Moskvadakı “Ramazan
çadırı”nda Azərbaycan günü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada dindarlar üçün iftar süfrəsi açılıb və Azərbaycan Respublikası Günü təşkil edilib. Mərasimdə ölkəmizin Rusiyadakı səfirliyinin əməkdaşları, Rusiya Müftilər Şurasının və Moskva hökumətinin nümayəndələri iştirak ediblər.
Artıq beşinci ildir ki, Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya Müftilər Şurası tərəfindən Moskva hökumətinin dəstəyi ilə təşkil edilən nadir “Ramazan çadırı” xeyriyyəçilik və mədəni-maarif layihəsində fəal iştirak edir.
Budəfəki iftar süfrəsinə Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan və oruc tutan insanlar toplaşıb. Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun ən xoş arzularını çatdırıb.
Rusiya Müftilər Şurası sədrinin müavini, Moskva müftisi İldar Əlautdinov müqəddəs Ramazan ayının əhəmiyyəti və oruc tutmağın savabı barədə söhbət açaraq qeyd edib ki, Ramazan ayı bizə bir-birimizə hörmət etməyi öyrədir. O, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə “Ramazan çadırı” layihəsində iştirakına görə təşəkkürünü bildirərək vurğulayıb ki, Azərbaycan diasporu Rusiyanın bir sıra başqa milli diasporları üçün örnəkdir.
Tədbir iştirakçılarına “Baku Magazine TV” kanalı tərəfindən dünya şöhrətli fotoqraf Reza Deqqatinin iştirakı ilə çəkilmiş film-müsahibə nümayiş etdirilib. R.Deqqati “Baku” jurnalına verdiyi müsahibədə Azərbaycana səfərləri haqda, ölkəmizdə bütün dünya dinlərinin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşaması barədə söhbət açır. Filmin nümayişindən sonra müqəddəs Qurandan surələr və iftar duası oxunub. Müsəlmanlar oruclarını açaraq Azərbaycan milli təamlarını dadıblar. İftar süfrəsi oruc tutan 700 nəfər üçün açılıb.
Mərasimdə “Baku” qrupunun ifasında Azərbaycan musiqisi səslənib. İftara gələnlər çadırın qarşısında açılmış “Azərbaycan” sərgisi ilə də tanış olublar. Sərgidə Azərbaycan fotoqraflarının işləri - Bakının gözəl mənzərələrinin, ölkəmizin görməli yerlərinin və dini abidələrinin təsvirləri, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş çap məhsulları nümayiş etdirilib.
İftar süfrəsində
iştirak edən müxtəlif millətlərin
nümayəndələri dindarlara
göstərilən diqqətə və qədim dini ənənələrə hörmətə
görə Leyla xanım Əliyevaya təşəkkür
ediblər.
Mədəniyyət.- 2014.- 4 iyul.-
S. 4.