Musiqili Teatrın kollektivi mərhum aktyorun məzarını ziyarət edib

 

Üç il əvvəl dünyasını dəyişən Əməkdar artist, Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Elçin Həmidovun xatirəsini sənət yoldaşları heç vaxt unutmurlar. Teatrın bir qrup əməkdaşı aktyorun doğum günündə onun məzarını ziyarət edib.

Mərasimdə truppa müdiri Vidadi Həsənov tamaşalarda Elçin Həmidovun yerinin hələ də göründüyünü qeyd edərək onunla bağlı xatirələrini dilə gətirib.

Əməkdar artist Nahidə Orucova mərhumla onu uzun illərin dostluq və yaradıcılıq tellərinin bağladığını vurğulayaraq ən çətin anlarında yanında olduğunu, qayğısını çəkdiyini söyləyib. Rejissor assistenti Elməddin Dadaşov da Elçin Həmidov haqqında düşüncələrini ifadə edərək bildirib ki, aktyorun xatirəsi onu tanıyan hər kəs üçün əzizdir.

Tanınmış aktyor Elçin Həmidov 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb. İstedadı və bacarığı sayəsində bir çox səhnə əsərlərində maraqlı obrazlar yaradıb. Nikolay Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa rolu aktyorun son səhnə obrazı olub. Elçin Həmidov 2011-ci il martın 4-də dünyasını dəyişib.

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 6.