“İpək Yolu”nun rəngləri
Beynəlxalq festivalda türk
xalqlarının musiqiləri və milli
geyimləri nümayiş olundu
Şəkidə
“İpək Yolu” V beynəlxalq musiqi festivalı davam edir. Azərbaycan Bəstəkarlar
İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin
Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə keçirilən
festivalın üçüncü günü, iyulun 3-də dünya əhəmiyyətli tarixi-memarlıq
abidəsi Şəki xanlarının sarayının həyətində
Azərbaycan Dövlət Qədim Musiqi Alətləri
Ansamblının konserti oldu.
Konsertdən öncə kollektiv haqqında məlumat verildi. Bildirildi ki, ansambl 1996-cı ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir. Ansamblın yaradıcısı Xalq artisti, professor Məcnun Kərimov olub. O, ömrünün sonuna qədər (2013) qrupun bədii rəhbəri olub. Ansamblın bənzərsizliyi onun tərkibinin orta əsrlərdə Azərbaycanda istifadə olunmuş və sonralar unudulmuş qədim musiqi alətlərindən - çəng, çəqanə, bərbət, səntur, rud, rübab, Şirvan tənburu, çoğur, qanun, qopuz, nüshə, dümbək, neydən ibarət olmasıdır. Ansamblın üzvləri musiqiləri qədim milli geyimlərdə ifa edirlər.
Azərbaycanın musiqi mədəniyyətini beynəlxalq səviyyədə layiqincə təmsil edən ansambl 1997-ci ildə Şotlandiyanın Edinburq şəhərində beynəlxalq simpoziumda, 2002-ci ildə Fransada orta əsr musiqisinə həsr olunmuş festivalda, Strasburqda, UNESCO-nun Parisdəki iqamətgahında keçirilən tədbirlərdə iştirak edib. 2005-ci ildə keçirilən “Qəlblərin səsi” beynəlxalq festivalında, eləcə də Türkiyə, Küveyt, İordaniya, ABŞ, Almaniya, Avstriya, Macarıstan və digər ölkələrdə festival və konsertlərdə iştirak edərək diplomlara layiq görülüb. Hazırda ansamblın bədii rəhbəri, Əməkdar artist Munis Şərifovdur. O həm də çəqanə, ney, kaman alətlərinin mahir ifaçısı kimi tanınır.
Təqdimatdan sonra konsert proqramı
təqdim olundu. Ansamblın solistləri
- əməkdar artistlər
Nuriyyə Hüseynova
və Teyyub Aslanovun, gənc xanəndə Samir Əliyevin ifasında qədim musiqilər, xalq və bəstəkar
mahnıları tamaşaçılar
tərəfindən böyük
rəğbətlə qarşılandı.
Sonda Şəki Şəhər
İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri
təqdim edildi.
Həmin gün Şəkidəki
“Yay teatrı”nda festivalın daha bir tədbiri keçirildi. TÜRKSOY-un təşkilatçılığı
ilə türk xalqlarının geyimlərindən
ibarət defile (moda nümayişi) rəngli görüntülərə səhnə
oldu. Gecədə Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Rusiya
Federasiyasının Altay, Saxa-Yakutiya,
Xakasiya, Tuva, Başqırdıstan, Kalmıkiya
respublikalarının modelyer-dizaynerlərinin
əl işləri nümayiş etdirildi. Layihənin məqsədi türk dünyası dizaynerlərinin
hazırladıqları milli
geyim nümunələrini
təbliğ etməkdir.
Defiledə türk dünyasının
rəngarəngliyini nümayiş
etdirən etnik dizayn modelləri və geyimlər yer almışdı.
Bir-birindən maraqlı, qədim
elementlərlə zəngin
və bir qədər müasirləşdirilmiş
milli geyimlərin təqdimatı hər kəsdə xoş təəssürat yaratdı.
Geyimlərin nümayişinin türk xalqlarının milli musiqiləri və rəqslərinin ifası ilə müşayiət olunması
gecəyə xüsusi
rəng qatdı.
Mehparə
Mədəniyyət.- 2014.- 4 iyul.-
S. 2.