlı idi. Konsert-tamaşa şəklində təqdim olunan mahnı-romans silsiləsi izləyicilər tərəfindən rəğbətlə qarşılandı.

Lakin bütün sadalanan uğurlarla yanaşı, nöqsanlar da qaçılmaz idi. Konsert proqramının gənc ifaçı solistlərə etibar olunması təqdirəlayiq olsa da, onlardan musiqi mətninin daha səlis və aydın tələffüzündə, obraz duyumunda tələbkarlığın artırılması arzu olunandır. Konsert-tamaşada rejissorluq baxımından da bir qədər zənginliyə ehtiyac duyulurdu. Əlbəttə ki, bu cüzi iradlar konsertin uğurunun kölgəsində görsənməyə də bilərdi. Amma tələbkarlıq nöqteyi-nəzərindən bu halların gələcək üçün nəzərə alınması yaxşı olardı.

Xatırladaq ki, Vasif Allahverdiyev simfonik orkestr üçünAtatürk” simfoniyası, “Heydər Əliyev - ömür yolusimfonik poeması, ulu öndərin xatirəsinə ithaf olunmuş “Sənsizlik” elegiyası, xalq çalğı alətləri orkestri üçün “Cəngi sədası”, solo tar üçünQarabağ balladası” (Üzeyir Hacıbəyliyə həsr edilib) və s. əsərlərin, Cəlal Allahverdiyev pianofleyta üçünSonata”, simfonik orkestr üçün “Mənzərə”, iki simfoniya, pianosimfonik orkestr üçünKonsert”, kamera orkestri üçünMisri”, “Oğuznamə” poeması və digər əsərlərin müəllifləridirlər.

Bəstəkarların vokal yaradıcılığı nümunələrinin də incəsənət xəzinəmizdə özünəməxsus yer alacağına inanırıq. Uğurlarının davamını izləmək ümidi və yaradıcılıq yollarında yeni-yeni müvəffəqiyyətlər diləyi ilə biz də tamaşaçıların alqışlarına qoşuluruq.

 

Sevinc İbrahimova,

Musiqişünas

 

Mədəniyyət.- 2014.- 2 iyul.- S. 13.