“Qız qalası” kitabı tarixi-memarlıq
irsimizin tədqiqinə töhfədir
İyulun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət
heyətində ölkəmizin Polşadakı səfiri, ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən
Həsənovun “Qız qalası” kitabının təqdimat mərasimi
keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kitabın əhəmiyyətindən söz açıb. Bildirilib ki, bu nəşr gələcəkdə tarixi-memarlıq irsimizlə bağlı yeni araşdırmalar zamanı önəmli mənbəyə çevriləcək. Kitabda İçərişəhərdə abidələrin bərpası və mühafizəsi istiqamətində həyata keçirilən layihələrlə yanaşı, elmi araşdırmaların aparılmasının zəruriliyi də önə çəkilib.
Müəllif Həsən Həsənov əsərinin əhatə etdiyi tədqiqatlar və əldə olunan nəticələr haqqında məlumat verib. Bildirib ki, kitabda Qız qalasının tarixi yeni bir baxışda araşdırılıb. İndiyədək tarixi mənbələrdə Qız qalasının əksər hallarda eramızın XII əsrinə aid edildiyini diqqətə çatdıran Həsən Həsənov qeyd edib ki, qala eramızdan əvvəl VIII əsrdə tikilib. Belə bir qənaətə gəlməyə arxeoloji cəhətdən əsaslar var.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə nəşr edilən yeni kitabın elmi redaktoru mərhum akademik Rasim Əfəndiyevdir.
Tədbirdə akademik Ramiz Məmmədov, AMEA-nın müxbir
üzvləri Nizami Cəfərov,
Ərtegin Salamzadə, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə
və başqaları çıxış edərək əsərin
vacib tarixi mənbə
olacağına əminliklərini ifadə ediblər.
Mədəniyyət.- 2014.- 4 iyul.-
S. 4.