Qəbələdə beynəlxalq uşaq muğam festivalının seçim turu

 

Kainat” Gənclik Mərkəzi ənənəvi olaraq bu il də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə beynəlxalq uşaq muğam festivalı keçirəcək. Altıncı dəfə təşkil olunacaq beynəlxalq festivalda Azərbaycan təmsilçilərinin seçimi üzrə zona turlarına start verilib.

İyulun 2-də Qəbələ Mədəniyyət Mərkəzində keçirilən şimal-qərb zonası üzrə seçim turunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından uşaq və yeniyetmələr bacarıqlarını nümayiş etdiriblər.

Tədbirdə çıxış edən “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə layihə barədə danışıb. Layihənin əsas məqsədi gənc istedadların üzə çıxarılması, milli-mənəvi sərvətimiz olan muğamın inkişaf etdirilməsindən ibarət olduğu vurğulanıb.

Zona seçim turunun sonunda münsiflər heyətinin sədri, Xalq artisti Ağasəlim Abdullayev nəticələri elan edib. Qəbələ rayonundan Rəsul MahmudovQax rayonundan Mövlud Muxtarzadə oktyabrda Bakı şəhərində keçiriləcək VI beynəlxalq uşaq muğam festivalının final mərhələsinə vəsiqə qazanıblar.

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 11.