Ölkəmiz Türkmənistanda mədəniyyət həftəsində təmsil olunub

 

Xəbər verdiyimiz kimi, iyunun 23-29-da Türkmənistanın Daşoğuz vilayətində Türkmənistan mədəniyyət həftəsi keçirilib. Mədəniyyət həftəsi çərçivəsində təşkil olunan beynəlxalq incəsənət sərgisində Türkiyə, Çin, Avstriya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tunis, Keniya, Rusiyanın Tatarıstan Respublikasının nümayəndələri ölkələrindən gətirdikləri incəsənət nümunələrini nümayiş etdiriblər.

Azərbaycanı sərgidə ölkəmizin Aşqabaddakı səfirliyi təmsil edib.

Azərbaycan guşəsi sərgi iştirakçılarının böyük marağına səbəb olub. Mədəniyyət həftəsinin bağlanış mərasimində Türkmənistanın mədəniyyət naziri sərginin təşkilinə görə səfirliyə fəxri diplom təqdim edib.

Tədbir çərçivəsində təşkil olunan və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun da izlədiyi konsertdə isə digər iştirakçı ölkələrin musiqiçiləri ilə yanaşı, Azərbaycanın Xalq artisti A.Zeynalov, Əməkdar artist Q.Əliyeva və müğənni N.Həbibova çıxış ediblər. Azərbaycan mahnıları iştirakçıların sürəkli alqışları ilə qarşılanıb.

Mədəniyyət həftəsi çərçivəsində, həmçinin türkmən şairi Məhdumqulu Fəraqinin əsərlərinin Azərbaycan dilində yeni nəşrlərinin təqdimatı olub. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, Türkmənistan universitetlərinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Azərbaycan-Türkmənistan əlaqələrinin, xalqlarımız arasında dostluq münasibətlərinin inkişafından söz açıblar.

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 9.