Qədim şəhərdə ecazkar musiqi bayramı

 

 “İpək Yolu” V beynəlxalq musiqi festivalı zəngin proqramla davam edir

 

Xəbər verdiyimiz kimi, iyulun 1-də Şəki şəhərində “İpək Yolu” V beynəlxalq musiqi festivalına start verilib. Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə gerçəkləşən ənənəvi festival müxtəlif ölkələrdən sənətçiləri bir araya gətirib. Musiqi bayramında Azərbaycan, Türkiyə, Hindistan, Çin və Rusiyanın musiqi, rəqs qrupları iştirak edirlər.

 

Türk xalq musiqisinin unudulmaz gecəsi

 

Tədbirin ikinci günü, iyulun 2-də Şəkidəki “Yay teatrı”nda Türkiyədən gəlmiş xalq musiqisi sənətçilərinin - İstanbul Dövlət Modern Folk Müzik Topluluğunun konsert proqramı təqdim olundu. Çoxsaylı tamaşaçıların, xarici qonaqların izlədiyi musiqi gecəsi hər kəsə zəngin təəssürat bəxş etdi.

Qeyd edək ki, kollektiv 1993-cü ildə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb. Qrupun əsas məqsədi qədim türk musiqi ənənələrini, xalq mahnı və rəqslərini müasir tərzdə, zəngin səs çalarları və yeni aranjimanla dinləyicilərə çatdırmaq və təbliğ etməkdir. Kollektiv müxtəlif ölkələrdə uğurla çıxış edərək türk musiqi sənətini layiqincə təmsil edir. Repertuarında türk xalq mahnı və oyun havaları ilə yanaşı, klassik türk musiqisi və dünya xalqlarının tanınmış musiqi əsərləri də olan qrup indiyədək Almaniya, Fransa, İngiltərə, Tunis, Bosniya və Herseqovina və digər ölkələrdə keçirilən beynəlxalq musiqi festivallarında maraqlı konsert proqramları ilə çıxış edib.

Şəkidə təqdim olunan konsertdə də kollektivin proqrama Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Ay qız” mahnısı ilə başlaması tamaşaçılar arasında böyük coşğu yaratdı. Konsertdə türk pop və xalq sənəti musiqisi, həmçinin Azərbaycanın xalq və bəstəkar mahnılarının yüksək peşəkarlıqla təqdim olunması sürəkli alqışlarla qarşılandı.

Konsert başa çatdıqdan sonra Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan çıxış edərək ölkəsinin musiqi, rəqs və folklor kollektivlərinin Şəkidə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalına artıq üçüncü ildir dəvət aldıqlarını və bu musiqi bayramında böyük sevinclə iştirak etdiklərini bildirdi: “Bu yaxınlarda Masallıda keçirilən beynəlxalq folklor festivalında da iştirak etdik. Türkiyə səfirliyi olaraq Azərbaycanda keçirilən belə tədbirlərdə təmsil olunmağımız bizi sevindirir”.

Sonda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim olundu.

 

TÜRKSOY rəssamlarının sərgisi

 

İyulun 2-də günün ikinci yarısında “Yuxarı Karvansaray” mehmanxana kompleksində Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un Şəkidə keçirilən “Rəssamlar görüşü”nün sərgisi açıldı. Qeyd edək ki, TÜRKSOY qurulduğu gündən bəri türkdilli ölkələrin sənət adamlarını bir araya gətirmək, onlar arasında davamlı işbirliyinin əsasını qoymaqla bağlı uğurlu layihələrə imza atmaqdadır. Bu sıraya daxil olan önəmli layihələrindən biri də “TÜRKSOY rəssamlar görüşü”dür. Hər il türkdilli ölkələrin birində baş tutan tədbir bu il qədim Şəkidə keçirilir. 16 iyun - 5 iyul tarixlərini əhatə edən görüşün sərgisinin “İpək Yolu” musiqi festivalı çərçivəsində təşkili sənət və musiqi bayramını bir-birinə qovuşdurdu.

Sərginin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festival çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verdi. Bildirdi ki, rəssamların Şəkinin ən gözəl mənzərələrini canlandırmaları onları məmnun edir: “Festival çərçivəsində təşkil edilən bu sərgidə TÜRKSOY rəssamlarının Şəkidə olduqları müddətdə çəkdikləri əsərləri nümayiş etdirilir. Bu rəsmlərdə Şəkinin təbiət gözəllikləri, tarixi abidələri, sakinləri, sənətkarları, sadə insanları əks olunub”. Qeyd olundu ki, rəsm əsərlərinin bir qismi festivalda nümayiş etdirildikdən sonra Şəki Şəhər İcra Hakimiyyətinə hədiyyə olunacaq, digər qismi isə TÜRKSOY-un kolleksiyasını zənginləşdirəcək.

Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bu il 17-ci dəfə reallaşan “Rəssamlar görüşü” ilk dəfə Azərbaycanda - Şəki şəhərində keçirildiyini diqqətə çatdırdı: “Tarixi İpək Yolunun mərkəzlərindən olan Şəki şəhərində türk dünyasının 14 ölkəsini təmsil edən 17 rəssam bir araya gələrək iki həftə ərzində öz yaradıcılıqlarını davam etdiriblər. Bu sərginin bir özəlliyi də ondadır ki, onun açılışı çox əlamətdar bir vaxta - “İpək Yolu” V beynəlxalq musiqi festivalının keçirildiyi günlərə təsadüf edir”.

Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov “Rəssamlar görüşü”nün iştirakçılarına nazir Əbülfəs Qarayevin salamlarını çatdırdı. TÜRKSOY-un ənənəvi olaraq keçirilən bu layihəsinin əhəmiyyətini qeyd edən sektor müdiri sərgi iştirakçılarına yeni yaradıcılıq uğurları arzuladı.

Sonra tədbir iştirakçıları bir-birindən gözəl və rəngarəng rəsm əsərlərinin təqdim olunduğu sərgi ilə yaxından tanış oldular.

Bakıdan dəvət olunmuş rəqs qrupunun təqdim etdiyi türk xalqlarının rəqslərindən ibarət konsert proqramı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Sərgidə iştirak edən hər bir rəssama TÜRKSOY-un sertifikatları və şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.

 

Ecazkar hind musiqisi

 

Həmin gün axşam “Aşağı Karvansaray” kompleksində festivalın daha bir iştirakçısının - Hindistanın mahnı və rəqs qrupunun ifasında qədim musiqi nümunələri və rəqslərdən ibarət maraqlı konsert proqramı təqdim olundu.

Festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, TÜRKSOY-un təmsilçilərinin, Azərbaycanda akkreditə olunan xarici ölkələrin səfirliklərinin nümayəndələrinin, qonaqların və musiqisevərlərin iştirak etdiyi konsertin birinci hissəsində tamaşaçılar hind raqa ifaçısı Madhub Mudqalın rəhbərlik etdiyi ansamblın çıxışını seyr etdilər.

Qeyd edək ki, Azərbaycan və Hindistan ənənəvi musiqi mədəniyyətlərinin tarixi kökləri, onların ümumşərq musiqi mədəniyyəti məcrasında inkişafı Azərbaycan muğamı və hind raqasında bariz şəkildə özünü göstərir. Ansamblın tərkibinə vokalçılar və hind fleytası, tabla, sitar, tampur və fişqarmon alətlərinin ifaçıları daxildir. Konsertdə ilk dəfə olaraq çox nadir hallarda ifa edilən ənənəvi hind aləti - esrac səsləndirildi.

Konsertin ikinci hissəsində isə Hindistanın “Nrityarupa” rəqs qrupunun ifasında hind rəqsinin əlvan libaslı rəqs mozaikası - “Baxaratanatyam”, “Katxak”, “Odissi”, “Manipuri”, “Katxakali” və “Çxau” rəqsləri nümayiş olundu. “Bxaratanatyam” tarixi sənədlərdə yaşı 5 min ildən artıq olan teatr rəqsinin ən qədim növüdür. “Katxak” klassik hind rəqs üslublarından biridir. Bu rəqsin ilk ifaçıları məbəd rəvayətçiləri olublar. Onlar rəqs dili ilə qədim mifoloji süjetləri təsvir ediblər. “Odissi” hind rəqsinin səkkiz klassik üslubundan biridir. “Manipuri” klassik hind rəqslərindən biri olaraq Krişna və onun sevgilisinin şərəfinə ifa edilir. Bu zərif və nikbin rəqs Hindistanda çox sevilir. “Katxakali” XVII əsrdə yaranmış ənənəvi dramatik rəqs sənətidir. Rəqslərin süjetləri qədim hind eposlarından götürülüb. “Çxau” mənşəyini hərb sənətindən almış rəqs üslubudur.

Qrup üzvlərinin ifa etdikləri bir-birindən maraqlı rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Konsertin sonunda şəhər İcra Hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi təqdim edildi.

* * *

“İpək Yolu” V beynəlxalq musiqi festivalı rəngarəng konsert proqramları ilə davam edir. Musiqi bayramı iyulun 5-də başa çatacaq.

 

 

 Təəssüratlar, rəylər

 

“Yenidən “İpək Yolu”nun zəngin musiqi mühitini yaşayırıq”

 

“İpək Yolu” V beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə təəssüratlarını jurnalistlərlə bölüşdü. Bu il festivalımız beşillik yubileyini qeyd etdiyini deyən Firəngiz Əlizadə tədbirin ildən-ilə daha da populyarlıq qazandığını, proqramının zənginləşdiyini vurğuladı. “Biz yenidən Şəkidə “İpək Yolu” festivalının dinamik, parlaq hadisələrlə zəngin mühitini yaşayırıq. Ötən festivalda dahi Qara Qarayevin “Yeddi gözəl” baletinin açıq havada nümayişinin şəkililər və qonaqlar heyranlıqla qarşılanmasından ilhamlanaraq, biz bu dəfə festivalı yeni bir tamaşa - Azərbaycan musiqisinin şedevri olan Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet tamaşası ilə açdıq. Simfonik orkestrin ifası festivalın başlanğıcı və finalı arasında özünəməxsus körpü rolunu oynayır. İnanıram ki, festivalın son günündə Rusiyanın məşhur kollektivi - Sankt-Peterburqun “Ermitaj” simfonik orkestri klassik musiqi əsərlərinin parlaq ifası ilə dinləyicilərə zövq verəcək”.

“İpək Yolu”nun musiqi marşrutunun bu dəfə Hindistan və Çini də əhatə etdiyini deyən Firəngiz Əlizadə festivalın daha bir yeniliyinin Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşasının nümayişi ilə bağlı olduğunu vurğuladı. Bundan əlavə, Azərbaycanın Qədim Musiqi Alətləri Ansamblının ecazkar ifaları, “Eurovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının gənclik təravəti tədbirə rəng qatacaq.

 

“Şəki beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkandır”

 

“Şəkidə olmağımdan çox şadam. Bu şəhər barədə çox eşitmişdim. Ancaq ilk dəfədir ki, bu gözəl məkandayam. TÜRKSOY olaraq biz hər il keçirilən bu festivalda artıq üçüncü dəfədir iştirak edirik. Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır” - bu sözləri isə TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə müsahibəsində bildirdi.

Baş katib bu günlər Şəkidə olan türkdilli ölkələrin rəssamlarının Şəkinin qədim və zəngin tarixindən, bənzəri olmayan memarlıq abidələrindən, əsrarəngiz təbiətindən məmnunluqla söz açdıqlarını diqqətə çatdırdı. Çünki bütün bu gözəlliklər yaradıcı insanlara əlavə ilham verir, onların yaşamaq və yaratmaq həvəsini daha da artırır.

 

Mehmet Mutlu: Festivalda iştirakımızdan çox məmnunuq

 

Festivalda iştirak edən İstanbul Modern Folk Müzik Topluluğunun bədii rəhbəri Mehmet Mutlu təəssüratlarını media təmsilçilərinə çatdırdı: “Azərbaycana ilk dəfə gəlmişik. Ölkənizdə ilk konsertimizin Şəkidə, “İpək Yolu” beynəlxalq musiqi festivalında təqdim etməkdən çox məmnunuq. Şəki qədim şəhərdir, çox xoşumuza gəlir. Qonaqpərvərliyiniz də çox yüksəkdir. Biz onsuz da, Azərbaycanı öz vətənimizdən ayrı düşünmürük. Burada özümüzü çox rahat, Türkiyədəki kimi hiss edirik”.

Kollektivin hazırda 30 nəfər üzvü olduğunu, festivalda 4 solistlə iştirak etdiklərini deyən Mehmet Mutlu repertuarda məmnuniyyətlə Azərbaycan mahnılarına da yer ayırdıqlarını bildirdi.

 

“Hər zaman Azərbaycan mahnılarını həvəslə ifa edirik”

 

İstanbul kollektivinin solisti Cihan Okan da ürək sözlərini bizimlə bölüşdü: “Bu mənim Azərbaycana ilk səfərim deyil. Azərbaycan çox inkişaf edən bir ölkədir və artıq buraya bir neçə dəfə gəldiyimə görə bunu aydın şəkildə görə bilirəm. Şəki də bizim çox xoşumuza gəldi. Təbiəti gözəl, insanları isə çox istiqanlıdır. Burada olduğumuz günlərdə Şəkidən zövq aldıq və yenə də gəlmək istərdik”.

Musiqi qrupunun ifasında səslənən Azərbaycan mahnılarına gəlincə, Cihan bəy artıq 20 ildir ki, bu mahnıları öz repertuarlarına daxil etdiklərini dilə gətirdi: “Qrupumuz qurulduğu gündən bəri Azərbaycan mahnılarını da ifa edirik. Bu, Türkiyədə də geniş auditoriyanın dinlədiyi və çox sevdikləri mahnılardır. Ona görə də hələ uşaqlıq illərimizdən bu mahnılar bizə tanışdır. İfa etdiyimiz Azərbaycan mahnılarının sayı artıq 12-yə çatıb. Yaxın zamanlarda digər Azərbaycan mahnılarını da repertuarımıza daxil edəcəyik”.

Şəkidə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalının əhəmiyyətindən də danışan həmsöhbətim bu layihənin mədəniyyətlərin bir araya gətirilməsinə xidmət etdiyini bildirdi.

 

Mehparə Sultanova,

Şəki

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 8-9.