Naxçıvanda Bakıxanovun 220 illik yubileyi qeyd olunub

 

İyulun 2-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, şair, tarixçi Abbasqulu ağa Bakıxanovun 220 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, rəsmilər, elm, mədəniyyət xadimləri, Bakıxanovlar nəslinin nümayəndəsi, bəstəkar Tofiq Bakıxanov və ailə üzvləri iştirak ediblər.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev mərasimdə çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 fevral tarixli sərəncamına əsasən Abbasqulu ağa Bakıxanovun yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. Bakıxanovun həyat yolundan danışan akademik onun çar Rusiyasının Tiflisdəki Əlahiddə Qafqaz Korpusunda hərbi qulluğu dövründə Şərq dilləri üzrə tərcüməçi təyin olunması və bu vəzifədə 25 il çalışmasından, bu illərdə tanınmış hərbi və siyasi xadimlər, Tiflisə gələn Avropa səyyahları və elm adamları ilə görüşlərindən bəhs edib. Vurğulanıb ki, çar Rusiyasının Azərbaycan türklərinin soykökünü, dilini, mədəniyyətini, tarixini saxtalaşdırmaq niyyətini yaxşı dərk edən Bakıxanov milli ruhda tarixi əsər yazmağı qərara alıb. Ölkə Prezidentinin sərəncamda da qeyd olunduğu kimi, Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi onun adı ilə sıx bağlıdır. Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaradıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev tədbirdə çıxış edərək Bakıxanovun ədəbi yaradıcılığından söz açıb. Bildirilib ki, onun bədii əsərləri içərisində mənzum hekayələri, qəsidə, qəzəl, qitə, rübai, məsnəvi formalarında yazılmış əsərləri, nəsihətləri, “Mişkatül-ənvar” adlı poeması, “Miratül-cəmal” adlı avtobioqrafik şeirləri var. Bakıxanov özündən əvvəl yaşamış klassik Azərbaycan şairlərinin, eləcə də Şərq şairlərinin yaradıcılığına dərindən bələd olmuş, onların yaradıcılığından bəhrələnib, klassik şeir formalarından məharətlə istifadə edib.

Tədbirin bədii hissəsində Bakıxanovun “Nəsihətlər”, “Təhzibi-əxlaq” və “Bəslər” əsərlərindən seçmələr bədii qiraət olunub, Naxçıvan Dövlət Filarmoniyası xalq çalğı alətləri orkestrinin müşayiəti ilə mütəfəkkir ədibin qəzəlləri üstündə muğamlar oxunub, görkəmli bəstəkar Tofiq Bakıxanovun ulu babasının sözlərinə bəstələdiyi mahnıları ifa olunub.

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 4.